Xilaskar Ordunun Zəfər Yürüşü

Xilaskar Ordunun Zəfər Yürüşü

1918-ci ildə bütün Azərbaycanda tüğyan edən qırğından sonra, xüsusilə Bakı şəhəri qismən azərbaycanlılardan təmizlənmişdi. Bu boşluğu I.Dünya müharibəsinin cəbhələrindən birbaşa Bakıya gəlmiş silahlı ermənilər tutmuşdu. Mart qırğınları zamanı azərbaycanlıların qanına boyanmış şəhərdə "Daşnaksütyun"un 4 mindən artıq, Bakı Sovetinin 5 minə yaxın silahlı qoşunu vardı. Bütün bu qüvvənin silahı yerli əhaliyə qarşı çevrilərək silahsız azərbaycanlılara və İrandan bura çörək pulu arxasınca gələnlərə qarşı yönəlmişdi.

Bakını düşməndən azad etmək gənc milli qüvvələrin qarşısında dayanan əsas vəzifə idi. Bolşeviklərin məqsədi Bakını Azərbaycandan ayıraraq Rusiyanın tərkibinə qatmaq idisə, daşnakların da məqsədi Bakını ələ keçirərək erməniləşdirmək idi. Nəsib bəy Yusifbəyli mövcud qüvvələrlə yalnız Azərbaycanı deyil, bütün Zaqafqaziyanı işğal edən dəhşətli anarxiyanı qaydaya salmağın mümkün olmadığını, xarici qüvvənin, xüsusilə də Azərbaycana dost və qardaş olan Türkiyənin müdaxiləsindən savayı bir yol qalmadığını bildirdi. Hələ fevral ayında Türkiyənin hərbiyyə naziri Ənvər Paşa bu zərurəti hiss edərək Qafqaz İslam Ordusu yaradılması təklifini irəli sürmüşdü. Özü çox ağır vəziyyətdə olan Türkiyə Azərbaycana yardım əlini uzatmaqda riskə gedərək beynəlxalq qüvvələrlə üz-üzə dayanmalı oldu. Hərbi qüvvənin rəhbərliyi Nuru Paşaya tapşırılmışdı. Aprel ayının birinci öngünlüyündə Təbrizdən keçərək Zəngəzur yolu ilə gələn Nuru Paşanın rəhbərliyi altında 30 nəfərlik hərbi heyət mayın 25-də Gəncəyə çatdı.

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Müsəlman ordusunun komandiri, general Əliağa Şıxlinski dərhal Hərbi Nazirliyin təşkil olunması barədə təklif-layihə hazırlayaraq yeni hökumətə təqdim etdi. Lakin bu təklif həyata keçirilməmiş qaldı. Azərbaycanla Türkiyə arasında imzalanan müqaviləyə əsasən, Nuru Paşa Azərbaycan ordusunun təşkilinə rəhbərliyi üzərinə götürdü. Nəhayət, xilaskar ordu Azərbaycana gələrək Milli Ordunun təşkilində iştirak etməyə başladı. Bu zaman S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti Gəncədə toplaşmış qüvvələrimizi məhv etmək, bununla da Azərbaycanın işğalını tam başa çatdırmaq istəyirdi. Gəncə bu dövrdə azərbaycanlıların yeganə ümid yeri, dayağı idi. Əli silah tutan könüllülər Gəncəyə axışır, Müsəlman Korpusuna yazılırdılar. Lakin vaxt az idi. Hərbi xidmət görməyən, daha çox fərdi müdafiəyə öyrəşmiş adamlardan qısa müddətdə nizami ordu təşkil etmək, onları ordunun qayda-qanununa tabe etdirmək, nəhayət yeməyini, geyimini ödəmək çətin məsələ idi. Hələ Milli Ordu təkmilləşməyə macal tapmamış bolşevik qüvvələri Gəncə şəhəri üzərinə hücuma başladılar. Artıq sayı 18 minə çatdırılmış Qırmızı Ordunun 70 faizə qədərini ermənilər təşkil edirdilər. Sığırlı, Kürdəmir mövqeləri tezliklə Qırmızı Ordu tərəfindən işğal olundu. Korqanovun rəhbərlik etdiyi qüvvələr Qaraməryəm kəndi ərazisində mövqe tutdular. Türk xalqlarının amansız cəlladı Amazaspın komandirlik etdiyi bolşevik-erməni qüvvələri ilə Müsəlman Korpusu arasında döyüş iyunun 16-da oldu. Cəmi 2 min nəfərdən ibarət olan milli qüvvələr yenə geri çəkilmək məcburiyyətində qaldılar. Yalnız iyunun 17-də mövqeyə çata bilən türk qoşunları ertəsi gün hücuma keçdilər. Azərbaycan-türk qoşunlarının 10-cu Qafqaz alayı ilk döyüşdə 200-dən artıq əsgərini itirdi. Bu itkidən sarsılan Nuru Paşa və Əliağa Şıxlinski dərhal Göyçaya gəldilər.

İyunun 29-da Azərbaycan Milli Hökuməti Tiflisdən Gəncəyə köçdü. Bununla da yerli vəziyyəti yaxından izləmək və yerindəcə araşdırıb tədbir görmək imkanı yarandı. Müvəqqəti sakitlikdən və tək-tək qarşıdurmalardan sonra həmin gün qızışan döyüşlərdə türklərin qazandığı uğur yenə Qırmızı Ordunun geri çəkilməsi ilə, Qaraməryəmin bir hissəsinin Qafqaz İslam ordusunun əlinə keçməsi ilə nəticələndi. İyunun 30-da isə erməni Əmirovun rəhbərlik etdiyi Qırmızı Ordu hissələri qəfildən hücum edərək Göyçayı ələ keçirdilər. Lakin dərhal görülən tədbirlər nəticəsində bu hücumun da qarşısı alındı və düşmən Ağsuya tərəf geri atıldı. Vəziyyəti nəzərə alaraq Türkiyədən əlavə qüvvələr göndərilməsi Qafqaz İslam ordusunu gücləndirdi. Bu müddətdə general Biçeraxov da öz qoşunu ilə Qırmızı Ordu ilə birləşmişdi. Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələrdən biri isə Bakıya giriş üçün Şamaxını azad etmək idi. İyulun 2-də Göyçayı, Beydərkənd və Əmirvan, Çanaqbulaq kəndlərini, 10-da Kürdəmirin şərq hissəsini daşnak-bolşevik qüvvələrindən təmizlədilər. İyulun 13-də qoşun Ağsuya daxil oldu. Şaumyan Qırmızı Ordunun mövqelərini itirdiyini Leninə bildirəndə o, dərhal Xəzər dənizində hərbi gəmilərin artırılmasını əmr etdi. İyunun 15-də Salyan ətrafında qüvvələr arasında qızğın döyüşlər başlandı. Erməni Ter Akimovun rəhbərlik etdiyi 50 süvari, 400 piyada 12 pulemyot, 2 top və 2 gəmidən ibarət olan qüvvəyə qarşı türk Ramazan bəyin komandanlıq etdiyi cəmi 35-40 nəfərlik kiçik bir bölmə dayanmışdı. Döyüş zamanı yerlilərdən ibarət könüllülər dəstəsi də türklərə qoşuldu. 3 gün davam edən döyüşlərdən sonra erməni qüvvələri Salyandan geri çəkildilər. Kür çayı ətrafı düşməndən azad edilməklə türk-Azərbaycan qoşunlarının geniş mövqe tutmasına imkan yarandı. İyulun 19-dan isə güclü yağışlar altında Qafqaz İslam Ordusu artıq Şamaxı istiqamətində geri çəkilən bolşevik qüvvələrini qovurdu. Mart-aprel aylarında bu şəhər ermənilər tərəfindən ələ keçirilərək yandırılmış, talan edilmiş, azərbaycanlı əhalisi kütləvi surətdə qətlə yetirilmiş və canını qurtaranlar isə dağlara, qonşu rayonlara sığınmışdılar. Hələ günahsız insanların qanı qurumamış şəhərdə erməni-bolşevik quldurları at oynadırdılar. İyulun 21-dən yaşadığı dəhşətlərdən xarabalığa çevrilmiş Şamaxı hissə-hissə azad edilməyə başlandı.

Osmanlı ordusu Şərq cəbhəsi komandanı Mürsəl Paşanın adından Erməni Milli Şurasına rus və türk dillərində müraciət göndərdi. Müraciətdə deyilirdi: “Cənab Bakıdakı Erməni Milli Şurasının sədri! Şübhəsiz, Sizə aydındır ki, Bakı şəhəri ətrafında türk qoşunu döyüşür. Əgər siz şəhəri döyüşsüz təslim etməyə razı olsanız, milliyyətindən və məzhəbindən asılı olmayaraq hamının hüquqlarının qorunmasına zəmanət veriləcəkdir. Xüsusilə, siz ermənilərə onda icazə və zəmanət veriləcəkdir ki, arzuladığınız halda maneəsiz Bakıdan Ermənistana gedə biləsiniz. Əgər şəhər təslim edilməsə, o, onsuz da alınacaqdır və həmin vaxt axıdılan qanların və yetirilən ziyanların məsuliyyəti sizin üzərinizdə qalacaqdır. Şəhəri təslim etməyə hazırsınızsa, onda xahiş edirəm ki, dərhal nümayəndəniz vasitəsi ilə cavab göndərin." Erməni Milli Şurası və “Daşnaksütyun" partiyası məktuba cavab verməməklə Bakı iştahından əl çəkmədiklərini bildirdilər.

4 avqust 1918-ci il tarixdə Bakı Soveti tərəfindən dəvət edilmiş ilk ingilis qüvvələri Bakıya daxil oldular. Avqustun 5-də Bakı üzərinə başlanan hücum nəticəsində "Sentrokaspi" qüvvələri geri çəkildilər. Bayıl, Bibiheybət, Qurd qapısı istiqamətində sürətli yürüş başlandı. Azərbaycanı qana boyayan qatı daşnak Şaumyan üç dəfə qaçmaq istəsə də, hər dəfə tutularaq geri qaytarıldı.

Türk-Azərbaycan qüvvələrinə qarşı isə bu dəfə ingilis qoşunları dayanmışdı. Palçıq vulkanı ətrafında gedən döyüşdə ingilis qoşununa kapitan Sparrau rəhbərlik edirdi. Avqustun 26-da qüvvələr arasında ağır döyüş getdi. Binəqədi yüksəkliklərinin türk-Azərbaycan qoşunlarının əlinə keçməsi ilə ingilislərə güclü zərbə endirildi və onlar geri çəkilməli oldular. Sentyabrın əvvəllərində artıq üstünlük Qafqaz İslam Ordusunda idi. Bakı üzərinə həlledici hücuma general Mürsəl Paşanın rəhbərliyi altında olan 5-ci Qafqaz diviziyası keçməli idi. Xüsusi Azərbaycan Korpusunun tatar və ləzgi süvari alayları, 3-cü eskadronun 1-ci taqımı, Cənub qrupunda pokovnik Cəmil Cahid bəy, Zeyni bəyin və Tofiq bəyin rəhbərliyi altındakı iki dəstə və digərləri döyüşə hazırlaşırdılar. Qafqaz diviziyalarının Bakı üzərinə hücumu sentyabrın 15-də səhər saat 5.30-da başlanır. Hücumda 8 min türk, 6 min azərbaycanlı iştirak edirdi. Bakını qoruyan rus, erməni və ingilis 18 minə yaxın idi. Döyüşlər nəticəsində ingilis qüvvələri artıq Ənzəliyə çəkilmişdilər. Saat 15.00-da QİO-nun 38-ci alayı Qaraşəhərə daxil oldu və bununla da Bakının daşnak-bolşevik və ingilis qüvvələrindən təmizlənilməsi başlandı.

Sentyabrın 16-da Bakı şəhər ətrafında 5-ci Qafqaz diviziyasının və 15-ci piyada diviziyasının rəsmi keçidi oldu. Xəlil Paşa çıxışında türk döyüşçülərinə öz minnətdarlığını bildirdi. Şəhərdən çəkilən daşnaklar evləri yandırır, qarşılarına çıxan azərbaycanlıları öldürür, qisas almağa çalışırdılar.Türk komandanlığının sərt tədbirləri nəticəsində talançılıqla, oğurluqla məşğul olan, günahsız adamları öldürən 100-dən artıq cinayətkar güllələndi, dar ağacından asıldı. Tezliklə Bakıda asayiş bərpa olundu və qanlı faciənin sarsıntısından ayılan Bakıda həyat yavaş-yavaş dirçəlməyə, erməni və bolşeviklərin əlindən canını qurtarıb qaçmış adamlar öz evlərinə dönməyə başladılar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz