İnfaq - Allah Yolunda Xərcləmək
Xəsisliyi və israfçılığı qadağan edən və hər zaman orta yolu tutmağı əmr edən İslam dini “ictimai” bir din olduğu üçün cəmiyyəti təşkil edən fərdlərin bir-birlərinə yardım etməsinə çox əhəmiyyət vermişdir.
Buna görə də “Allah yolunda xərcləmək” mənasına gələn “infaqı” ən fəzilətli ibadətlərdən biri kimi qəbul etmişdir. İsra surəsinin 29-cu ayəsi olan: -
Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et! Yoxsa həm qınanarsan, həm də peşman olarsan”
- ayəsində, xəsislik pisləndiyi kimi israfçılıq da pislənmişdir. Furqan surəsinin 67-ci ayəsində də: -
“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta yol tutarlar”
- buyurularaq infaqın xəsisliklə israf arasındakı “orta yol” olduğu bildirilmişdir.
Xərcləmək, sərf etmək, azalmaq, yox olmaq kimi mənalara gələn infaq, termin olaraq möhtac olan insanların ehtiyaclarını qarşılamaq deməkdir. Bir fərdin ailə üzvlərinə, əqrəbalarına və yoxsullara heç bir maddi qarşılıq gözləmədən maddi yardım etməsi infaq sayıldığı kimi, onlara iş imkanları hazırlaması da infaq sayılır.
Bu gün bəşəriyyət böyük uçurumla qarşı-qarşıyadır. Tarixə nəzər salsaq görərik ki, insanlar arasında heç bir zaman bu qədər böyük uçurum olmamışdır. Bir tərəfdə milyonlarla insan aclıqla savaşarkən, digər tərəfdə insanlar “toxluqla” savaşırlar. İslam dininə görə bir şəxsin sahib olduğu mal-dövlət onun deyil, Allahındır. Bu mal-dövlət ona əmanət olaraq verilmişdir. Ona görə də o, ona verilən bu əmanəti Allahın əmr etdiyi yerlərə də sərf etməlidir. Müsəlmanlar Allahın lütfünü qazana bilmək üçün sahib olduqları və sevdikləri varlıqlarını Allah yolunda “infaq” etməlidirlər. Bu varlıqlar mal və pul olduğu kimi, vəzifə, ünvan, elm və bədən gücü kimi hər cür maddi və mənəvi imkanlar da ola bilər.
Allah-Təala İbrahim surəsinin 31-ci ayəsində “İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər” buyuraraq bizi vaxt itirmədən Onun yolunda xərcləməyə çağırır. Rəsulullahın (s.ə.s.) “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” hədisi də infaqın önəmini açıq şəkildə bildirməkdədir.
Bir cəmiyyətdə sosial fərqlərin varlığı təbiidir. Allah-Təala bu haqda Quranda belə buyurur: -
“...Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq...”
(Zuxruf 43/32). Yəni insanlar bir-birlərindən faydalansınlar, əgər hər kəs eyni dərəcədə olsaydı o zaman dünyanın nizamı pozulardı. Kainatı meydana gətirən ünsürlər fərqli olduğu kimi bu kainatın bir parçası olan insanların da fərqli-fərqli olmasından təbii nə ola bilər? İnsanların güc və qabiliyyətləri fərqli olduğu kimi mal-dövlət baxımından da fərqli olmaları təbiidir.
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi bu fərqliliyin əsas səbəbi insanların bir-birlərindən faydalanmalarıdır.
“O Allah ki, yer üzündəki hər şeyi sizin üçün yaratdı....”
(Bəqərə 2/29) ayəsini “yer üzündə yaradılan şeylər hamınız üçündür, sadəcə bir qisminiz üçün deyildir” şəklində də anlamaq olar. İslam bu şəkildə sosial təbəqələr arasındakı fərqi azaltmaq istəyir. İnfaqın məqsədi də məhz sosial təbəqələr arasındakı uçurumu azaltmaq və mümkün qədər kasıbları zənginlərin səviyyəsinə qaldırmaqdır. Çünki bir cəmiyyətin inkişafı onun orta təbəqəsinə görə ölçülür. Orta təbəqə nə qədər çoxdursa, o cəmiyyət bir o qədər inkişaf etmişdir. İnfaqın da əsas hədəfi bu orta təbəqənin meydana çıxması və inkişafıdır. Peyğəmbərimizin (s.ə.s.) bu hədisi infaqın önəmini açıqlaması baxımından çox mükəmməldir: “Allahın qoyduğu sərhədləri keçməyənlə onu keçənlər, püşk vasitəsi ilə bir qismi alta (anbara), bir qismi də üstə (göyərtəyə) düşən gəmi yolçularına bənzər. Gəminin altındakılar susayıb su içmək istədikləri vaxt üstə çıxıb su alırlar. (Bunlar öz aralarında) yuxarıdakılara əziyyət verməmək üçün biz özümüzə aid olan yerdə (anbarda) bir deşik açaq- dedilər. Onlardan biri bir balta götürərək gəminin altını deşməyə başladı. Yuxarıdakılar tez gələrək:
-Sən nə edirsən?- dediler. O da :
-Siz bizə görə narahat olursunuz, biz sizə əziyyət veririk. Ancaq bizə mütləq su lazımdır!-dedi.
Əgər (yuxarıdakılar) onların əlindən tutub yardım etsəydilər, həm özləri qurtular, həm də onları qurtarardılar. Əgər olduğu kimi öz başlarına tərk etsəydilər, o zaman həm özlərini, həm də onları həlak edərdilər”. (Buxari, Səhih, Şirkət, III/182, Şəhadət, III/237; Tirmizi, Sünən, Fitən, IV/470;2173).
Bu o demək deyildir ki, İslam dini insanları daim bu cür yardım müəssisələri vasitəsi ilə ayaqda tutmaq istəyir. İslam dini kasıblığa qarşıdır. Kasıblığın mümkün olduqca azaldılması tərəfdarıdır. Hətta alimlərimiz kasıblığı küfrdən sonra ən böyük təhlükə hesab etmişlər. Buna görə də dinimiz çalışmağı əmr etmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s.) bizə belə deyir: “Sizdən birinizin belində odun gətirib onu satması və Allahın onunla onun üzünü örtməsi (ehtiyaclarını qarşılayıb minnətdən qurtulması) insanlardan istəməsindən daha xeyirlidir. Onlar ya verirlər, ya da verməzlər. (Buxari Zəkat, 27)”. Lakin kasıblığın tamamilə ortadan qaldırılması da qeyri-mümkündür. Buna görə də insanlıq Quranın bu vaz keçilməz “yardımlaşma anlayışına” hər zaman möhtacdır.
İnfaqın əhəmiyyəti haqqında danışdıqdan sonra, indi də onun məqbul olmasının şərtlərindən bəhs edək. Bu şərtlər aşağıdakılardır:
1) İnfaq olaraq verilən mal Allah rizası üçün verilməlidir. Allah-Təala Onun rizasını qazanmaq üçün mallarını infaq edənləri belə tərif edir:
”Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir” (Bəqərə 2/265).
Allah rizası olmadan verilən infaq məqbul deyildir.
2) İnfaq edilən mal halal yolla qazanılmalıdır:
“Ey iman edənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeye ehtiyacı yoxdur. (O, hər cür) şükürə (tərifə) layiqdir!” (Bəqərə 2/267)
3) Malın ən dəyərlisi infaq olaraq verilməlidir. Əgər sırf əldən çıxsın deyə mal infaq edilmişsə, bunun Allah qatında dəyəri yoxdur. İnfaq edilən mal nə qədər qiymətlidirsə, infaq edənin səvabı da bir o qədər böyük olar və Allah qatında yüksək dərəcə əldə edər:
“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir!” (Ali-İmran 3/92).
4) İnfaq edən şəxs sahib olduğu malda cəmiyyətin, xüsusilə də kasıbların haqqının olduğu şüuru ilə hərəkət edərək etdiyi yaxşılığı başa vurmamalı və malı könüllü olaraq verməlidir.
ŞƏRHLƏR