Xatirələrdə Yaşayan Xeyirxah İnsan / "İRFAN"

Xatirələrdə Yaşayan Xeyirxah İnsan / "İRFAN"

Həyat insana bir dəfə verilir. O həyatı elə yaşamalısan ki, öləndən sonra bir iz qoyasan. Belə deyib dahilər. Ona görə belə deyiblər ki, bu fani dünyadan köç edəndə desinlər: 

"Allah qəni-qəni rəhmət eləsin! Yaxşı insan idi".

Belə insanlardan biri də adı xalqımızın tarixinə həkk olmuş görkəmli sənayeçi və el ağsaqqalı Hacı Zeynalabdin Tağıyev olmuşdur. O, 1823-cü ildə İçərişəhərdə başmaqçı ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə çox kiçik yaşlarından başlayan və daş yonmaqla gündə qazandığı 6 qəpiyi ailəsinin ehtiyaclarına sərf edən Zeynalabdin 12 yaşından ağır əməyin acısını dadmalı olub. 3 ildən sonra isə o, bənnalığı öyrənib. Bir qədər sərmayə topladıqdan sonra ticarətlə məşğul olmağa başlayıb. O, savadsız idi. İmzasını yazmağı güclə öyrənmişdi. Müasirlərinin dediyinə görə "T" və "Z" hərflərini yazıb 9 dənə xətt çəkirmiş. Lakin onun rus, türk, ərəb, fars, fransız dillərində çıxan qəzetlərin materiallarını tərcümə edən mirzələri var idi. Onlar hər gün yaxın - uzaq ölkələrdə, həmçinin Hindistanda və Misirdə nəşr edilən qəzetləri Hacı üçün oxuyardılar.

Geniş dünyagörüşü, hər şeyə təmas etmək bacarığı və Tanrı tərəfindən verilən istedadı sayəsində H.Z.Tağıyev nəinki ölkəmizdə, bütün Rusiyada, hətta onun sərhədlərindən çox-çox uzaqlarda tanınırdı və hamı onu böyük hörmətlə "Hacı" deyə çağırırdı. O, ağ neft istehsalı ilə məşhur olan ilk azərbaycanlılardan biri olub. Bakının müxtəlif yerlərində çoxlu torpaq sahələri, üç zavodu, məhsulları daşımaq üçün iki yelkənli gəmi, Nijni Novqorod və Moskvada anbarlar Tağıyev firmasına mənsub idi. Hacı özünün mayedaşıyan donanmasını yaratmışdı. O, başqa neft milyonçuları kimi özü üçün yaşamırdı, öz kapitalını xeyirxah işlərə sərf edirdi. O, öz vəsaiti ilə şəhərdə rels üzərində hərəkət edən at qoşqulu nəqliyyat vasitəsi - konka yaratmışdı. 1890-cı ildə Bibiheybətdə tibb məntəqəsi açdırmışdı. Bakı şəhərində ilk teatr binasının tikilməsi onun adı ilə bağlıdır. İndiki musiqili komediya teatrının tikilib başa çatdırılması da onun adı ilə bağlıdır.

Bütün xeyirxah əməllərinə görə H.Z.Tağıyevin nəsli 1900-cü ildə fəxri vətəndaş, 1910-cu ildə isə zadəgan rütbəsinə layiq görülmüşdü. Onun ən böyük işlərindən biri də 1901-ci il oktyabr ayının 7-də Bakıda qızlar məktəbini açmasıdır. Məktəb Hacının verdiyi 125 min manat kapitaldan gələn faiz hesabına saxlanılmalı idi. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım məktəbin ilk direktoru idi. "Kaspi" qəzeti yazırdı ki, "müsəlman qızlar üçün məktəbin açılması, bizim diyarda, hətta imperiyada birincidir".

Hacı 1888-ci ildə Bakıda fəaliyyət göstərən sənət məktəbində öz hesabına azərbaycanlı uşaqlar üçün sinif və kimya laboratoriyası açdırdı. Bu laboratoriya "Həqiqi mülki müşavir Tağıyevin kimya laboratoriyası" adlanırdı. O, ali təhsilli texniki kadrlar hazırlamaqdan ötrü öz vəsaiti hesabına azərbaycanlı cavanları Rusiyanın və xarici ölkələrin bir sıra şəhərlərinə göndərirdi. Bu gənclər sırasında Məşədi Əzizbəyov, Səməd bəy Mehmandarov və başqaları var idi.

1895-ci ildə Hacı Mərdəkanda bağçılıq məktəbi açmışdı. Bu internat məktəbə yoxsul kəndli uşaqlar, oğlanlar qəbul edilirdi. O, Bakı müsəlmanları arasında savad yayan xeyriyyə cəmiyyəti "Nəşri maarif" yaratmışdı. Hacı Bakının kəndlərində Şağan, Hövsan, Pirşağı, Bülbülə, Suraxanı, Türkan, həmçinin Balaxanı qız məktəblərində siniflər açdırmışdı. "Kaspi" qəzetinin yazdığına görə, Hacı Zeynalabdin 1910-cu ildə kommersiya məktəbi üçün bina tikdirmiş və həmin məktəbin fəxri himayəçisi olmuşdu. O, mətbuatın inkişafı üçün də xeyli iş görmüşdü. Hacının vəsaiti ilə 1905-ci il iyulun 7-dən Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə "Həyat" qəzeti, 1906-cı il noyabrın 1-dən Ə. Hüseynzadənin redaktorluğu ilə "Fyuzat" jurnalı çap edilirdi. Fəaliyyət göstərdiyi 14 ay ərzində cəmi 38 nömrəsi çıxmasına baxmayaraq Azərbaycan oxucusu ilk dəfə Lev Tolstoyun yaradıcılığı, D.İ.Mendeleyevin cədvəli ilə "Fyuzat"ın səhifələrində tanış ola bilmişdi. XX əsrin əvvəllərində ölkənin tarixində elə bir hadisə olmamışdı ki, H.Z.Tağıyev ora nüfuz etməsin.

1902-ci ildə Şamaxı şəhərində baş verən və böyük dağıntıya səbəb olan güclü zəlzələdən xəbər tutan kimi Hacı yardım üçün komitə yaradır və birinci ora vəsait köçürür. O, əsl xeyriyyəçi idi, belə ki, 1896-cı ildə H.Z.Tağıyev zavod və mədənlərinin bir hissəsini 5 milyon zərərinə satıb, pambıq parça istehsal edən fabrik tikmək qərarına gəldi. O, düşünürdü ki, zavod və mədənlərdə yüz nəfər adam çalışırsa, fabrikdə minlərlə adam işləyə bilər və ailələrinə qazanc aparar. 1910-cu ildə toxuculuq fabrikinin yanında Hacı Zeynalabdinin un dəyirmanı işə düşdü. Onun Azərbaycanın balıq sənayesində də xidmətləri böyükdür. Hacının 30 balıq vətəgəsi, çəllək zavodu və vətəgələrə xidmət edən donanması var idi. O, balıq məhsullarını saxlamaq üçün Dağıstan vilayətinin Petrovsk şəhərində soyuducu zavod tikdirmişdi.

H.Z.Tağıyevin xeyirxah əməllərindən biri də Bakı-Şollar su kəmərinin çəkilişidir. Bu nəcib insanın səyi nəticəsində Şahdağın ətəyindən şəhərə bulaq suyu gətirilmişdi. O, öz vəsaiti hesabına Axund Məmməd Kərim ağaya Quranı Azərbaycan dilinə tərcümə etdirmişdi. "Təzə həyat" qəzetinin 10 aprel 1907-ci il tarixli 8-ci nömrəsində Haşımbəy Vəzirov Hacının fəaliyyəti barədə belə yazırdı: "Hacı Zeynalabdin Tağıyevin öz xalqı üçün etdiyi xidmətləri saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik"

Şərqin ilk mesenatının doğma torpağa bağlılığını bir fakt sübut edir ki, başqa neft milyonçuları kimi inqilab zamanı vətəni tərk etmədi, ömrünün axırınadək Mərdəkandakı bağında yaşadı. Uzun və şərəfli ömür yolu keçən Tağıyev 101 yaşında vəfat etmiş və vəsiyyətinə görə Bakıda ən tanınmış din xadimlərindən olan Axund Hacı Əbu Turabın Mərdəkandakı məqbərəsinin önündə dəfn edilmişdir.

Bu gün cəmiyyətimizin qlobal problemlərindən biri də cəmiyyətdə kifayət qədər imkanlı insanların olmasına baxmayaraq, H.Z. Tağıyev kimi xeyriyyəçilik əməllərini davam etdirənlərin barmaqla sayılacaq dərəcədə az olmasıdır. Bu da yəqin mənəvi dəyərlərimizə biganəliyimiz ilə izah olunmalıdır. Şükürlər olsun ki, bu gün belə tarixi və dini ənənələrimizi yaşadan insanlar və təşkilatlar da vardır. Axı bu ömürdən nə qalır fani dünyada?! Yalnız xatirələrdə yaşamaq- Hacı Zeynalabdin Tağıyev kimi.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz