XALQIMIZIN ÜRƏYİNƏ SANCILAN SÜNGÜ – XOCALI

XALQIMIZIN ÜRƏYİNƏ SANCILAN SÜNGÜ – XOCALI

Tarix cəmiyyətə, millətlərə, dövrlərə təsir göstərən hərəkətlərdən yaranan, hadisələri zaman və məkan daxilində izah edir, bu hadisələr arasındakı əlaqələri, daha əvvəlki və sonrakı hadisələrlə əlaqələrini, qarşılıqlı təsirləri, hər millətin qurduğu mədəniyyətləri, onların daxili problemlərini təhlil edir.

Azərbaycan xalqı çoxəsrlik tarixində, öz həyat yolunda böyük qələbələr çalmış, yüksək zirvələrə qalxmış, dünya mədəniyyətini zənginləşdirmişdir. Azərbaycan xalqı çoxəsrlik tarixində böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir.

Həmin faciələrdən biri də erməni qəsbkarlarının, işğalçılarının xalqımıza qarşı iki əsrdən artıq davam edən təcavüzüdür və bu təcavüz nəticəsində torpaqlarımızın parçalanması, bir qisminin əldən getməsi, vətəndaşlarımızın həlak olması, qan tökülməsidir.

24 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və tammiqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə on minlərlə insan həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu.

Xocalı faciəsi iki yüz ildən çox müddətdə qəsbkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.

Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizi göynədir.

Gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut etdi. Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə qara ləkə olaraq daxil olub.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən torpaqlarımızı işğal etsə də, məqsədinə çata bilmədi. Çünki xalq olaraq başımıza nə qədər müsibətlər gəlsə də, biz öz inamımızı itirmərik, məsləkimizdən, tutduğumuz yoldan çəkinmərik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyi yoludur, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara nə qədər sadiq olsaq, torpaqlarımızın itirilmə səbəblərini bir o qədər dərk edəcək, bir-birimizə əl tutacaq, kömək edəcəyik, erməni qəsbkarlarının işğalçılıq siyasətinə son qoyacağıq. Torpaqlarımızı da tezliklə azad edəcəyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz