Azərbaycan şifahi xalq ədəbiyyatında DİNİ MOTİVLƏR

Azərbaycan şifahi xalq ədəbiyyatında DİNİ MOTİVLƏR

“Rəsul əleyhissalam zamanında Boyat boyundan Qorqud ata deyərlər, bir ər qopdu...”

Bu kiçik yazını ilk dəfə təxminən 1300 il bundan əvvəl qələmə alınmış Azərbaycan milli mədəniyyətinin, eləcə də türkdilli xalqların müştərək abidəsi olan “Kitabi Dədə Qorqud” dastanlarının ilk cümləsi ilə başlamağım heç də təsadüfi deyil. Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası sayılan və yüz illəri aşaraq bugünümüzə gəlib çatan dastanın ilk cümləsindən əcdadımızın İslam dininə bağlılığı ifadə edilir.

 İslam dininin Ərəbistan yarımadası hüdudlarını aşaraq Yaxın və Orta Şərq ölkələrində sürətlə yayılması Azərbaycandan da yan keçməmişdi. İslam dininin Azərbaycanda yenicə təşəkkül tapdığı bir dövrdə formalaşan “Dədə Qorqud” dastanlarını vərəqlədikcə dini dəyərlərin milli dəyərlərə qarışdığının, qədim türk inanclarının İslam inanclarına qovuşduğunun şahidi oluruq. Türkdilli xalqların mifoloji elementlərinin də qorunub saxlandığı (“Qurd üü mübarəkdir”, “Qaba ağacın qurumasın” və s. ifadələr, Basatı meçədə aslanın əmizdirib böyütməsi və s.) bu dastanda İslam dininin ünsürləri də yetərincədir.

Dastanın müqəddiməsində ozanlar ozanı Dədə Qorqud: “Qadınlar dörd dürlüdür”, deyir. Bu qadınların ən üstününün, evin dayağı olanının Həzrət Aişə və Həzrət Fatimə soyundan olduğunu söyləyir...

Dastanda keçən “Qonşu haqqı-tanrı haqqı” deyimi “Kim Allaha və axirətə inanırsa, qonşusuna yaxşılıq etsin.” hədisi ilə mənaca üst-üstə düşmürmü?!

“Dirsə xanın oğlu Buğac” boyunda atası tərəfindən yaralanan Buğac boz atlı Xızırın yarasını üç dəfə sığıdığını və ona bu yaradan ölməyəcəyini söylədiyini anasına bildirir.

Kəhf surəsinin 65-82-ci ayələrində adı çəkilmədən zikr edilən zatın Xızır olduğu Rəsulullah (s.ə.s)-in hədisləri ilə sabitləşib.

İmam Cəfəri Sadiqdən gələn bir rəvayətə görə dirilik suyu axtarmağa çıxan Zülqərneynlə bərabər Xızır (ə.s) da gedir. Suyu Xızır (ə.s) tapıb içir. Zülqərneynsə suyu tapmır. Digər bir rəvayətə görə dörd diri saleh bəndədən biri də Xızır (ə.s)-dır. (Ətraflı məlumat üçün bax: Kütübi-Sitte, XII cild, səh 367-368. Akçağ Yayınları, Ankara 1995 ) XVI əsrdə formalaşdığı ehtimal olunan “Aşıq Qərib” dastanında da Aşıq Qəribə kömək edən, onu sevgilisi Şahsənəmə çatdıran Xızır (ə.s)-dır.

12 boydan ibarət olan “Kitabi Dədə Qorqud” dastanında oğuzların gündəlik məişətindən, yadellilərə qarşı apardıqları mübarizədən bəhs edilir. Real həyat hadisələri təsvir olunur. Ancaq 2 boyda bu ənənə pozulur. Əgər “Basatın Təpəgözü öldürməsi” boyunda türk mifologiyası, türk əsatir üstürləri nə qədər qabarıq verilibsə, “Duxa oğlu Dəli Domrul” boyunda dini motivlər daha çox üstünlük təşkil edir. Adı çəkilən boyda Allah-Təalanın sifətləri vəsf edilir, onun qüdrət və əzəmətindən, möminlərin qəlbində özünə yer etməsindən poetik şəkildə məlumat verilir:

Ucalardan ucasan

Kimsə bilməz necəsən.

Görklü tanrı,

Neçə cahillər səni

Göydə arar, yerdə istər.

Sən xud möminlər könlündəsən

Daim tutan cəbbar tanrı,

Baqi qalan səttar tanrı.

Əlbəttə, kiçik bir yazıda möhtəşəm bir mənəvi abidə olan “Kitabi Dədə Qorqud”dakı İslam dini ilə bağlı ifadə və fikirləri açıqlamaq fikrində deyilik. Məqsəd ancaq Azəərbaycan şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında öz əksini tapmış Quran ayələri və hədislərin əcdadlarımız tərəfindən necə mənimsənilməsi, qavranılması və islami bilikləri haqqında azacıq məlumat verməkdir.

Böyük hikmətlərin, xalq müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi olan atalar sözləri yığcam ibrətamiz məzmunu ilə şifahi xalq ədəbiyyatının digər janrlarından fərqlənir və bu yığcamlıq və hikmət dolu məzmununa görə atalar sözlərinin gündəlik həyatımızda ən çox müraciət etdiyimiz janr olduğunu mübaliğəsiz olaraq deyə bilərik. Xalq təfəkkürünün bariz nümunəsi olan atalar sözlərinə diqqətlə yanaşsaq onlarla, yüzlərlə atalar sözlərinin bu və ya digər dərəcədə Quran ayələri və hədislərlə üst-üstə düşdüyünün şahidi ola bilərik. Bu cür atalar sözlərindəki oxşarlıq ata-babalarımızın yüksək dini savadından, ərəb dilini mükəmməl bilməyindən xəbər verir. Hər şeyə həssaslıqla yanaşan babalarımız Quranın əzəmətini, Quran mətninə müdaxilənin insan gücü fövqündə olduğunu yaxşı bilirdi və məhz buna görə də XVI əsrin sonu, yaxud XVII əsrin əvvəllərində başqa bir mənbədən köçürüldüyü güman edilən “Hazı kitabi-oğuznamə” (Bu, oğuznamə kitabıdır) sözləri ilə başlayan qədim atalar sözlərimizin əlyazmasındakı ilk atalar sözündə bu gerçəklik bir daha öz əksini tapır.

“Atalar sözü Qurana girməz, amma Quran yanınca yalın-yalın yoluşur.” (Oğuznamə, səh 18) Yuxarıda adı çəkilən kitabdakı atalar sözlərinin bir neçəsinin dini paralellərini verməklə xalqımızın dini bilikləri ilə oxucunu tanış etməyə çalışacağıq.

1. Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər.

“Loğman” surəsinin 16-cı ayəsində buyurulur: “(Loğman) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər. Həqiqətən, Allah lətifdir, (hər şeydən) xəbərdardır!

2. Az sədəqə çox bəla sovar. (Oğuznamə, səh-48)

“Sizdən kim bir xurma ilə də olsa atəşdən qoruna bilirsə, bunu etsin.” (Buxari, Zəkat, 109; Müslim, Zəkat, 66-67)

3. Mən nə vaxt ölürsəm, qiyamət o gün qopar. (Oğuznamə, 71)

Ənəs (r.a)-dan belə rəvayət olunur: Bir nəfər Rəsulullahdan qiyamətin nə vaxt qopacağını soruşdu. O da bir müddət susduqdan sonra yanında dayanan bir uşağı göstərərək dedi: “Bu yeniyetmə qocalıb ölənə qədər qiyamətiniz qopacaqdır.” (Müslim, Fitən, 138)

Başqa bir hədisində “insanın ölümü onun kiçik qiyamətidir” deyən Allah Rəsulu bu hədislərdə hər kəsin ölümünü həmin şəxs üçün “qiyamət” adlandırır. Dünyanın əcəli olan qiyamətin vaxtı Allah tərəfindən gizli saxlanılır, hifz olunur və o vaxtı Allahdan başqa heç kim bilməz. Şəxsi qiyamətimiz olan bəşəri əcəl isə zaman etibarilə qismən də olsa, məlumdur. Ona görə də qiyamətin qopacağından dəhşətə düşən insan savab əməllər işləməyə çalışırsa, bunu öz şəxsi qiyaməti qopmadan etməlidir.

4. Tamah olmasa, olmazdı tamu (cəhənnəm). (Oğuznamə, 130)

“…(Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! (əl-Həşr, 9) İnsanın fitrətində olan tamahdan qorunan şəxslər cənnətlə müjdələnirsə, deməli, tamahın əsiri olanlar bu səadətdən məhrum olacaqlar.

Quran ayələri və hədislərlə səsləşən yüzlərlə atalar sözlərinin bir neçəsindən istifadə edərək babalarımızın İslam əxlaqı ilə böyüdüyünü, İslam qayda-qanunu ilə yaşadığını verməyə çalışdım.

Sovet hakimiyyəti illərində bizi inqilabdan əvvəl Azərbaycanda savadsızlığın hökm  sürməsinə, elmin olmadığına inandırmağa çalışıblar. Lakin ədəbiyyat nümunələrinə nəzər salanda bunun əksini görürük. Savadsız adlandırılan babalarımızın dilindən süzülən bu poetik misraları “Qədr” surəsinin dilimizə tərcümə edilməsinə cəhd hesab etmək olar:

Aşıq min ayə dəyər,

Qaşın min ayə dəyər.

İl var bir günə dəyməz

Gün var min ayə dəyər.

“Qədr gecəsi min aydan daha xeyirlidir.” (əl-Qədr, 3) Uşaq olanda soyuq qış gecələrində sobanın ətrafına yığışıb nənəmin nağıllarını dinləyərdik və bütün nağıllar “Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yoxdu” cümləsi ilə başlayardı. Cəmi 9 sözdən ibarət olan bu cümlədə nənəm bizə Allahın əzəli və əbədi olmasını təlqin edirdi. O zaman adını da yaza bilməyən nənəm bəlkə də Hədid surəsinin ilk ayələrini təkrarlayırdı:

“Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (əl-Hədid, 1-3)

 Nağıllar adətən “göydən üç alma düşdü” cümlələri ilə qurtarır. Mən isə bu kiçik yazını həmin ifadə ilə bitirmirəm, əksinə, “biri vardı, biri yox” sözləri ilə bitirmək istəyirəm. Çünki Azərbaycan ədəbiyyatında dini motivlərin araşdırılmasına hələ təzə-təzə başlanır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz