MƏSNƏVİDƏN
İnsanın kamilləşməsinə əngəl olanlar
Mənəvi cəhətdən yol kəsən dörd quş bütün insanların könlünü yurd etmişdir.
Bu quşlar: Qaz, tovuz, quzğun və xoruzdur. Bu quşların insanın içində olan dörd bənzəri insandakı dörd xasiyyətdir.
Qaz: insandakı ehtirasdır...
Xoruz: insandakı şəhvətdir...
Tovuz: insandakı mövqe (vəzifə) ehtirasıdır...
Quzğun isə: insandakı arzu-istəkdir...
Quzğunun istəyi; əbədi olmaq, yaxud da uzun bir ömürə qovuşmaqdır, insan durmadan bunu ümid edər...
Ehtiras qazı nə tapsa yeyər, sanki Allahın (c.c) “yeyin” hökmündən başqa hökmünü eşitməmişdir. Yaxşı-pis nə tapsa toplayar, dağarcığını doldurar.
İBRƏTLƏR
Gözəl dəvətin gözəl nəticəsi
Qüreyşlilər çox ehtiram göstərdikləri Husaynın yanına gedərək:
- Bu adamla bizim adımızdan danış. O tanrılarımıza dil uzadır, onlara nalayiq sözlər deyir. -dedilər və onunla birlikdə Allah Rəsulunun qapısına qədər gəldilər. Müşriklər qapıya yaxın bir yerə oturaraq gözləməyə başladılar. Husayn isə içəri girdi. Rəsulullah -səllallahu əleyhi və səlləm-:
- Qocaya yer verin! -buyurdu. Husaynın müsəlman olan oğlu İmran və dostları olduqca qələbəlik bir camaat halında Allah Rəsulunun yanında idilər. Husayn Həzrət Peyğəmbərə:
- Sənin haqqında bu eşitdiklərimiz nədir? Tanrılarımızı rədd edir, onları təhqir edirsənmiş. Halbuki Sənin atan ağıllı və xeyirxah bir insan idi. -dedi.
Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə cavab verdi:
- Ey Husayn, neçə tanrıya sitayiş edirsən?
- Yeddisi yerdə, biri göydə olmaqla səkkiz tanrıya.
- Sənə bir zərər dəyəndə hansına yalvarırsan?
- Göydəkinə.
- Malın tələf olanda kimə yalvarırsan?
- Göydəkinə.
- Sənin istəklərinə cavab verən yalnız bir ilah olduğu halda nə üçün başqalarını Ona şərik qoşursan? Şükür edərək onları razı salacağını zənn edirsən, yoxsa səni həlak etmələrindən qorxursan?
- Hər iki səbəbdən də deyil.
Husayn o günə qədər heç vaxt Peyğəmbər -səllallahu əleyhi və səlləm- kimi bir şəxs ilə danışmadığını rəvayət etmişdir.
Peyğəmbər -səllallahu əleyhi və səlləm-:
- Ey Husayn! Müsəlman ol, əmin-amanlığa nail olarsan. -buyurdu.
Husayn:
- Qövmümə və yaxınlarıma nə deyim? -deyə soruşduqda, Peyğəmbər -səllallahu əleyhi və səlləm-:
- Allahım! İşimi kamilliyə çatdırmağım üçün Səndən hidayət istəyirəm. Mənə faydalı olan elmimi artır, de! -buyurdu.
Husayn bu duanı etdi və qısa bir müddətdən sonra müsəlman oldu. Ayağa qalxanda oğlu İmran sevincindən atasının başını, əllərini və ayaqlarını öpürdü.
Peyğəmbər -səllallahu əleyhi və səlləm- bu hadisədən kövrələrək ağladı və:
- İmranın etdiyinə ağladım. Atası Husayn kafir olaraq içəri girdikdə İmran ayağa qalxmadı, hətta onun üzünə belə baxmadı. Amma İslamı qəbul etdikdən sonra haqqını ödədi. Məhz bu nəzakətə görə kövrəldim. -buyurdu.
Husayn ayrılıb getmək istəyərkən Allah Rəsulu əshabına:
- Qalxın, onu evinə qədər yola salın! -buyurdu.
Onun yanındakı camaatla (qələbəliklə) çıxdığını görən Qüreyş müşrikləri:
- Husayn da dinini tərk etdi. -deyərək onunla görüşmədən dağılıb getdilər.
Ağız Allahı zikr etmək üçündür
İbrahim bin Ədhəm həzrətləri, bir sərxoşun üfunət qoxulu və çirkli ağzını yumuş və bunu nə üçün etdiyini soruşanlara da:
- Əgər Şanı Uca Allahın adını zikr etmək üçün yaradılan dil və ağızı çirkli halda buraxsaydım, hörmətsizlik olardı... -demişdir.
Həmin adam ayıldığı zaman ona:
- Xorasan zahidi İbrahim bin Ədhəm sənin ağzını yudu... -dedilər.
Bu hadisədən xəcalət çəkən sərxoşun könlü oyandı və:
- Elə isə mən də tövbə etdim... -dedi.
Belə bir hadisəyə vəsilə olan İbrahim bin Ədhəm həzrətlərinə Haqqın dərgahından belə nida edildi:
- Sən bizim üçün onun ağzını yudun! Biz də sənin üçün onun qəlbini təmizlədik!
Haqqa dəvətin önəmi
Zeynəb binti Cahş -radiyallahu anhə- belə rəvayət edir:
Rəsulullah -səllallahu əleyhi və səlləm- bir gün qorxudan titrəyərək yanıma gəldi və:
- Allahdan başqa ilah yoxdur. Yaxınlaşan şərdən ötrü vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu qədər yer açıldı. -buyuraraq baş barmağı ilə şəhadət barmağını birləşdirib halqa halına gətirdi. Sonra mən:
- Ey Allahın Rəsulu! Aramızdakı yaxşılar da olduğu halda həlak olacağıqmı? -deyə soruşduqda, Rəsulullah -səllallahu əleyhi və səlləm-:
- Pislik və günahların çoxaldığı zaman bəli. -buyurdu. (Buxari, Fitən, 4, 28, Ənbiya, 7, Mənaqib, 25; Müslim, Fitən, 1. Bax. Əbu Davud, Fitən, 1; Tirmizi, Fitən, 23; İbn Macə, Fitən, 9)
ŞƏRHLƏR