Hz. Ömər (r.a)

Hz. Ömər (r.a)

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur!” (Nisa, 13)

Mübarək kitabımızda buyurulan Allaha və Peyğəmbərə itaət əmrini nəfsani, şeytani və dünyəvi əngəlləri aşaraq müvəffəqiyyətlə həyatlarına tətbiq edən səhabə nəslinin bizə örnək olaraq buraxdıqları mənəvi miras öz layiqli varislərinin yolunu qiyamətə qədər gözləyəcək bütövlükdədir. İnsanlıq qeyrətini ilahi hökmləri yaşamaq uğrunda toplayan bu insanların təslimiyyəti hər bir kəsdə heyranlıq yaradacaq ölçülərdir:

Rəbbimizin: “Şübhəsiz ki, şeytan içkivə qumarla aranıza ədavət, kin salmaq və sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” -deyə endirdiyi ayələr qarşısında: - “Biz ona son verdik, ya Rəbbi!” -deyə səslənən Hz. Ömərin bu davranışı Məhəmməd ümmətinin Quran həqiqətlərinə dərhal sarılma keyfiyyətini ərz edən bir nümunədir. Quran və Sünnəyə olan inanılmaz bağlılığı isə qəlblərdə bir irfan mənbəyinə çevrilən Hz. Ömərin və səhabə nəslinin qulluq şüuruna anladığımız ölçüdə nüfuz etməyi Rəbbimizdən diləməklə o bəxtəvərlik çağlarının həyəcanını yaşamaq mümkündür. Hz. Ömərin vəfat xəbərinə münasibət bildirən Abdullah bin Məsud böyük bir hüzn və kədər içində: “Elmin onda doqquzu getdi!” -demişdir. Bunu eşidən səhabələr ona: “İçimizdə hələ alimlər var!” -deyəndə də, “Mən mərifət elmindən danışıram!” -cavabını vermişdir.

Hz. Ömərin Rəbbi ilə bərabərlik sevdası ən ağrılı və keşməkeşli olan xəlifəlik illərində də onu daima müşaiyət edirdi. Uzaq Əfqanistan torpaqlarında İslam dininin əzəmətini qəlblərə daşıyan İslam mücahidlərinin şəhidlik xəbəri Hz. Ömərə çatdırılanda səhabələrdən: “Ölənlər kimlərdir?” -deyə soruşduqda, onlar ölənlərin adlarını dedikdən sonra: “Və tanımadığımız bəzi kimsələr...” -dedilər. Bunun üzərinə əmirəlmöminin Hz. Ömərin gözləri yaşardı və belə dedi: “Ancaq Allah onları tanıyır!”

Bəşəri münasibətlərin zirvəsində duran səhabə adını, səhabə həyatını, səhabə andını ancaq onların öz dillərindən süzülmüş kəlamlarla anlamaq mümkündür. İbn Məsud bu barədə belə demişdir: “Uca Allah qulların qəlblərinə baxdı. Məhəmmədin qəlbinin ən gözəl qəlb olduğunu görüb onu seçdi və peyğəmbər olaraq göndərdi. Sonra Peyğəmbərinin qəlbindən başqa digər qəlblərə də nəzər saldı. Səhabəsinin qəlblərinin ən gözəl qəlblər olduğunu görüb onları da Rəsuluna vəzir və yardımçı etdi.”

Allah Rəsulunun vəziri kimi məsuliyyətli bir vəzifəni Allah qarşısındakı qulluq borcu ilə birləşdirən Hz. Ömərin həyatı həqiqətən də qəlbləri təsirləndirəcək səviyyədədir.

“Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha, 132) əmri ilahisinə sarılan Hz. Ömərin gecə həyatı da gündüz olduğu kimi gərgin idi. Bir gecə qalxdı, namaz qıldı. Sonra bizə də (yaxınlarına) “Qalxın və namaz qılın!” -buyurdu və belə əlavə etdi: “Vallahi, nə namaz qıla bilirəm, nə də yata bilirəm. Bir surəni oxumağa başlayıram. Sonra bu surənib başlanğıcında və ya sonunda olduğumu dəqiqləşdirə bilmirəm.” “Nə üçün, ey möminlərin əmiri?” -soruşduqda, “Xəlifəlik xəbəri gəldiyindən bu yana insanların dərdləri ilə yükləndiyim üçün!” -buyurdu. Oturduğu yerdə mürgüləyərdi. Ona “Ya əmirəlmöminin, yatmaq istəmirsinizmi?” -deyə müraciət edildikdə belə demişdir: “Əgər gündüzləri yatsam, onda xalqın işlərini zəiflətmiş olaram. Əgər gecələr yatmış olsam, onda da Allah ilə olan nəsibimi əldən qaçırtmış olaram!”

Şəhidlik şərbətini içən Hz. Ömərin ölüm anında oğluna etdiyi vəsiyəti dünyadakı dərəcəsindən asılı olmayaraq qulluq vəzifəsinə sarılmış olan bir qulun ilahi ehtişam qarşısındakı titrəyişlərini bütün incəlikləri ilə Adəm övladlarına ünvanlayır:

“Oğlum! Can verməyə başladığımda yönümü qibləyə çevir, dizlərini kürəyimə dəstək edərək sağ əlini alnıma, sol əlini də çənəmə qoy. Ruhumu təslim etdiyimdə gözlərimi bağla, kəfənimi orta səviyyədə edin. Əgər Allah dərgahında bir dəyərim varsa, Allah mənə bundan yaxşısını verəcək, əgər Allah nəzdində bir dəyərim yoxdursa, üzərimdəkini də tezliklə soyacaq. Məzarımı qazarkən qəbul edilmiş qaydalardan kənara çıxmayın. Əgər Allah qatında bir qiymətim varsa, O, qəbir evini gözümün görə biləcəyi qədər genişləndirəcəkdir. Bir qiymətim yoxdursa, nə qədər geniş qazsanız da, Allah oranı elə daraldar ki, qabırqalarım bir-birinə keçər. Cənazəmdə heç bir qadın iştirak etməsin. Məni məndə olmayan xüsusiyyətlərlə tanıtmayın. Mənim kim olduğumu Allah daha gözəl bilir. Cənazəmi yola çıxardığınızda sürətlə hərəkət edin. Əgər Allah nəzdində mənim üçün bir xeyir varsa, məni daha tez ona qovuşdurmuş olarsınız. Əgər belə bir şey yoxsa, onda çiyinlərinizdə daşıdığınız cənazədən daha tez azad olmuş olarsınız.”

Hələ sağlığında ikən cənnətlə şərəflənmə müjdəsinə layiq görülən Hz. Ömərin məsuliyyət şüuru bizi qul ilə Rəbbi arasında gərçəkləşməsində heç bir şübhə olmayan hesab həyəcanına dəvət edir:

“Ah! Nə olaydı bir saman çöpü olsaydım! Dünyaya heç gəlməsəydim, anam da məni doğmasaydı, tamamən unudulub gedəcəkdim.”

Əzəmət və kərəm sahibi olan Rəbbimizin ondan haqqı ilə çəkinən qullarına vəd etdiyi mükafat rəhmət və bərəkət nurlarının əhatəsində bəslənənlərə veriləcək ilahi lütfün heyrətamiz bir göstəricisidir:

“Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn və Nəim cənnətləri) gözləyir!” (Rəhman, 46)         

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz