MÖVLUDİ-NƏBİ VƏ SÜLEYMAN ÇƏLƏBİ

MÖVLUDİ-NƏBİ VƏ SÜLEYMAN ÇƏLƏBİ

Peyğəmbər şairləri Hassan bin Sabit və Kab bin Züheyrlə yanaşı hər dövrdə Hz Peyğəmbərimizi tərifləyən şairlər və şeirlər mövcud olmuşdur. Peyğəmbərimizn yaşadığı dövrdə müsəlmanları şeirləriylə incitməyə çalışan müşrik şairlərin qarşısında yenə şeirləriylə İslamı və peyğəmbərini müdafiə edən mömin şairlər bir mənada qələmləriylə cihad etmişlər. Bu şairlər eyni zamanda Hz. Peyğəmbərdən də tərif və dəstək görmüşlər.

Daha sonrakı dövrlərdə də bir çox şair Hz. Məhəmmədə olan eşqini dilə gətirmişdir.

Xaki payinə yetəmdir ömürlərdir muttəsil / Başını daşdan daşa urub gəzər avarə su…

deyərək eşqini nümayiş etdirən füzulilər… Araya araya bulsam izini / izinin tozuna sürsəm yüzünü… deyərək sevgilidən bir iz tapma sevdasında olan yunuslar…

Lakin bu peyğəmbər sevdalılarının arasında elə biri var ki, qəlbindəki yanğı, sevda sanki yazdığı şeirlərə gözyaşı damlaları kimi axmışdır. Bu Allah dostu şair Mövludi-Şərifi qələmə alan Süleyman Çələbidir (rəhmətullahi əleyh).  Süleyman Çələbi 1300-cü illərdə Orxan Qazi dövründə Bursa da doğulmuşdur. Dövrün məşhur alimlərindən, xüsusilə də Şeyx Əmir Buxaridən dərs almış, elmdə yüksək dərəcəyə nail olmuşdur.

Yıldırım Bəyazid xan Bursa Ulu Camesini tikdirdikdən sonra həm elmi, həm də əxlaqi səviyyəsi ilə Bəyazid xanın diqqətini çəkən  Süleyman Çələbi bu ulu məsciddə divani-hümayun imamı olaraq vəzifələndirilir. Sevgisini şeirə çevirən misraları da məhz bu məsciddə yazmağa başlayır. Qəlbində hiss etdiyi sevgini misraların qəlbinə ötürür. Əziz sevgilinin “Sevən sevdiyi ilə bərabərdir” düsturunu xatırlayıb şeirinin adını “Vəsilətun-Nicat” (Qurtuluş səbəbi) qoyur. Süleyman Çələbinin qəlbindəki bu sevda Ulu Camenin qübbəsi altında baş qaldırır, əvvəlcə Bursaya yayılır, oradan da bütün Peyğəmbər sevdalılarının coğrafiyasında bir eşq nişanəsinə çevrilir.

1409-cu ildə yazılan Mövlud; Münacat (Allahya yalvarma), Vəladət (Peyğəmbərimizin doğumu), Risalət (Peyğəmbərlik), Merac (Göylərə çıxışı, cənnəti və cəhənnəmi görməsi), Rihlət (Peyğəmbərimizin vəfatı) və Dua bölümlərindən meydana gəlməkdədir.

Mövludun kəlmə mənası doğulmaq deməkdir. Süleyman Çələbinin yazdığı Vəsilətun- Nicat, yəni mövlud Allahın adını zikr edərək başlayır.  Mövludun sözlərində çox həssas və səmimi ifadələrlə önə çıxan, Allah və peyğəmbər sevgisidir:  Bir kəz Allah desə eşq ilə lisan / Tökülər cümlə günah misli xəzan. / İsmi pakın pak olur zikr eyləyən / Hər murada erir Allah deyən…

Yer Məkkə… Miladi təqvimlə 571-ci il,  aprel ayının 21-ci gecəsi. Qəməri aylardan isə Rəbiul-əvvəl ayının 12-ci gecəsi. Günlərdən bazar ertəsi, səhər vaxtı...  Aləmlərin sultanı, rəsulların xatimi, axırzaman  peyğəmbəri dünyaya təşrif buyurdu. Bu müqəddəs hadisəni Süleyman Çələbi belə dilə gətirir: Bu gələn elmi lədun sultanıdır / Bu gələn tövhidi irfan qanıdır… Doğdu ol saatda ol sultanı din / nura qərq oldu səmavatı zəmin… Mövludi-şərifdə daha sonra “Mərhəba” bəhri yer alır ki, burada da Hz Peyğəmbərimiz salamlanar: Mərhəba, ey ali sultan, mərhəba / Mərhəba, ey qanı irfan, merhəba… Mərhəba, ey canı canan mərhəba / Mərhəba, ey dərdə dərman mərhəba… Ey könüllər dərdinin dərmanı sən / Ey yaradılmışların sultanı sən. Hz. Peyğəmbərin meracı da burada ədəbi tərzdə təsvir edilir: Rəf olub ol şaha yetmiş min hicab / nuru tövhid açdı vəchindən niqab… Sən ki, merac edib etdin niyaz / Ümmətin meracını qıldım namaz.

Mərhum Süleyman Çələbi yazdığı mövludu münacat, yalvarış və dua ilə bitirir. Allaha etdiyi bu duada Həbibi Hz. Məhəmməd hörmətinə Uca rəbbindən əfv, bağışlama, şəfaət, sirati- müstəqim, kamil bir iman istəməkdədir. Cənnətə girməyi, cənnətdə Hz. Məhəmmədə qonşu olmağı arzulayır. Dünyada isə Uca Rəbbimizə yaxın olan Allah dostlarıyla birlikdə olmağı, dərd və könül əhlinin söhbətlərində olmağı və bu söhbətlərin sirlərini anlaya bilməyi arzulamaqdadır. Son nəfəsdə də mömin olaraq Rəbinin hüzuruna çıxmağı niyaz etməkdədir. Bu bəhrin son misrasında da həm Hz. Allahın, həm də Hz. Peyğəmbərin razılığını qazanmağı arzulayır.

Hz Peyğəmbərin mübarək doğum günü biz müsəlmanlar üçün bir bayramdır. Həm də içərisində ən böyük müjdəni daşıyan bir bayram. Peyğəmbərimizin doğum gününü, yəni mövlud qəndilini qeyd etmək, xatırlamaq və belə bir qurtuluşu, müjdəni bizə verən, bizi son peyğəmbər Hz. Məhəmmədə ümmət edən Uca Rəbbimizə sonsuz şükürlərimizi təqdim etmək üçün bu gecəni bir fürsət bilmək lazımdır. Bəlkə də bu gecə, yəni mövlud gecəsi bütün ailəmizi bir yerə toplamalı və doğumundan ölümünə qədər Peyğəmbərimizdən danışmalıyıq. Sanki evimizə qonaq gəlmiş və aramızdaymış kimi, onun haqqında söhbətlər etməli və ona salətu-salamlar gətirməliyik. Bu gecə bütün peyğəmbərlərin Onun ümmətindən olmağı arzuladığı, Uca Allahın “Həbibim” dediyi Aləmlərə Rəhmət olan Hz. Məhəmmədin doğum gecəsi… Sevinməyəkmi?

Qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-ci gecəsi, yəni bu il fevral ayının 3-dən 4-nə keçəcəyimiz gecə Peyğəmbərimiz Hz Məhəmməd Mustafanın en dünyaya təşrif buyurduğu gecədir… Peyğəmbərimzi daim xatırlamamıza səbəb olan mərhum Süleyman Çələbiyə Uca Rəbbimdən rəhmət diləyərkən siz könül dostlarımızın Mövlud Qəndilini səmimi-qəlbdən təbrik edirəm!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz