UŞAQLARI TƏLTİF ETMƏK

UŞAQLARI TƏLTİF ETMƏK

Hz. Peyğəmbərin (s.ə.s) uşaqlar ilə olan rəftarı və onlara göstərdiyi nəvaziş valideyn və tərbiyəçilərin bilməsi, öyrənməsi vacib olan ən mühüm mövzulardanır…

Hz. Peyğəmbər (s.ə.s) uşaqların qəlbinə hansı keyfiyyətdə və necə yol tapa bilmişdi? Onları necə tərbiyə etdi? Necə öyrətdi? İzzət, alicənablıq və kübarlıq məfhumlarını onların mənəviyyatlarına necə nəqş etdi? Mədəni vərdişlərə uşaqları yiyələndirərkən üslubu və üsulu nə idi?

Uşaqlar ilə rəftar və davranış mədəniyyəti valideyn və mürəbbidən mütəmadi şəfqət və mərhəmət tələb edir. Həmçinin uşağın ehtiyaclarını anlamaq və dərk etmək üçün uşaq psixologiyasından və pedaqogikadan müəyyən qədər məlumatlı olmaq lazımdır. Uşağa verilən tərbiyyədən yaxşı nəticə əldə etmək üçün səbir və və mülayimlik əsas sərmayədir.

Heç şübhəsiz  Hz. Peyğəmbər (s.ə.s) bütün bunların hamısına əhəmiyyət verərdi, ancaq ilk olaraq uşaqların daxilində özünə qarşı sevginin kök atmasına çalışırdı. İlk pillə məhəbbət və mərhəmətdir. Ondan sonra tərbiyə, irşad və ali məfhumların aşılanması gəlir. Məhəbbət olmadan verilən tərbiyə təlimindən ciddi nəticə əldə etmək qeyri-mümkündür.

Nəvaziş uşaqlara qarşı olan məhəbbət və mərhəmətdən, onlara dəyər verməkdən, hüquqlarına riayət edib onları təhqir etməməkdən, onlarla xoş rəftardan, onları yaxşı əməllərə təşviq etməkdən, ən əsası da onlara əziyyət və zülm verməməkdən nəşət edir. Hz. Peyğəmbər (s.ə.s) həmin prinsipləri özünə şüar etmişdi və buna görə də uşaqların daxilində ali məfhumların kök atıb fidan kimi böyüməsinə nail ola bilirdi.

Valideynin mənəvi simasının keyfiyyət göstəricisi nə qədər yüksək olarsa, uşaqda mənəvi və əqli əsasların inkişaf tempi də bir o qədər müsbət olar. Qısacası uşağın mənəvi portretinin əsas xətləri valideynin mənəvi simasının birbaşa təsiri altındadır.  

Uşaqların tərbiyəsinə aid  Hz. Peyğəmbərdən (s.ə.s) bir xatirənin təhlili: uşaqların təltif edilməsi

Hz. Peyğəmbər (s.ə.s) Abdullah, Übeydullah və Abbasın oğullarından olan Kəsiri sıraya düzərdi və sonra belə buyurardı: “Kim mənim yanıma qaçarsa, ona mükafat verəcəyəm.” Uşaqlar da qaçıb onun sinə və belinin yanında dayanardılar. Hz. Peyğəmbər (s.ə.s) də onları öpər və təltif edərdi.[1]

Sevimli Peyğəmbərimizin (s.ə.s) uca əxlaqından irəli gələn gözəlliklərdən biri də, uşaqlarla oynaması və onları şənləndirməsi idi. Həmçinin biz onun uşaqları həvəsləndirmək, onlara məhəbbət və qayğı göstərməyin mühüm vasitələrindən biri kimi uşaqları təltif etdiyini müşahidə edirik.

Burada diqqət edilməsi lazım olan xüsus budur ki, uşaqları həddindən artıq bahalı hədiyyələrə öyrəşdirmək doğru deyil. Onlara hər istədiklərini alıb vermək  şıltaqlıq və ərköyünlüyə səbəb ola bilər; zəhmətlə qazanılan pula qayğısız və israfçı münasibət bəsləyə bilərlər. Təqdim olunan hədiyyələr uşaqda yaradıcılıq fantaziyasının və istedadının formalaşmasına xidmət etməlidir. Ona görə də uşaq üçün hədiyyə oyuncaqlar alarkən yapışdırmaq və quraşdırmaq yolu ilə meydana gələn konstruksiya oyuncaqlara üstünlük vermək lazımdır.[2]

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz