MÖVLUDUN TARİXİ

MÖVLUDUN TARİXİ

“Mövlud” Həzrət Peyğəmbər (s.ə.s)-in doğulduğu ildönümlə bağlı məclisin və ya məclisdə oxunmaq üçün yazılmış mənzum əsərin adıdır. Mövlud ənənəsinin tarixi hələ Həzrət Peyğəmbər əleyhissalamın həyatda olduğu vaxta gedib çıxır. Belə ki, Müslimin rəvayət etdiyi bir hədisi-şərifdə qeyd edildiyinə görə əsəhabələr bazar ertəsi günü oruc tutmaq haqqında soruşanda Peyğəmbər əleyhissalam belə cavab verdi: “Oruc tutun. Çünki o gün mənim doğulduğum gündür.” (Müslim, Siyam 197; Müsnəd 5/297; Əbu Davud, Savm 54.)

Əshabi-Kiram dövründən bir digər nümunə də  birbaşa Həzrət Peyğəmbər əleyhissalamın  mübarək hüzurunda oxunmuş “Qəsideyi-Bürdə”dir. Kab bin Züheyr həm əshabı, həm də Həzrət Peyğəmbəri mədh edən o məşhur qəsidəsini söyləmiş, qəsidəni bəyənən Peyğəmbər əleyhissalam da öz əbasını ona hədiyyə etmişdir. Bununla yanaşı Peyğəmbər şairi Hassan ibn Sabitin Həzrət  Peyğəmbəri mədh edən bir çox şeiri də bu günə qədər gəlib çatmışdır. (Divan, s. 78-81-319.)

Səhabədən sonra yazılan nəzm əsərlərin daha çox Onun dünyaya qədəm basmasından vəfatına qədər mövzuları bir sirət formasında ehtiva etməsi diqqəti cəlb edir. Onların möhtəvası “Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik” (Ənbiya 21/107) və “Allah və mələkləri Peyğəmbərə salavat deyirlər. Ey iman edənlər! Siz də ona salavat deyib layiqincə salamlayın!” (Əhzab 33/107)  ayələrinin təcəllisi kimi təsvir edilmiş, hər cəhətdən bu meyarda təzahür etmişdir. İslamın getdiyi hər yerdə mənzumələr kimi yazılmış və bu günə kimi də oxunmaqda davam edir.

Coğrafi baxımdan sadalasaq elə ərəb coğrafiyasının özündə Əli b. Həmzə əl-Kisainin (v.189/805) “Sirət” nəzmi, Vaqidinin (v.207/823) “Mövludul-Vaqidi” mənzuməsi, Məhəmməd b. İshaq əl-Müsəyyəbin (v.236/850) “Mövlud”u, Əbul-Fərəc İbnul-Cövzinin “Mövlud”u və daha çox məclislərdə oxunması ilə məşhur olan İbn Dihyə əl-Kəlbinin “ət-Tənvir fi Mövlidis-Siracil-Munir” mənsur əsəridir. Bundan başqa ərəb dünyasında “Qəsideyi-Bürdə”, Busirinin “Həmziyyə” və “Mudariyyə” qəsidələri məclislərdə daha çox oxunmuşdur. Bağdad mövlud məclislərində isə Əbul-Qasim Abdulvahid İbn Məhəmməd əl-Mutarrizin (v.439/1047) qələmə aldığı qəsidə məşhur olmuşdur. Xülasə, ərəb ədəbiyyatında bir termin olaraq “mövlud” artıq hicri ikinci (miladi VIII) əsrdən başlayaraq ortaya çıxmışdır.

Məğribdə Məhəmməd ibn Əbu Bəkir Şükratisinin “İ`dmiyyə”si və Yaqub Sarsarinin “Mədhiyyə”ləri məşhur olmuşdur. Afrikanın şərq sahillərində Abdurrahman əz-Zəbidinin “Mövludi-Şərif”i, Somalidə Əbul-Həsən Nurəddinin “Ünvani-Şərif”i, müasir Ərəbistan, Hindistan və Asiya ölkələrində Mədinə müftisi Cəfər İbn Həsən əl-Bərzəncinin “Mövlud”u,  İranda nadir də olsa Məhəmməd b. Məsud əl-Qazəruninin “Mövludun-Nəbi”si və  Əfifuddin, Suzəni və Həsən b. Fətullahın nəzmləri,  Turan coğrafiyasında isə Süleyman Çələbinin (v.825/1422)  məşhur mövlud kitabı “Vəsilətun-Nəcat”la birgə 200-yə yaxın mövlud mənzuməsi yazılmış, bəstələnmiş və oxunmuşdur.

Bütün İslam aləmi keçmişdən bu günə aləmlərə rəhmət olaraq göndərilən, aləmi zülmətdən nura çıxaran Həzrət Peyğəmbərə sevgisini onun doğulduğu “rəbiul-əvvəl” ayında böyük bir sevinc təzahür etdirərək, bu nurun daha çox yayılması yolunda çalışır və ona olan sədaqətlərini göstərir. Ona görədir ki, mövlud tədbiri təşkil etmək heç də xristian aləminin milad bayramı, christmas, birthday və ya kiminsə ad gününü qeyd etmək kimi sayılmır. Hətta bunlarla yaxından və ya uzaqdan əlaqəsi də yoxdur. Çünki müsəlman aləmində harada olursa-olsun bir mövlud tədbiri ilə Onun dünyaya gəliş məqsədi yad edilir, Quran tilavəti, ayə və hədislər ətrafında moizə və nəsihətlər, ilahi və güftələr oxunur, sədəqə və ehsanlar təşkil edilir. Bunlar da ki, açıq-aşkardır ki, məclis əhlini Həzrət Peyğəmbərin əshabıyla qurduğu bir məclis kimi, din təbliği ilə feyziyab etməkdən başqa bir şey deyil. Əksər coğrafiyalarda mövlud adının belə zehinlərdə bir Quran ziyafəti və duadan ibarət olması bunun təbii nəticəsi və birbaşa nəbəvi məqsədə xidmət etməsidir.

Ancaq bunların birbaşa Həzrət Peyğəmbərin doğulduğu gündə və ya ayda keçirilməsinin isə əlbəttə ki, “O gün oruc tutun. O gün mənim doğulduğum gündür” (Müslüm, Siyam 197; Müsnəd, 5/297) hədisi möhtəvasında yeri var. Onun dünyaya gəlişini müjdələyən Süveybə adlı köləni azad etməsi hörmətinə müşrik də olsa Əbu Ləhəbin hər bazar ertəsi günü əzabının yüngülləşməsi (Buxari, Nikah 20) hadisəsi buna bir həmzəmindir. Eyni zamanda Həzrət Musanın Fironun zülmündən xilas olduğunu qeyd edərək Allah Rəsulunun məhərrəm ayının onuncu gününü oruc ibadəti ilə keçirməsi (Buxari, Savm, 69; Müslüm, Siyam 127.) o günün şükür nişanəsi kimi saleh əməllərlə keçirilməsi hökmündədir.

Ona görədir ki, bütün İslam aləmi Fəxri-kainat əleyhissalamın dünyaya gəlməsi kimi mühüm bir hadisə olan mövlud ənənəsinə sadiq qalmışdır. İslam alimləri cəvazına dair birləşmiş, Heytəmi, Əli əl-Qari, Şatibi kimi alimlər özləri də mövlud nəzmi qələmə almış, hətta İbn Teymiyyə belə: “Allaha and olsun ki, mövlud bidət deyil. İctihad və sevgidən bunu yerinə yetirənlər savab qazanar” demişdir. (İbn Teymiyyə, İqtizaus-Siratil-Müstəqim, s. 266. Daha geniş bax: İbn Teymiyyə, Havləl-İxtilaf Bi Zikril-Mövlidin-Nəbiyyi-Şərif.)  

Allahummə Salli alə Muhammədin və alə Əli Muhamməd; Əssəlamu Aleykə əyyuhən-Nəbi və Rahmətullah və Bərəkətuh.   

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz