EY AŞİQ
Gizli bir xəzinənin bilinmə muradı ilə başladı sənin macəranın. O ki, bilinmək istədi və bunu arzu etdi. Sonra aləmləri var etdi. Səni aləmlərin ən şərəflisi qıldı. Sənə ruhundan üfürdü. Ruhlar aləmindən, dünya aləminə doğru bir səfərin başladı.
Bir Adəm oldun, bir Həvva. Adəmin Həvvaya meyli və ruhunun ülviliyi Rəbbinin sənə bir lütfü idi. Adəmlə Həvvanı bir-birinə xoş göstərən nə idi heç düşündünmü? Yaxud nə idi onlara ayrılığı daddıran? Quru bir dünyada təkbaşına illərlə dolaşdıran.
Eşq insanın mayasına qatılan ilahi bir nəfəsdir. Allah Həzrət Adəm ilə Həzrət Həvvanın xəmirinə bu duyğunu qatdı. Və onları dünya aləmində bir-birləri üçün var etdi. Onların cənnətdən çıxıb dünya aləminə keçişləri və dünyada uzun bir ayrılıq yaşamaları bu duyğularını daha da artırdı. Uzun bir firqətdən sonra Allah onlara insanlıq aləminin ən böyük nemətini: vüsləti verdi.
Ey Aşiq, məhz sənin eşqin ta o gündən bəri qəlbini yandırmaqdadır. Məhbubuna vasil olmaq üçün gəzib dolanmaqdadır.
Ey Aşiq!
Eşqin verdiyi əzab nə xoşdur. Qəlbinin atışlarına söz keçirə bilməməyin… Bir göyərçin kimi ürkək və ürəyi pır-pır edən bir aşiq olmaq nə gözəl duyğudur. Aşiqin qəlbində tükənməz bulaqlar vardır. Bitməyən çaylar, daşmayan dənizlər, solmayan çiçəklər. Aşiq sevdikcə qəlbi incəlir. Riqqət qazanır. Könül pərdələri açıldıqca açılır. İç aləminə doğru bir səfər başlayır. Bu səfərdə könlü min bir iztirabla dolar. Əgər məşuqa vasil olduqda dadacağı ləzzətlərdən xəbəri olsa, çəkdiyi bütün acılar, əzablar üzünü güldürər.
Könlü eşq atəşi ilə yanan Sultan Vələdin sözlərinə qulaq verək. Görək, eşqdən söz açaraq nə pıçıldayır bizə…
Şemi ruhuna cismimi pərvanə düşürdüm.
Evrakı-dili atəşi suzanə düşürdüm.
Bir qətrə ikən kəndimi ümmana düşürdüm.
Ey Aşiq!
Məşuqun ruhunun işığına cismini pərvanə et. Dilinin yarpaqlarını məşuqunun yandırıcı atəşinə sal. Onun ətrafında bir kəpənək kimi var gücünlə fırlan. Yandıqca yan. Sonunda onun yandırıcı atəşi ilə yanıb kül ol.
Aşiqin işi yanmaq, dərdi məşuqa doymaqdır. Bütün zərrələri ilə ona fəda olmaqdır. Bir qətrə ikən ümmana düşüb dərdinə dərd qatmaqdır. Sən elə bir ümmana düş ki, o səni sonsuz bir dəryaya aparsın.
Ey Aşiq!
Aşiqlərin gözlərində yaş var. O yaşlar ki, gah çölə, gah içəri axar. O gözləri cəhənnəm atəşi yandırmaz. O yaşlar çox quraq torpaqları yamyaşıl düzənliklərə, çəmənlərə çevirər. Sən ağladıqca məşuqun nəzərində ucalarsan. Sən yandıqca daxilindəki nəfsin arzuları, qəlbindəki nifrət duyğuları yanar. Bu yanma sənin ruhunu əşrəfi-məxluqat dərəcəsinə yüksəldər.
Sultan Vələdin diliylə:
Dərviş olana lazım olan eşqi-Xudadır.
Aşiqin nəsi var isə məşuqa fədadır.
Ey Aşiq!
Sənə eşqi-Xuda lazımdır. O eşq ki, səni aləmlərin seyidinə, oradan da Rəbbinə vasil edər. Aləmlərin Seyidi, Rəbbinin Həbibim dediyi bir nurdur. O nur hörmətinə bütün aləmlər var edildi. O sevgi uğruna bütün ərz və səma yaradıldı. Allah insanı yaradarkən bir də məhəbbəti yaratdı. Məhəbbət Mövlanın boyası ilə boyandığı zaman həqiqi məhəbbət olar. Ondan qeyrisi könlə cəfadan başqa bir şey deyil.
Şair nə gözəl ifadə edir:
Könül səni bulmuş isə başqasına qanarmı heç
Atəşinə yanmış isə başqa nara yanarmı heç.
Ey Aşiq!
Könlünü Haqqa ver. Xatırladığın hər ad onun əsması olsun. Onun təcəllisi ilə heyrətə düş. Elə heyrətlərə dal ki, gözlərin, könlün onun tecelligahı olsun. Kainatda hər nə varsa, yerindən tərpənən nə varsa, hamısının o uca Məşuqun sonsuz qüdrətinin təcəllisi olduğunu bil. Bil ki, sənin bütün varlığın, ağlın, könlün - hamısı Onundur. Ona fədadır. Çünki sən ondansan. Onun ruhundan bir parçasan.
Onun atəşi səni yandırmış isə, başqa atəşlər bir gülüstandır sənə. Hansı dərd səni incidə bilər Onun məhəbbəti qarşısında. Sən mhəbbət ümmanının əsl sahibinə fəda olmusansa, heç bir nara (oda) yanmaz, heç bir sevdaya aldanmazsan.
Sultan Vələdin misraları ilə:
Ey aşiq bizim söhbətimiz cana səfadır
Bir cür'amızı nuş edə gör dərdə dəvadır
Ey Aşiq!
Məhəbbət aşiqin qidasıdır. Suyudur. Aşı və çörəyidir. O məhəbbət Məhəmməd (s.ə.s)-in məhəbbətidirsə, cana səfa, ömrə vəfadır. Ömür onun məhəbbəti ilə uzanar. Onun olmadığı hər məhəbbət acı bir dad qoyar ağızlarda. Onsuz məhəbbət könülləri pərişan edər. Acıların girdabında pərişan edər.
Aşiq daim ondan söz açar. Onun söhbətinə yar olar. Onu söhbətinə canan edər. Sən könül sarayına məşuqunu qoymaq istərsən, Mövlanın “həbibim” dediyi Rəsulunu qonaq et.
Qəlb taxtını həmişə Ona və Onun aşiqlərinə aç. Bil ki, onlar sənin könlündə yer tapdıqca, ucalacaqsan. Gerçək aşiqlər karvanına qoşular, sirri-Sübhana qovuşarsan.
Gəl bir daha söyləyəlim
Məşuqun iqliminə girəlim
Məhəbbət bağçasından
Məşuqa güllər dərəlim.
ŞƏRHLƏR