SÜRÜCÜNÜN NAMAZI

SÜRÜCÜNÜN NAMAZI

Hər birimizin bildiyi kimi həmrəylik günü və yeni təqvim ilinin dəyişməsilə əlaqədar respublikada beş günlük qeyri iş günü elan olnmuşdu. Mən də bunu fürsət bilib rayona getməyi qərara aldım. Günorta namazımı qılıb  avtovağzala yollandım.

Biletimi alıb mənə verilən yerdə sakitcə oturaraq avtobusun hərəkət etməyini gözləyirdim ki, yanımda olan boş yerdə orta yaşlı bir kişi oturdu. Salam-kəlam etdikdən sonra birlikdə gözləməyə davam etdik. Hər kəs öz yükünü avtobusa yükləyir və biletinə uyğun yerdə əyləşirdi. 

Avtobusun hərəkət vaxtından on dəqiqə keçmişdi. Ancaq sürücüdən əsər-əlamət yox idi. Sərnişinlər yavaş-yavaş səslərini yüksəldərək öz etirazlarını etməyə başlamışdılar artıq. Elə bu vaxt sürücünün köməkçisi içəri daxil olaraq sürücünün namaz qıldığını və beş dəqiqədən sonra hərəkət edəcəyimizi bildirdi. Özü də avtobusun televizorunu açaraq keçmiş türk filmlərindən birini qoydu. Filmin səsi bütün avtobusu bürümüşdü. Hər kəs bütün diqqətini yönəldib filmi maraqla müşahidə edirdi.

Köməkçinin dediyi kimi beş dəqiqədən sonra sürücü gəldi. Avtobus yola düzəldi. Yenə eyni hal üzrə davam edirdi bu yolçuluq da. Maraqlı heç bir şey yox idi. Hələ altı saat bu minvalla yol gedəcəkdik. Mən də yanımda oturmuş orta yaşlı adamla bir tərəfdən dindən-imandan danışır, bir tərəfdən də filmdəki gülməli epizotlara baxaraq istehzayla təbəssüm edirdim. Bir müddət sonra filmin biri qurtarar-qurtarmaz sürücü köməkcisi ikinci filmi hazırladı. Yenə hamı komediya filmlərinə baxır, gülməkdən keçinirdilər. Üç saatdan sonra avtobus fasilə üçün istirahət mərkəzlərinin birində dayandı. Hamı kimi mən də çay içib nə isə qəlyanaltı etmək üçün yeməkxanaya daxil oldum. İkindi namazını qılmaq istəyirdim, ancaq namaz qılacaq yer olamdığına və havanın da soyuq olmasına  görə bir az tənbəllik etdim. Bir çay sifariş edib boş masaların birində oturdum. Elə təzəcə çayımı udumlamağa başlamışdım ki, avtobus sürücüsü əlində səccadə ilə içəri daxil oldu. Elə bil başımdan qaynar su tokdülər. Xəcalətimdən yer yarılsaydı yerə girərdim bəlkə də. Mən çay içməyə oturduğum zaman sən demə o namaz qılırmış. Gec də olsa ona yaxınlaşıb səccadəsini beş dəqiqəlik mənə verməsini istədim. Namazımı qıldım, ancaq mən ondan alacaq dərsi almışdım.

Yolun ikinci hissəsi başlamışdı. Filmlər bir-birinin ardınca izlənib qurtarırdı. Fasilə edənə qədər yanımda oturan orta yaşlı kişiyə dindən, imandan danışırdım. Fasilə vaxtı yaşadıqlarımdan sonra ağzımı belə açmadan səssizcə yola baxırdım.  Yanımdakı adam da təəccübblənmişdi. Hər iki dəqiqədən bir, “niyə danışmırsan, yaxşı söhbətlər edirdin, davam elə” deyə təkid edirdi. Mən hələ özümə gəlməmişdim. Danışdıqlarımı sadə bir sürücü mənə əyani olaraq göstərmişdi. Dinin necə yaşandığını, namaza nə qədər əhəmiyyət verildiyini izah etmişdi mənə öz əməli ilə.

Hələ bu son deyildi. Hava yavaş-yavaş qaralmağa başlamışdı. Axşam namazının vaxtı yenicə girmişdi. Birdən avtobus yolun sağ kənarında dayandı. Elə bu vaxt avtobusda siqaret çəkən insanlar avtobusdan enərək hərəsi bir siqaret yandırdı. Mən də öz-özlüyümdə bu avtobus niyə dayandı, heç siqaret çəkməyin yeridir, bu necə sürücüdür hər adamın sözünə görə bu boyda maşını saxlayır və insanların haqqına girir deyə fikirləşirdim ki, avtobusdakı arvad-uşaq da “sürün gedək bu nə özbaşınalıqdır” deyib haray-həşir çıxarmağa başladılar. Elə bu vaxt yenə avtobus sürücüsünün köməkçisi salona daxil olaraq sürücünün namaz qıldığını söylədi. Bayaq ah-nalə edən insanlar indi dua etməyə başlamışdılar artıq “Allah qəbul eləsin, tələsməsin” deyib öz razılıqlarını bildirirdilər. Amma yenə də mənimki mənə olmuşdu. İkinci mesaj məni sanki ildırım kimi vurmuşdu.

Bu yolçuluq mənə çox şey qazandırdı əslində. Dindən, təqvadan çox danışmağı yox, onları yaşamağı öyrətdi ən əsası. Bəlkə də bütün avtobus sürücülərimiz bu təqvaya, bu imana sahib olsaydılar onların daşıdıqları sərnişinlərdən ibadət əhli olmayan insan qalmazdı. O, sadəcə bir sürücü idi. Etdiyi əməl və sərgilədiyi nümunəvi davranış isə bütün məqamlardan və vəzifələrdən üstün idi. Allah hər birimizə işimizin çətinliyindən asılı olmayaraq dinimizi layiqincə yaşamağı nəsib etsin. Amin! 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz