Sadık Eraslan İLƏ REPORTAJ
Türkiyə Cümhuriyyətinin Bakı Din Xidmətləri Müşaviri
SADIK ERASLAN: “ALLAH ONUN ƏXLAQININ ƏN UCA ƏXLAQ OLDUĞUNU SÖYLƏYİR”
Dr. Sadık Eraslan kimdir?
Dr. Sadık ERASLAN Diyanət İşləri Başqanlığında çalışarkən 1980-ci ildə Mərmərə İlahiyyat Fakültəsindən (İstanbul Yüksek İslam İnstitutu) məzun oldu.
1980-83-cü illərdə İstanbul Hasəki Müfti Vaizler İxtisas Kursunu okudu. 1983-cü ildə İstanbul Müftilik qurumunda işləyərkən Din İşleri Yüksek Qurumunda mütəxəssis təyin olundu. 1984-85 tədris ilində Ankara Dövlət Məmurları Dil Məktəbini (ingiliscə) bitirdi. 1987-ci ildə Ankara Universiteti İlahiyyat Fakültəsinə bağlı olarak “Osmanlı Qurumlar Tarixi” sahəsində dissertasiyasını tamamladı.
1990-94-cü illərdə Avstraliya-Sidney Baş Konsulluğunda Din Xidmətləri Ataşesi vəzifəsini yerinə yetirdi.
1997-ci ildə Ankara İlahiyyat Fakültəsine bağlı olarak “Klassik İslam Tarixi” sahəsində doktorantura işini bitirdi.
2001-ci ildə Din İşləri Yüksek Qurumuna üzv seçildi.
2010-cu ilin oktyabrından etibarən Bakı Din Xidmətləri Müşaviri vəzifəsində çalışır. 37 illik iş həyatında 3 kitabı və müxtəlif mövzularda yazı və məqalələri nəşr olunmuşdur.
İrfan: Rəbiül-əvvəl ayının gəlişi eyni zamanda mövlud ayinlərinin vüsət tapdığı mövsümün gəlişindən xəbər verir. İlk növbədə Mövludun İslam dinindəki yeri haqda məlumat verərdiniz zəhmət olmasa!
Sadık ERASLAN: “Rəbiül-əvvəl” deyildikdə ilk növbədə Hz. Peyğəmbər (s.ə.s)-in dünyanı Müqəddəs Doğumu ilə şərəfləndirməsi ağla gəlir. “Mövlud” deyildikdə də hər hansı bir ayin deyil, yalnız Hz. Peyğəmbərin doğumu düşünülməlidir.
Mövlud bir ibadət mərasimi olmadığından buna ayin deməmək daha yaxşı olardı. Çünki belə olan təqdirdə bəziləri tərəfindən bidət iddialarına səbəb təşkil edilmiş olur. Onun üçün deyə bilərik ki, mövlud nə ayindir, nə də bidət. Mövlud aləmlərə rəhmət olan doğuma görə möminlərin Allaha həmd və şükür etmələridir.
Hz. Peyğəmbər (s.ə.s)-in dünyaya gəlişi möminlərin hidayətinə səbəbdir. Onun gətirdiyi ilahi mesaj sayəsində bəşəriyyət qaranlıqdan aydınlığa, zəlalətdən hidayətə qovuşdu. Əgər o olmasaydı, bəlkə insanlar hələ də kainatı yaradan Allaha deyil, öz əlləri ilə taxtadan, dəmirdən, palçıqdan düzəltdikləri bütlərə tapınmağa, bir-birlərini əzməyə davam edərdilər. Təbii ki, bunun dəlilləri saymaqla bitməz. Məsələn: Cəfər bin Ebu Talib Həbəş kralına xitab olaraq belə deyir: “Ey kral! Biz cahilliyin hökm sürdüyü bir cəmiyyət idik; bütlərə tapınar, ölmüş heyvan əti yeyərdik. Pozğunçuluqla məşğul olar, qonşularımıza pislik edərdik. Qısacası, güclü olanlarımız zəif olanlarımızı əzərdi. Biz bu halda ikən Allah-Təala özümüzdən bir Peyğəmbər göndərdi. Onun kim olduğunu, əsli-nəcabətini bilirik. Eyni zamanda onun nə qədər dürüst və nə qədər etibarlı, yəni əmin olduğunu bilirik. O da bizə bir olan Allaha inanıb ibadət etməmizi, doğru söz söyləməyi, heç bir şəkildə sözümüzdən dönməməyi və əmanətə xəyanət etməməyi əmr etdi. Biz də Ona inandıq və tabe olduq.
Məhz bu ifadələr düşünürəm ki, həm o günün insanı, həm də zəmanəmizin insanı üçün Hz. Peyğəmbərin doğumunun, yəni mövludun nə demək olduğunu izah edir.
İrfan: Mövlud mərasimləri necə keçirilməlidir?
Sadık ERASLAN: Mövlud mərasimləri dini bir söhbət formasında keçməlidir. Belə ki: əvvəlcə sözlərin ən gözəli olan Allahın kəlamı Quran oxuyaraq başlanmalıdır. Daha sonra Hz. Peyğəmbərin dünyaya gəlişinin, insanlıq və bütün kainat üçün nə qədər böyük bir rəhmət olduğu və bunun səbəbləri izah edilməlidir. Necə ki, başda Süleyman Çələbi həzrətlərinin əsəri olmaq üzrə bu mövzuda qələmə alınan bütün əsərlər buna bənzər tərzdə yazılmışlar. Bu hissədən sonra da zaman-zaman söhbəti Qurani-Kərimlə qiymətləndirərək Allaha həmd-sənadan ibarət olan dualarla sonlandırmaq lazımdır. Ancaq məscid və bənzəri kimi yerlərdə qələbəlik camaatın iştirak etdiyi Mövlud mərasimlərində geniş söhbətə yer verilməlidir. Bu söhbətlər elm əhli tərəfindən edilməli və irşad mahiyyətində olmalıdır. Burada Hz. Peyğəmbərin həyatından söz açılmalı, bizim üçün yeganə nümunə olan uca əxlaqından geniş danışılmalıdır. Təbii ki, bu vaxt bizim üçün dəyişməz həyat düsturu və prinsiplərdən ibarət olan hədisi-şəriflərdən də nümunələr verilməlidir.
Mövlud mərasimlərində əsas olan bu irşad və təbliğ hissəsi də bitdikdən sonra mövcud camaat üçün israfa qaçmamaq şərtiylə yemək süfrəsi təşkil edilə bilər. Bunun dini baxımdan heç bir günahı yoxdur, əksinə sədəqə sayılır.
Zəmanəmizdə Mövlud gecəsi üçün təşkil edilən mərasimlər və bu mərasimlərdə oxunanlardan çox bu əsnada edilən ikram və məsrəflər ön olanda tutulur. Bir çox yerdə ölkə və bölgəyə görə böyük israflarla qarşılaşılmaqdadır. Edilən ikram; yemək və içkilər halal olmaqla yanaşı ehtiyac və sərhədi aşdığı təqdirdə israfın sərhədinə girməkdədir. İsraf dinimizdə qadağan edilmişdir. Bu qadağan Mövlud mərasimində də olsa öz etibarlılığını qoruyub saxlayır. İsraf olmadığı təqdirdə mərasimə qatılanlar üçün süfrə açmaq təqdirəlayiqdir. Hz. Peyğəmbər (s.ə.s) də ikram etməyi, yedirib, içirib, geydirməyi və insanları məmnun etməyi çox sevər və bunu eyni zamanda müsəlmanlara da tövsiyə buyurardı.
İrfan: Bu gün dünyada baş verən qarışıqlıqların və bəşəriyyətin problemlərinin həllində hansı nəbəvi metoda ehtiyac var?
Bu gün dünyada baş verən qarışıqlıqların və bəşəriyyətin problemlərinin həllində ehtiyac duyulan nəbəvi metodu burada çox xülasə olaraq qeyd edə bilərik.
Belə ki, Hz. Məhəmməd (s.ə.s) Quranda aləmlərə Rəhmət, insanlığın yeganə nümunəsi, böyük əxlaq sahibi və izzətli olaraq tanıdılmaqdadır. Hz. Peyğəmbərdən insanların ən fəzilətlisinin kim olduğunu soruşduqda buyurdu ki, əxlaqı ən gözəl olandır. Burada diqqət yetirilməsi lazım olan xüsus ən çox ibadət edənidir, ən çox alim olanıdır deyilməməsidədir. Onun yerinə əxlaq, yəni müsəlmanın rəftarı və gündəlik davranışları ölçü alınmaqdadır. Necə ki, Hz. Peyğəmbər (s.ə.s) “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” buyuraraq əxlaqın əhəmiyyətini ortaya qoymuşdur.
Quranda keçən uca əxlaq, insanlığın zirvəsindəki bütün xüsusiyyətləri əhatə etməkdədir. Bunu da Hz. Peyğəmbər (s.ə.s) baxımından düşündüyümüz zaman onu “Muhammədul-Əmin” xüsusiyyəti ilə xülasə etmək mümkündür. “Əmin” demək sözündə dürüst, əmanətə qətiyyən xəyanət etməyən və heç bir zaman verdiyi sözündən dönməyən deməkdir. Ancaq günümüzdəki müsəlmanların çox əhəmiyyətli bir qisminin bu xüsusiyyətlərdən uzaq olduğunu görməkdəyik. Bu kəslər sanki müsəlmanlığı yalnız namaz, oruc, həcc kimi ibadətlərdən ibarət olaraq düşünməkdədirlər. Məsələn: Gündə beş vaxt məsciddə, imamın arxasında namazını camaatla qılan, Ramazan orucunu tutan, camaatla təravih sünnələrini də nöqsansız yerinə yetirən bəzi insanlar görürük. İmkanlıdırsa fərz olan həcc ibadətindən əlavə bir neçə dəfə ümrəyə getdiyinin də şahidi oluruq. Buna baxmayaraq bu kəslərin məsciddən çıxdıqdan sonra ticarətində və ya başqa bir yerdə özüylə birlikdə eyni safda namaz qılan müsəlman qardaşını aldatdığını görməkdəyik. Danışarkən çox vaxt yalan danışdığını, özünə təslim edilən əmanətə doğru-dürüst sahib çıxmadığını və bir çox mövzuda müsəlmanlara xəyanət etdiyini görməkdəyik.
Məhz bu gün bəşəriyyətin narahatlığını, böhranını və bir-birlərinə düşmən olmalarının təməlində bu əmanətsizlik yatmaqdadır. Əmanətin olmadığı iqtisadi həyat, əmanətin olmadığı siyasi həyat, əmanətin olmadığı ictimai həyat dinc və xoşbəxt bir həyat deyil. Əmanət Hz. Peyğəmbər (s.ə.s)-in yaşayış metodunu ən geniş izah edən addır.
Üstəlik əmanət olmadıqda insanlar arasında kin və həsəd kimi mənəvi xəstəliklər də getdikcə yayılar və zamanla həyatı pərişan edər. Necə ki, zamanında müalicə edilmədiyi təqdirdə, bədənə düçar olan bir xəstəlik zamanla bütün orqanları əhatə edib iflic edir, bu mənəvi xəstəliklər də zamanında cəmiyyətdən atılmadığı təqdirdə bütün cəmiyyət həyatını yaşanmaz hala gətirə bilir. Bu mövzuda Hz. Peyğəmbər (s.ə.s) səhabələrə xitab edərkən belə buyurur: “Sizdən əvvəlki cəmiyyətlərdə olduğu halda sizə də bulaşan xəstəliklər var, o da kin və həsəddir ki, bu xəstəlik eyni zamanda təraş edən alət kimidir. Ancaq mən saçı təraş edən aləti qəsd etmirəm. Onun yerinə dininizi kökündən sıyırıb aparanı qəsd edirəm. Allaha and içirəm ki, siz iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də (layiqincə) iman gətirmiş ola bilməzsiniz.”
Bir-birini sevən insanlar şübhəsiz ki, bir-birlərinə yalan danışmazlar, əmanətlərinə xəyanət etməzlər və bir-birlərinə verdikləri sözdən də dönməzlər.
İslamın fəlsəfəsində “başqası işləsin, əmək sərf etsin, alın təri töksün, lakin onun qazancını mən yeyim” düşüncəsi olmadığı kimi, qonşusu ac ikən tox yatmaq da yoxdur. Yəni hər kəs öz əlinin zəhmətini yeyəcək, heç kim başqasının haqqına təcavüz etməyəcək. Əksinə müsəlman başda yaxın qohumları olmaq üzrə ətrafındakı möhtac insanların əlindən tutacaq, onları yedirəcək, içirəcək və lazım gələrsə, himayəsi altına alacaq. Məhz o zaman müasir cəmiyyətimiz də bu böhran və narahatlıqlardan xilas olmuş olacaq.
İrfan: Artıq ənənəvi olaraq hər il Azerbaycanda Qafqaz Müsəlmanları İdarəsi, o cümlədən T.C. Diyanet İşleri Başkanlığı Mövlud günlərində müxtəlif ayin və mərasimlər keçirir. Bəs bu il qurum olaraq hansı tədbirlər keçirməyi planlaşdırısınız?
T.C. Diyanət İşləri Başqanlığı olaraq hər il aprel ayının 14-20-si arasında dünyanın müxtəlif ölkələrində olan nümayəndəliklərimiz tərəfindən Müqəddəs Doğum mərasimləri təşkil edilməkdədir. Bu mərasimlər zaman-zaman müxtəlif istiqamətdə və məqsədlərlə keçirilməkdədir. Məsələn: Bəzi yerlərdə ictimai konfranslar, dəyirmi masalar və söhbət yığıncaqları keçirildiyi kimi, ümumi qonaqlıqlar da verilməkdədir. Bəzən bu günün xatirinə xüsusilə qadınlar tərəfindən əl əməyi ilə ortaya qoyulan hədiyyəlik əşyaların satıldığı sərgilər təşkil edilməkdədir. Bu sərgilərdən əldə edilən gəlirlər kimsəsiz, möhtac və xəstə insanlara paylanmaqdadır. Konfrans və tədbirlərdə Hz. Peyğəmbərin həyatı və ortaya qoyduğu prinsiplərlə bağlı maarifləndirici məlumatlar verilməkdədir.
Bu il Bakı Din Xidmətləri Müşavirliyi olaraq biz də həmin tarixlərdə, gücümüz daxilində xalqı Rəsulullaha istiqamətləndirəcək bəzi proqramlar keçirməyi düşünürük. Mübarək Doğum günləri çərçivəsində xalqımıza “Hz. Peyğəmbər, Qardaşlıq Əxlaqı və Qardaşlıq Hüququ” mövzulu bir konfrans keçirməyi planlaşdırırıq. Bu konfransda iştirak edəcək qardaşlarımıza simvolik olaraq gül və kitablar hədiyyə etməyi də düşünürük. Bunun xaricində imkan daxilində səlahiyyətli təşkilat və qurumların dəvət ediləcəyi protokol ağırlıqlı tanışlıq və müşavirə toplantısı da nəzərdə tutulur. Bu toplantıda da müxtəlif şəxs və səlahiyyətli nümayəndələr çıxış edəcək. Bu çıxışlar konfransda olduğu kimi “Hz. Peyğəmbər, Qardaşlıq Əxlaqı və Qardaşlıq Hüququ” çərçivəsində olacaq. Necə ki, indiki vaxtda cəmiyyətin hüzur və sevgisi baxımından bu cür tədbir və çıxışlara son dərəcə ehtiyac duyulduğu qənaətindəyik. Hz. Peyğəmbərin bütün bəşəriyyətə rəhmət olaraq göndərildiyi hər kəs tərəfindən bilinməkdədir. Cəmiyyətdə meydana gələcək sevgi və qardaşlıq şüuru da bu rəhmətin bir əks-sədası olacaq. Bu gün bəlkə də hər zaman olduğundan daha çox bu şüur və düşüncəyə ehtiyacımız vardır.
Müqəddəs Doğum vəsiləsiylə eyni zamanda Hz. Peyğəmbəri daha çox tanıtmaq, Ona olan sevgini artırmaq məqsədiylə başda şəhidlər, qazilər, əlillər, qaçqınlar və kimsəsiz uşaqlara kömək edən cəmiyyət və quruluşlara ziyarətlər təşkil ediləcək. Tələb olarsa, yer və zamana görə Müqəddəs Doğum və Hz. Peyğəmbərin həyatı haqqında soruşulan suallar cavablandırılacaq və kiçik həcmli xüsusi məclislər qurulacaq.
Təbii ki, bu işlərin hamısı Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri ilə məsləhət edildikdən sonra həyata keçiriləcək. Hamımız Türkiyə və Azərbaycanın qardaşlığı üçün əlimizdən gələni edirik. Qardaşlığımızın davamını Allahdan diləyirik. Hər zaman olduğu kimi bu mövzuda da gördüyümüz kömək və dəstəyə görə aidiyyatı qurumlara təşəkkür edir və inşallah davamını gözləyirik. Təşəbbüs bizdən, müvəffəqiyyət Allahdandır. Yeri gəlmişkən, əmək və səyləriniz üçün sizə də təşəkkür edir və müvəffəqiyyətlərinizin davamını arzulayırıq.
ŞƏRHLƏR