Xalqimizin Mərhəmət Yaddaşindan

Xalqimizin Mərhəmət Yaddaşindan

Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.” (Məryəm, 96)

Qışın soyuq nəfəsi torpağı və onun üzərində olan hər şeyi öz əhatəsinə alaraq dövranını sürdürməyə çalışırdı. Mahiyyətinə fanilik hökmü həkk edilmiş bir Adəm övladını axirət aləminə yenicə yola salmış qohumları da bu soyuq cərəyanın qəbri ağuşuna almasına sadəcə tamaşa etməkdə idilər. Bu tamaşanın dünyasını dəyişmişin taleyinə bir ah çəkərək tamamlanmasına bir şey qalmamış qəbir üstünə yaxınlaşan və mərhumun qohumlarına tanış olmayan bir qocanın hərəkəti hamının xüsusi diqqətinə səbəb oldu: Məzara yaxınlaşan qoca İslam adətinə uyğun dua ərməğanını vəfat edənin ruhuna bağışladıqdan sonra əyilərək heç kimin gözləmədiyi halda azacıq dikəldilmiş torpaq məzarı öpdü. Onun bu hərəkətindən heyrətə düşən insanlara tərəf yönələn qoca bunları söylədi: “- Elə bilməyin ki, mən bunu kiməsə yarınmaq məqsədilə etdim. Sadəcə burada yatan rəhmətliklə bağlı xatirəm məni könül xoşluğu ilə bu hərəkətə sövq etdi.”

Sovet hakimiyyəti illərində baş verən bu hadisənin əsas qəhrəmanları həmin qoca ilə məzarda əbədiyyətə qovuşan bir Allah bəndəsi idi. Həmin Allah bəndəsi o dövrdə şəhərlərin birində hüquq mühafizə idarəsinin rəhbər vəzifəli şəxslərindən biri idi. Hamının xüsusi bir marağına tuş gələn qoca öz xatirələrini bu şəkildə anlatmağa başladı: “Sovet hakimiyyətinin bütün qadağalarına baxmayaraq Allahın xüsusi bir lütfü ilə cümə namazlarını camaatla birgə məsciddə qılardıq. Hər bir müsəlman üçün xüsusi önəmi olan cümə günlərinin birində mən də hamı kimi məscidə doğru istiqamət götürmüşdüm. Yol boyu addımlayarkən birdən bir nəfər mənə yaxınlaşaraq rəisin məni görmək istədiyini nəzərimə çatdırdı. İlk növbədə bir az duruxdum, çünki hüquq mühafizə işçisinin mənimlə əlaqədar hansısa bir qanun pozuntusu haqqında məlumata sahib olmasını heç cürə ağlıma sığışdıra bilmirdim. Fikir və düşüncələrimi özümə yoldaş edərək qeyri-ixtiyari rəisin oturduğu idarəyə tərəf yönəldim. İndi qəbri ətrafında dayandığımız rəhmətlik məni təbəssümlə qarşıladı və heç gözləmədiyim bir xahişlə mənə müraciət etdi: “- Bilirsənmi bu yaxınlarda bizim yerlərə bələd olmayan kimsəsiz bir qərib dünyasını dəyişib. Əgər sizin üçün zəhmət olmasa, bütün xərcini öz boynuma götürmək şərtilə onun islami ədəbə uyğun olaraq kəfənlənib torpağa tapşırılması işində mənə yardım göstərmənizi istəyirəm.” Bu sağlam və xeyirxah bir münasibət qarşısında: “Bütün varlığımla sizə kömək etməyə hazıram!” sədaları sanki digər insanlara da bir çağırış oldu. Həmin qəribin dəfn mərasiminə yığılanların sayı isə onun qərib deyil, sanki adlı-sanlı bir şəxs olduğu qənaətini hamıya aşılamaqdaydı. Rəhmətliyin vəzifəli bir şəxs olmasına baxmayaraq insanlara, özü də bu yerlərə bələd olmayan qəribə qarşı bu cür insani münasibəti mənim bugünkü hörmət və ehtiramımın əsasını təşkil edir.”

Vücudlarımıza işləmiş soyuq qış havası kimi laqeydlik və mərhəmət hisslərinin olmaması azarından qurtulmaq əlbəttə ki, hər birimizə yaraşacaq bir əxlaq olardı. Çünki xalqımızın qan yaddaşı bu cür ədəb nümunələri ilə olduqca zəngindir.

1941-1945-ci ildə və müharibədən sonrakı çətin quruculuq illərində çəkilən min bir əziyyətə baxmayaraq xalqımız nəinki mərhəmət hisslərinə biganə qalmış, əksinə bu istiqamətdə bu gün çoxlarımıza örnək olacaq şanlı bir həyat sürmüşlər. O günlərin maddi və mənəvi çətinliklərinə baxmayaraq 5 nəfərlik yetimini bəsləyərək böyüdən ananın hekayəsi də bir mərhəmət abidəsidir. Uşaqların keçimini təmin etmək üçün soyuq qış aylarında uzaq məsafədə yerləşən çalışma məntəqəsinə piyada gedib-gələn, evə gəldikdə qar və buz səbəbilə paltarları suyun içində olan ananın titrəyişlərinə balalarının belə dözə bilmədikləri halda yenidən özünü toplayan və bulaq başına gedərək gətirdiyi suyu ocaqda isidərək hər gün ona əmanət edilmiş mal-qaraya isti halda içirən və bunu sərt iqlimi ilə seçilən yaşadıqları bölgədə havalar istiləşənə qədər davam etdirən ananın fədakarlığına səbəb olan hisslərin adını yəqin ki, hamı bilməkdədir. Bölgələrinə gətirilən alman hərbi əsirlərinin olduqca acınacaqlı taleyinə biganə qalmayan ananın onları da imkanı daxilində mütəmadi olaraq meyvəyə qonaq etməsi bəşəri yaddaşlarda əsl islami mərifətin kök salmasına rəvac verən parlaq xatirələrdəndir.

Gördüyümüz kimi məhz qəlblərdə özünə yuva qurmuş ilahi mərhəmət hissi zəmanənin bütün çətinliklərinə baxmayaraq insanları daima xeyirxahlığa dəvət etmişdir. Qeyd edək ki, nəzərlərinizə çatdırdığımızdan əlavə daha neçə-neçə çoxlarına gizli qalan xatirələr qəlblərə yol tapmaq üçün öz növbəsini gözləyir. Unutmayaq ki, Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa! (Şüəra, 88-89)  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz