Ətraf Mühitin Qorunması İnsanlığı Qorumaqla Mümkündür

Ətraf Mühitin Qorunması İnsanlığı Qorumaqla Mümkündür

Son illər “ətraf mühitin qorunub saxlanılması” ifadəsi tez-tez səslənir. Yer kürəsində elə bir guşə qalmamışdır ki, burada bu və ya digər dərəcədə insanın mənfi təsiri mövcud olmasın.

 Amazon çayı sahillərində ən keçilməz meşələrdə, planetimizin digər yerlərində radioaktiv yağıntılar müşahidə olunur, iqlimin antropik dəyişilməsi baş verir. Coğrafi təbəqənin getdikcə daha böyük hissəsi təbiət və cəmiyyətin qarşılıqlı fəaliyyəti dairəsinə daxil olur, coğrafi mühitə çevrilir. İnsan cəmiyyətinin fəaliyyəti coğrafi mühitə getdikcə daha artıq təsir göstərdiyi üçün bu prosesin optimallaşdırması zərurəti meydana gəlir.

XX-ci əsrin sonunda BMT dünya cəmiyyətinin inkişafına dair yeni konsensusu (ümumi razılıq) üçün əsas yaratmışdı. Mərhələ-mərhələ XXI əsrin inkişafına dair Qlobal Gündəlik yaradılır. Burada insan cəmiyyətinin gələcək strategiyası müəyyən edilir. Əsas məqsədlərə nail olunmanın ahəngdar forması – ətraf mühitin yüksək keyfiyyəti və dünyanın bütün xalqlarının sağlamlığı ön planda tutulur. XXI əsrin Gündəliyi, müasir dövrün qlobal problemlərinin həllində çox böyük əhəmiyyətə malikdir. Çünki təbiətin və cəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Ətraf mühitə cəmiyyətin təsiri artdıqca, təbii geosistemlərdə bu təsir nəticəsində dəyişikliklər də artır. Bu zaman əks əlaqə adlanan məfhumun əhəmiyyəti də artır – təbiət dəyişdikcə bu dəyişikliklərin insanın özünə də təsiri artır.

Ona görə də insan yaşayışını davam etdirmək üçün ekoloji tarazlığı qorumaq dünyaya gələn hər bir şəxsin insanlıq borcudur. Bu məqsədlə uca dinimiz İslam hələ 1400 il bundan əvvəl ətraf mühitin qorunmasının əsasını təşkil edən bir sıra qanunlar qoymuşdur.

İlk olaraq İslam müsəlmanlara bütün varlıqlara qarşı hörmət göstərməyi, onların həyat haqqına müdaxilə etməməyi öyrədir. Çünki hər müsəlman “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız.” (əl-İsra, 44) inancına sahibdir. Elə buna görə də müsəlmanın təbiəti məsuliyyətsiz şəkildə korlamayacağı bir həqiqətdir. Bu xüsus ətraf mühitin qorunması baxımından çox mühümdür. Müsəlman təbiətdən faydalanarkən tarazlığı pozmaz. Qurani-Kərimin israfı haram, sağa-sola dağıtmağı şeytanın qardaşlığı olaraq bəyan etməsi (əl-Əraf, 31; əl-İsra, 26-27; Taha, 81) və Peyğəmbərimiz (s.ə.s)-in axar su belə olsa, dəstəmaz alarkən gərəyindən artıq istifadə edilməməyi bildirməsinə (İbn Macə, İqamə, 193) dair xəbərdarlıqları da müsəlmanlarda ətraf mühitin mühafizəsi şüurunun yaranmasında mühüm bir amildir.

Bundan başqa müsəlman hər bir insanın Allah-Təalanın müqəddəs adlarından az və ya çox hissə aldığına inanır. Allah-Təalanın müqəddəs adlarından biri də “əl-Qüddüs”dür. Qüddüs müqəddəs, pak, təmiz olan deməkdir. Bu adın təcəllisi olaraq Uca Rəbbimiz yer üzündə daimi meydana gələn bir kirlənmələri qurduğu ekoloji sistemlə təmizləyir. Hər mövsüm ölən minlərlə heyvan leşləri, qurumuş bitki artıqları kimyəvi bir dəyişimlə təmizlənir. Ayrıca küləklər vasitəsilə yer üzü sanki süpürülür və ya yağışlarla yuyulur. Bu baxımdan hər bir müsəlman “əl-Qüddüs” adının təcəllisi ilə özünü və ətraf mühiti təmiz tutmağın şüuru içində olmalıdır.  

Hər mövzuda inananlar üçün “üsveyi-həsənə / gözəl nümunə” olan Sevimli Peyğəmbərimiz ətraf mühitin qorunmasında da bizim üçün çox gözəl nümunələr nümayiş etdirmişdir:

Peyğəmbərimiz (s.ə.s) Zu-Qard qəzvəsindən qayıdarkən Mədinə yaxınlığındakı Bəni-Harisə otlağı olan Zuraybut-tavil deyilən yerdə ordunu bir müddət istirahət üçün saxladıqda onlara bu yerin heyvanların otlağı, xanımların gəzib dincəldiyi yer olduğunu demiş, “Kim buradan bir ağac kəsərsə, mütləq onun yerinə bir ağac əksin” (Bələzuri, Futuhul-Buldan, Beyrut 1987, 17) buyurmuşdur.

Taif xalqı İslamı qəbul etmək üçün Mədinəyə bir heyət göndərdiklərində Peyğəmbərimiz (s.ə.s)-in hazırlatdığı müqavilə mətnində Taif ərazisindəki vadilərin də qorunma altına alındığı və orada bitkilərə ziyan yetirməni, heyvan ovlamağı qadağan etdiyi, bu qadağaya məhəl qoymayanların cəzalandırılacağı bir maddə olaraq yazılmışdır.    (Məhəmməd Həmidullah, İslam Peyğəmbəri, İstanbul 2003, 1/500)

Bundan başqa Peyğəmbərimiz (s.ə.s)-in məscidlərin təmizlənib gözəl ətirlərlə ətirlənməsinə (Tirmizi, Cuma, 64), məscidlərin həyətinin təmiz saxlanmasına (Tirmizi, Ədəb, 41), durğun sulara bövl edilməməsinə (Buxari, Vudu, 68; Müslim, Təharət, 94-96), bulaqların ətrafına zibil atılmamasına dair əmrlərinə dair xəbərlər də İslamın ətraf mühitin təmizliyinə verdiyi əhəmiyyəti göstərir. Bu mənada Peyğəmbərimiz (s.ə.s)-in: “Kim bir ağac əkərsə, onun üçün ağacdan hasil olan məhsul qədər Allah savab yazar.” (Əhməd bin Hənbəl, Müsnəd, 5/415), “Qiyamət qopmağa yaxınkən əlinizdə bir ağac fidanı var isə və onu əkməyə vaxt tapa bilsəniz onu əkin.” (Buxari, Ədəbul-Müfrəd, 1379) şəklindəki hədisi-şərifləri də müsəlmanları ətraf mühiti qorumağa sövq edir. 

Unutmamaq lazımdır ki, biz bu dünyanı atalarımızdan miras olaraq deyil, övladlarımızdan borc almışıq. Biz bu məsuliyyətsiz hərəkətlərimizlə dünyanı zərərli hala gətirdiyimiz kimi, uşaqlarımız üçün də yaşanmaz bir dünya hazırlayırıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz