Ağsu Çayi

Ağsu Çayi

Şəki-Zaqatala arasındakı Qarasu çayı qanımızı qaraltdı. Hər şey ziddi ilə bilinir qaydasına görə Azərbaycanın Ağsu şəhərinin içərisindən və Qazaxıstanın Ağsu rayonundan axan eyni adlı çaylara yollanaq.

Ağ rəng saflıq, təmizlik, məsumluq, müqəddəslik təəssüratı bağışlayır. Gəlinlik patlarlarının dümağ olmasının səbəbini saflığın və təmizliyin simvolik ifadəsi kimi qələmə verənlər “bəyin qiyafəti nə üçün tünd rəngdədir, onlarda niyə təmizlik və saflıq axtarılmır?” –sualına cavab verməkdə çətinlik çəkərlər.   

Varlıq ağ rənglə, yoxluqsa qara ilə simvollaşdırılır. Qış demək olar ki, hər yönüylə yoxluğu yaşatdığı üçün qara ilə birlikdə anılmışdır. Qara qış deyirik.

Ağ rəng südün rəngidir. İnək qara da olsa südü ağ olur. Südün rəngi olan ağ eyni zamanda böyüməyin, inkişafın, aydınlığın rəmzidir. Yeni günə ağaran şəfəqlə başlayırıq.

Döyüşlərdə qaldırılan ağ bayraq təslim oluram, məndən sizə zərər gəlməz mənasındadır. Ağ rəngli səhifə açmaq ifadəsi də həmçinin bir başlanğıc mənasında işlənir. Sülh göyərçinlərinin ağ rəngdə təsəvvür edilməsinin altında da bu fikir yatır.

Həkimlər və tibb bacıları ağ geyinərək təmizlik mesajına əlavə olaraq xəstənin zehnində “sağalaraq təmiz bir səhifə açmaq, yeni başlanğıc” kimi düşüncələrə səbəb olurlar. Politikaçılar da əksər hallarda ağ rəngi tərcih edərək təmiz, dürüst, əsil və pozulmamış olduqlarına işarə edərlər. Uşaq və tibb məhsullarında da tez-tez ağ rəngdən istifadə edilir.

 Doğum, ölüm və evlənmək insan həyatındakı üç mühüm ritualdır. Evlilikdə və ölümdə insanı bürüyən hakim rəng ağdır. Evlənmək yeni bir başlanğıc mənasına gəldiyi üçün gənc qızlara ağ gəlinlik geyindirlir. Ölmüş insan da bədənən və ruhən yeni bir aləmə göndərilərək ən böyük başlanğıcı yaşayacağı üçün ağ kəfənə bükülür. Hacılar ağappaq ehramlar geyinərlər. Ehramdan sonra anasından yeni doğulmuş bir körpənin məsumluğunu əldə edərək günah kilometrajlarını sıfırlamış olurlar.

Saçların ağarmasının sürətlənməsi ululuq, təcrübə kimi mənalara gəlsə də insanın ölümlə evlənəcəyinin də xəbərçisidir.

“Daş yerində ağırdır” sözünü sevirəm. Ekvatorda yetişən banan orada yaşayan kasıblar və meymunlar üçün asanlıqla əldə olunsa da ekvatordan uzaq bölgələrdə ən bahalı meyvələrdən sayılır. Qarın çox olduğu soyuq ölkələrdə ağ rəngli maşınlara “təkərli soyuducu” gözü ilə baxılır. Soyuq və buz təəssüratı bağışladığı üçün bu rəngdən az istifadə edilir. İstinin  və günəşin çox təsirli olduğu bölgələrdə də geyimdən tutmuş maşın rənginə, evlərin çöl boyasına qədər ağ rəngdən çox istifadə edilir.

Mövlana Cəlaləddin Rumi “cahillərin qarşısında kitab kimi səssiz ol” –deyir. Axmağa veriləcək ən yaxşı cavab sükutdur. Ağ rəngin bütün rəngləri özündə cəm etməsi kimi sözlərin ən şiddətlisi sükutla söylənir. Susmağın, cavab verməməyin, səssiz qalmağın rəngi ağdır. Ağ rəngin bütün rəngləri özündə cəm etməsi kimi susmaq da hər sözü özündə cəm edir. Qəbirdən və ölümdən daha təsirli bir vaiz yoxdur.

“Qış möminin baharıdır. Uzun gecələrdə ibadət edərkən, qısa günlərində də oruclu olar.” (hədisi-şərif) Möminin baharı milyardlarla insandan fərqli olaraq soyuq, buz və qarla başlar. Hz. Peyğəmbərin diliylə ifadə edilən bu bayram insana özəldir. Mömin qardaşlarını bəyazlar içində görmək Hz. Peyğəmbər (s.ə.s) tərəfindən təşviq edilmişdir.

İbn Abbas –radiyallahu anhumə- dən rəvayət edildiyinə görə Rəsulullah –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

“Ağ rəngli paltarlar geyinin. Çünki paltarlarınızın xeyirlisi ağ olanlarıdır. Ölülərinizi də ağla kəfənləyin.” (Əbu Davud, Tibb 14)

Amerikanın Kanzas Universiteti minlərlə insan üzərində rəngləri sınaqdan keçirmişlər. Bir muzeyin arxa fonunda istifadə edilən ağ rəng ziyarətçilərin muzeydə daha yavaş hərəkət edərək çox vaxt keçirmələrinə səbəb olmuşdur. Buna görə məscidlərin içi ağ rənglə boyanmalıdır.

Fonun rəngi qəhvəyi və çalarları ilə dəyişdirildikdə ziyarətçilər daha sürətlə hərəkət edərək muzeyin daha az guşəsini görərək getdikləri aydın olmuşdur. Qəhvəyi rəngin və çalarlarının bu sürətləndirici xüsusiyyətinə görə fast-food (ayaqüstü) kafelərdə insanları bir an əvvəl məkandan ayırmaq və qalxıb getmələrini təmin etmək üçün masalarda, masaların ayaqlarında və ya divarlarda bu rəngdən istifadə olunur.

Ağsu çayı gecə-gündüz nazlana-nazlana axmağa davam edirmiş. Heç vaxt özünü digər çaylarla, xüsusilə də Qarasu çayı ilə müqayisə etməmiş. Ağsu çayı bilirmiş ki, kirlənmə yarışı keçirildiyi zaman birinciliyi ancaq özü ala bilər. Şair Özdemir Asaf 8 sözlük jüri adlı şeirində bu həqiqəti belə ifadə edir:

Bütün rənglər eyni sürətlə kirlənirdi

Birinciliyi bəyaza verdilər...

Ağsu çayı axır. İçərisinə baxanlara “yaxşı” deyən ağsuluları, “jaxsı” deyən çəkikgözlü qazaxları, ağ üzlə axirətə köçə bilən vəfa sahibi və onun pür həya sahibi oğlunu, Kövsər köpüklərini, ağ gəlinlik və kəfən sahiblərini göstərərkən şırıltısı da da sülh göyərçinlərinin qu-qu səslərinə qarışmış hu-hu səslərini eşitdirir...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz