Hazırcavablar
Bir arşın saqqal, beş yüz pud taxıl Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O, hər il bu yerdə buğda əkər, əlli-altmış pud məhsul götürüb, külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə-beş artır. Kəndxudalar istədiklərini eləyib camaatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
- Sənin bu il beş yüz pud taxılın olub. Gərək o haqq-hesabdan da vergi verəsən.
- Canım, vallah, mənim vur-tut əlli pud taxılım olub…
Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir. Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
- Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
- Nə oldu? Hara getdin?
- Kəndxudada günah yox imiş, əlahəzrət! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də…
Yaxşı insan necə olur?
Bir alimə: “Yaxşı insan necə olur?” deyə sual verirlər. Alim də belə cavab verir: Əvvəlcə sənə pislik edənlərə eyniylə qarşılıq vermək düşüncən olmamalıdır. Yaxşı insan olma yolunda atdığın ilk adımın budur. Sənə pislik edənlərə yaxşılıq edə bildiyin an isə ikinci əsas addımı atmış və həqiqi insan olmağa başlamısan demək. Nəhayət, sənə yaxşılıq edənlə pislik edən arasında bir fərq hiss etməyəcək hala gəldiyin zaman həqiqi insan olarsan.
Adam va idi, amma….
İbrahim xan kiçik qızı Bəyim ağanı Şahsevənli Fərəculla xana ərə vermişdi. Bir gün o, qayınatası İbrahim xanı qonaq çağırır. Lakin İbrahim xan mühüm işlərlə məşğul olduğundan öz əvəzinə qonaqlığa Molla Pənahı göndərir. Uzaqdan atlıların gəldiyini görən Fərəculla xan onları qarşılamağa çıxır və dəstənin başında İbrahim xanı görmədikdə tutulur. Vaqif qabağa çıxıb məsələni ona aydınlaşdırır. Fərəculla xan tanımadığı və ilk baxışda xoş təsir bağışlamayan bu adama gözucu baxıb kinayə ilə deyir:
- Məgər orada elə bir adam yox idi ki, xan mənim yanıma göndərsin?!
Vaqif də tənbəllik etməyib xanın nəzakətdən kənar sualına belə cavab verir:
- Doğru buyurursunuz, xan, adam var idi, adam yanına getdi, məni də sənin yanına göndərdilər!
Bəyim ağa gələn qonağın kimliyini ərinə tanıdandan sonra Fərəculla xan çox pərt olur və Vaqifdən üzr istəyir.
ŞƏRHLƏR