Bahariyyə Doğularkən Ölümə Üzük Taxilir
Qış getdi, bahar gəldi. Dirini öldürən ölünü diriltdi. Dünya dirildi, günbəgün uşaqlıq və gəncliyini yaşayacaq baharda. Gəncləşəcək, gümrah olacaq və gözəlləşəcək.
Qışın qaranlıq və soyuq sancıları sona çatdı. Göylərin rəhmət qapısı açıldı sonuna qədər. Aləmi bir daha rəhmani təcəlli bəzəyəcək. Bilməyən, anlamayan və görməyənlərə göstərəcək naxış-naxış Nəqqaşi-Mütləq olanı. Əvvəlcə göylərə, sonra suya və sonra da torpağa bir cəmrə düşəcək. Qış gecələrində yataqlarından qalxanların könüllərinə düşən və isidən cəmrə. Göyləri, suyu və torpağı isladacaq. Günəş özünü ayaqlar altına sərəcək. Qarlar su olacaq. Quru torpaqları su basacaq. Qara torpağın çiləsini çəkən toxumlara və öldüyünü zənn etdiyimiz budaqlardakı tumurcuqlara Xızır əli dəyəcək. Cücərəcək.
Necə naxış itdi gülüstanda hər bir vərəqə
Yədi-qüdrətlə bu gün gör yenə nəqqaşi-qədim. (Mehri Xatun)
(Əzəli nəqqaşsan, qüdrət əliylə bu gün yenə gül bağçasında hər bir yarpağı necə bəzədiyini gör)
Yaşıl dediyimiz, yaş olandan gələn və əsli yaşıl olan bu rəng həyatı təmsil edir. Baharın rəngi və cənnətin simvoludur. Cənnət can, cünun, cin kimi sözlərlə eyni kökdən gəlir və görünən tərəfindən fərqli olaraq görünməyəni, örtülü olanı anladır. Cənnətin dilimizə tərcüməsi bağça deməkdir. Bağça bitkilərin örtdüyü torpağa verilən addır.
Bahar mövsümündə yaşıllaşan dünya cənnətə dönər. Yaşılın fərəhliyi ətrafı bürüyər və baxan gözlərə səfa verər. Budaqlar dilə gələr, çiçək açar. Dürilişdən dəm vurar. Günəş gülməyə başlar. Üfüqlər uzanar və göy yarılar.
İnsan ömrünün gənclik dövrü kimi görünən baharla birlikdə hər insanda, evdə, bağda, bağçada və hətta könüldə bir hərəkət, qımıldanma başlayar. Durulan, dincələn nə varsa gözü yola düşər. Gözü baxmağın arxasına keçən, yəni görən ariflərin isə könülləri düşər yola. Onlar bilirlər ki, bahar yalnız yeyib-içmək və zahiri səfər zamanı deyil. Hər halda Osmanlı sultanları bunu bildikləri üçün həmişə səfərlərə baharda çıxmışlar. Lakin yalnız ayaqlarla gedilməyəcəyini öyrənmək istəyirmiş kimi könül adamlarını da yanlarında görmək istəmişlər. Səfərdə də onlardan ayrı qalmaq istəməmişlər.
“İnsan gözdür.” Göz üzdür. Üz isə qəlbdir. Görünən görünməyənə, bilinən bilinməyənə dəlalət edir. Baharda rəngarəng olan bu aləmdə gözlərə gözəl görünən hər şey də əslində ilahi gözəlliyin əksi, yəni camalın təcəllisidir. Məhz bu səbəblə də ariflər baharın gözəlliklərini tamaşa edərkən yalnız gözlə görülənlərə ilişib qalmamağın zərurətini dilə gətirmiş və bu kəsrətin naxışdan Nəqqaşa keçməyənlər üçün bir tələyə çevriləcəyini bildirmişlər.
Cənnətin dünyaya əks etməsi olaraq görülən bahar; çiçəkləri, çəmənlikləri, güllərlə bəzənən gülşənləriylə həqiqi cənnətin bir nümunəsi, ilahi rəhmətin və sifətlərin təcəlli zamanı olaraq görülmüşdür. Bir ağac Tuba budaqlarını düşündürmüşdür arif olanlara. Şirin bulaqlar cənnət şərbətlərini. Və bunların hamısı ilahi rəhmətin, əzəmətin, qüdrətin ucalığını təfəkkür etdirmişdir.
Sufi nöqteyi-nəzərindən bahar hər xüsusda olduğu kimi qiyamətin yeganə keçərli axçası olan qəlb, yəni könül gözü ilə görülməyə çalışılır. Buna görə kainatın anbəan dirilişinin tamaşa edildiyi bahar təfəkkür mövsümüdür. Dirilişi, diriliş zamanını, dirildəni təfəkkür zamanıdır. Məhz buna görə də bir çox Allah dostu bu mövsümdə heyranları ilə birlikdə şəhər kənarına gedərək zahirən nəzəri səfərə, həqiqətdə isə Haqqın təcəllilərini seyrə dalmışlar. Görüləndən görülməyənə bir səfərdir bu əslində. Buna görə də gördüklərindən dolayı müridin müraqibə, vəcd və istiğraq (qərq olma) halında ruhi aləmlərə dalması, mənaları idrak etməsi və ruhaniyyətin zühur etməsi hadisəsinə də bahar deyilmişdir. Hər kəs mənəvi seyri nisbətində görə bilmiş və seyr edə bilmişdir bu səfərdə.
Sevginin və baharın simvolu olan qızılgül təsəvvüfi düşüncədə müridin simvoludur. Bağban isə mürşidi-kamilin simvoludur. Bir müridin mənəvi tərbiyəsi qızılgül kimi diqqət tələb edir. Gülün açılıb gülərək gözəl ətirlə ətrafına fərəhlik verəcək hala gəlməsinə qədər bağbanın çəkdiyi zəhmətlərin daha artığını mürşidi-kamillər çəkərlər. Bütün bunlar gül üzlü və gül könüllü insanlar yetişdirə bilmək üçündür. Bir gül budağında olan tikandan daha çox məşəqqət və sıxıntı var yetişəcək müriddə. Ancaq mürşidlər bir gül yetişdirə bilmək üçün bəzən bezmədən, hirslənmədən, küsmədən, səbirlə, gülümsəyərək onlarla tikana da xidmət edərlər. Bir gül üçün min tikanı ovuclayarlar. Ovuclarını qanadarlar. Çünki onlar Gül Nəbinin varisləridir.
Ey Könül!
Qış vaxtı xəlvət idi. Bahar cəlvət zamanıdır. Qış gecələrində dəruni səfərlərə çıxıldı gözlər qapalı. Könül gözü açılsın deyə gözlər yumulu idi. Göz yumulduğu zaman görməyi və görməyin qiymətini öyrənir. Görüləcək olanları öyrənir. Qış sirətdə səfər, baharsa surətdə: Görünəndə. Görünəndən görünməyənə. Görünənin rəhbərliyinə. Surətdən sirətə səfər: Təfəkkür.
Bahar kəsrətdir. Bir təcəlli sarayıdır. Bahara kəm gözlə baxıb kəmiyyətə qapdırma özünü. İlahi ziyafətdən ləzzət almaq üçün necəliyinə, yəni insanlığına, əslinə bax. Əsla özgəyə baxma. Baharın dirilişindən öz dirilişinə yol qət et.
Təfəkkürlə təzəkkür et, dirildəni xatırla, dirilişini xatırla. Qışın sona çatdığını və baharın da mütləq sona çatacağını. Doğularkən ölümə üzük taxıldığını unutma.
Bahar eşq mövsümüdür. Könlü qibləsindən ayırıb bu bahar mövsümündə hər gördüyünə könül vermə. Həqiqi cənnətdəki camalı düşün.
Və canı bülbül eylə Canana.
ŞƏRHLƏR