Təmiz Hava, Yoxsa Təmiz Cəmiyyət?
Müasir zəmanəmizdə insanlığı ən çox narahat edən amillərdən biri də ekologiya problemidir. Dünyada gedən sürətli inkişaf, bütün sahələrdə tərəqqinin son həddə çatması, həyat şərtlərinin müəyyən mənada dəyişməsi ekoloji problemlərin əsas mövzusuna çevrilib. Bütün televiziyalarda qlobal ekoloji problemlərdən bəhs edən verilişlər hazırlanır, beynəlxalq konqreslərdə ekoloji problemlər müzakirə edilir, problemlərin həlli yolları axtarılır və bütün insanlıq bu problemlərin nəticələri haqqında məlumatlandırılır. Bununla yanaşı ekologiyanı müdafiə etmək və havanın tərkibində oksigen qazının miqdarını artırmaq üçün meşə zolaqları bərpa edilir və yolların kənarına müxtəlif bitki nümunələri əkilir. Bütün bunları qeyd etdikdən sonra belə bir sual meydana çıxır. Bəs görəsən qeyd edilən problemi aradan qaldırmaq üçün görülən tədbirlər kifayət edirmi?
Görülən işlərə səthi baxdığımız zaman əminliklə qeyd edə bilərik ki, dünyanın qlobal ekoloji problemə qarşı gördüyü tədbirlər kifayət qədərdir və qənaətbəxşdir. Acaq məsələ ondadır ki, problemə qarşı görülən tədbirlər problemin kökündən həllinə zəmanət vermir. Belə ki, bir tərəfdən ağac əkmə aksiyaları keçirilir, digər tərəfdən də meşə zolaqları məhv edilir.
Mənə elə gəlir ki, məsələyə elə bir nöqtədən yanaşmalıyıq ki, qarşımızda duran problem kökündən həll oluna bilsin. Bunun üçün bizim qarşımızda duran əsas məsələ problemi ortaya çıxardan səbəblər və o səbəblərin həllidir. Biz ilk olaraq qlobal ekoloji problemi yaradan amilə nəzər yetirək: bu amil birbaşa təbiətlə əlaqədə olan insandır. Deməli, bu problemi yaradan insanın düşüncə tərzinə və həyat fəlsəfəsinə müəyyən qədər təsir etmək lazımdır. Bəs bu necə olacaqdır?
Hər zaman problemi ekologiyada, təbiətdə, havada suda gördük. Bir dəfə də olsun bu problemin səbəbkarı bizik demədik. Əslində ətraf mühitdə təmizliyi bərqərar edən təmiz cəmiyyətdir. Təmiz cəmiyyət dediyimizdə hərtərəfli təmiz fikirlərə sahib olan cəmiyyət nəzərdə tutulmalıdır. Təmiz bir cəmiyyəti də formalaşdırmaq üçün İslam dininin yeri əvəzsizdir. İnsan həyatının bütün sahələrində ona doğru yolu göstərən İslam dini bəşəriyyətin qurtuluş yoludur. İslam dininin əsas prinsiplərindən birinin təmizlik olduğunu nəzərə alsaq mövzumuza daha yaxşı işıq tutmuş olarıq.
İnsan həyatında ilk ekoloji təmizlik onun öz bədənindən başlayır. İslam dininin prinsiplərinə görə təmizlik imanın yarısıdır. Deməli, iman edən kəsin ilk olaraq təmiz olması və ya təmizlənməsi əsas şərtdir. İslam dinində vacib olan əməlləri icra etmədən əvvəl təmizlənmək əsas amillərdən biridir. Bu təmizliyi biz burada xarici və daxili təmizlik olaraq iki hissəyə ayırmaq istərdik. Belə ki, İslam dinində istənilən fərz ibadəti yerinə yetirdiyin zaman mütləq təmizlənməlisən. İstər namaz qıldığın zaman, istər Quran oxuduğun zaman və s... İbadətləri yerinə yetirmədən əvvəl gözəl bir şəkildə dəstəmaz alınır və ibadət icra edilir. Dəstəmaz almaq demək olar ki, insanın gün ərzində ən çox bulaşan orqanlarının təmizlənməsi deməkdir. Bu bir həqiqətdir ki, gündəlik beş dəfə namaz qılan insan hər namaz üçün ayrıca dəstəmaz alarsa onun bədənində çirkdən əsər əlamət qalmaz. Özünün təmizliyinə fikir verən bir fərd isə ətrafında olan mühitin də təmiz olmasına diqqət edəcəkdir. Ailə fərdlərindən tərbiyəvi rolu böyük olan atanın və ya ananın bu xüsuslara diqqət edərək övladlarını tərbiyə etmələri, gələcəkdə təmiz cəmiyyətin və təmiz ekologiyanın əsasını qoymaları deməkdir.
Biz yuxarıda İslam dininin xarici təmizliyə verdiyi önəmi qeyd etdik. Ancaq onu da qeyd etmək istərdim ki, İslam dini inasanın xarici təmizliyi ilə bərabər daxili təmizliyini də diqqət mərkəzində tutmuşdur. Belə ki, İslam dinini qəbul etmiş bir kimsənin ətrafında olan məxluqata qarşı şəfqətlə davranması onun əsas vəzifələrindən biridir. Əgər cəmiyyətin bir nümayəndəsinə təbiətdə olan bütün varlıqların uca Yaradanı zikr etdiyini izah edə bilmiriksə, o şəxsə gün ərzində yüz ədəd də ağac əkdirsən o, yenə ətrafında gördüyü yaşıl örtüyü məhv etməyə davam edəcəkdir. Ona görə də insanlığın bu sahədə maarifləndirilməsi, indi və gələcəkdə qarşımızda duran problemlərinin həllində əvəzsiz rol oynayacaqdır. Çünki dünyada baş verən müsibətlərin, problemlərin başlıca səbəb qaynağı elə məhz insan özüdür.
Son olaraq onu qeyd etmək istərdim ki, bir körpənin anadan olmasından ölümünə qədər olan bütün həyat yoluna işıq tutan İslam dini dünyanın və dünya ictimaiyyətinin qurtuluşunda və problemlərdən uzaq həyat yaşamasında əvəzsiz rol oynayır.
Təbiəti təmiz saxlamaq üçün təmiz cəmiyyətin formalaşması nə qədər vacibdirsə, təmiz cəmiyyətin də formalaşması üçün İslam dini ən azından o qədər vacibdir.
ŞƏRHLƏR