Qurani-Kərim və rus ədəbi-estetik fikri

Qurani-Kərim və rus ədəbi-estetik fikri

Kitabin insan mənəviyyatina bəxş etdiyi güc-qüdrət onun fəlsəfi estetik dəyərləri üzərində qurulan sözün sehr, cazibə qüvvəsilə ölçülməlidır.Belə əsərlər isə nədənsə az-az yazılır.

Yaxın günlərdə Prof. Asif Hacılının “Qurani Kərim rus ədəbiyyatında” adlı kitabını oxudum. Həmkarımın böyük zövq,təmkin və sadə dildə qələmə aldığı əsərinin Bakı Slavyan Universitetnin tələbələri üçün mühazirə kursu olduğu içimdə xoş duyğular oyatdı.

AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi professor Kamal Abdullayev “Ecazkar mənalar aləmi” adlı ön sözündə qeyd edir: “Qurani-Kərimin dərin dini, fəlsəfi, mənəvi, bədii axtarışlara sövq etdiyi, humanist dəyərlər aşıladığı rus yazıçı və şairlərinin İslam ruhu aşılanmış əsərləri olduqca aktualdır.Bu zəngin irs islamın ümumbəşəri mahiyyətini bir daha təsbit etməklə yanaşı,görkəmli nümayəndələrin timsalında rus ədəbiyyatının humanist məzmununun dərki, xalqlarımızın bir-birini daha yaxından tanıması üçün də dəyərlidir.”

Müqəddəs Qurani-Kərimin rus ədəbi mühitində, xususilə bir sıra mütəfəkkir rus şair və yazıçılarının həyatında,yaradıcılığında təsir izlərini araşdıran, bu haqda öz alim-tədqiqatçı sözünü yazan prof. A. Hacılı sözün həqiqi mənasında dəyərli bir kitabı ərsəyə gətirmişdir.

Dünya ədəbiyyatının yaradıcılarından biri, dahi rus şairi A.S.Puşkinin (1799-1837) yaradıcılığının ilham mənbəyini Qurani-Kərim və Məhəmməd Peyğəmbər (s.ə.s) şəxsiyyəti ilə bağlamaq çoxlarına qəribə görünsə də, bu, həqiqət işığında reallığın təntənəsidir. Onun  İslama və İslam Peyğəmbərinə sidq ürəklə bağlılığında təbii ki, şairin “Böyük Pyotrun ərəbi” povestində İbrahim obrazı ilə təqdim etdiyi ulu ata babası müsəlman İbrahim Hannibalın mühüm rolu olmuşdur. Prof. A.Hacılı haqlı olaraq mühakiməsinin təsdiqi üçün nəinki Avropa oriental ədəbiyyatının, eləcə də rus ictimai və elmi fikrinin çox məşhur şərqşünaslarından Prof. İ.Kaydanov, Prof. A.Boldırev,şərqşünas N.Y.Biçurinin təsiri və şairin özünün müsəlman həyatı ilə yaxından tanışlığını ön plana çəkmiş və yeri gəldikcə onun mövzu ilə bağlı şeirlərindən maraqlı poetik numunələri təqdim etmişdir.

Şərq mövzusunda 50-dən çox əsərini yazmış şairin Qurani-Kərimin ayələri əsasında 9 şeirlər silsiləsi ədəbiyyat tənqidçilərinə yaxşı məlumdur. 33 surənin 81 ayəsindən bəhrələnən, yaxud birbaşa istifadə edən A.S. Puşkinin həmin şeirlər silsiləsi oxucu ürəyini özünə ram edən sənət inciləri kimi dəyərləndirilmişdir.Gorkəmli rus tənqidçisi V.Q.Belinskinin  şairin “Qurana təqlidləri”ni Puşkinin poeziya tacında almaz adlandırmışdır.

“Hacı Murad”, “Kazaklar”, “Basqın” kimi monumental əsərləri ilə Qafqaz müsəlmanlarının mübarizələrlə bağlı həyatının canlı təsvirini yaradan dünya ədəbiyyatının daha bir dahisi, rus yazıçısı Lev Tolstoydur (1828-1910). Onun ədəbi fəaliyyətinin ilk dövrü Qafqazla bağlı olmuşdur. Onun düz 101 il əvvəl – 15 mart 1909-cu il tarixdə Yasnaya Folyanadan Azərbaycanın məşhur Vəkilovlar ailəsinə - bu ailənin gəlini olan Yelena Yefimovna Vəkilovaya göndərdiyi məktubu kimisə heyrətləndirə bilər: “Müsəlmanlığa pravoslavlığa görə üstünlük verilməsinə gəldikdə isə.... mən bütün qəlbimlə bu keçidə yalnız tərəfdar ola bilərəm. Bunu demək nə qədər qəribə olsa da, həqiqi mənada xristian ideallarını və təlimini uca tutan mənin üçün heç bir şübhə yoxdur ki, islam öz zahiri formalarıyla kilsə pravoslavlığından müqayisəyə gəlməz dərəcədə üstündür. Buna görə də əgər insanın qarşısında iki seçim varsa: kilsə pravoslavlığı və ya İslamı seçmək, onda hər bir ağıllı adam üçün bu seçimdə tərəddüd ola bilməz və hər kəs tək Allah və Onun Peyğəmbəri ilə müsəlmanlığı mürəkkəb və anlaşılmaz ilahiyyatdan – üçlük – tövbə, sirr, müqəddəslər və onların təsvirləri və mürəkkəb ayinlərdən üstün tutacaq...

Öz oğlanlarının İslamı qəbul etmək istəyini yüksək qiymətləndirən yazıçının cavab məktubunda seçimin tərəddüdləri İslamı qəbul etməyin ən düzgün və yeganə yol olduğu göstərilir. Bu, təsadüfi deyildir. Çünki bu seçim qarşısında Haqq yolunun-İslamın ruhani mənəvi dəyərləri ilə dünyada qazandığı işıq selinə bürünən onun örnək yaradıcısı İslam Peyğəmbəri (s.ə.s) inanc və inamın təntənəsini özündə təcəssüm etdiyini çoxlarına bəyan etmişdir.

  Böyük alman şairi Höte kimi özünü müsəlman adlandırmağı şərəf sayan Tolstoyun da, Qərb yazıçılarının heyrət və heyranlığına güzgü tutan F.Dostoyevskinin (1821-1881) də İslama və onun Peyğəmbərinə olan sonsuz məhəbbəti haqqında həqiqətə söykənən ədəbi və tarixi faktlar az deyildir. “Cinayət və Cəza”, “Oyunçu”, “İdiot” kimi məşhur romanları ilə XIX və XX əsr dünya yazıçılarının müəllimi olan bu böyük sənətkarın ulu babası haqqında bir həqiqəti də xatırlatmağa dəyər. “Dostoyevskinin dünyagörüşü və İslama münasibəti baxımından əslində birbaşa rolu olmasa da, özlüyündə maraqlı olan bir faktı da təqdim etmək istərdik:1389-cu ildə otuz atlı ilə Qızıl Ordadan Moskvaya köçmüş Tatar əsilzadəsi Aslan Mirzə Çələbini Moskva knyazı Kremenskə sahib edir. Mirzə Çələbi nəslinin İrtışşev soyadı daşıyan bir hissəsi sonradan Litvaya köçür. F.M.Dostoyevskinin ulu babası, Mirzə Çələbidən törəyən Danilo İvanoviç İrtışşev 1506-ci ildən mülkü olan Dostoyevo kəndində Dostoyevski famili yaranır... Sonradan Danilo İvanoviçin nəvəsi Fyodr tatarların çox olduğu Volına köçüb və yazıçı F.Dostoyevski də Aslan Çələbidən gələn bu nəslin birbaşa nümayəndəsidir.”

Kitabın müəllifi Prof. Asif Hacılının Qurani-Kərimə, İslam mədəniyyətinə sevgi, həssas alim peşəkarlığı və səriştəsi ilə qələmə aldığı yeni kitabı Şərq və Qərb sivilizasiyalarını biri- birinə yaxınlaşdıran, islami mövzuda yazılmış əsərlərin doğma dilimizə tərcümə olunmasına ciddi maraq oyadan ensiklopedik nəşr kimi dəyərləndirilə bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz