Mizanı Pozmayın
Hər hökmdarın bir üsuli-idarəsi, ölkəsində qoyduğu qanun və nizam-intizamı vardır. Hakimi-Mütləq olan Uca Yaradanın da xəlq etdiyi kainatda qoyduğu bir nizam var. Bu həqiqət Qurani-Kərimdə belə ifadə edilir:
“Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edər. Otlar da, ağaclar da Allaha səcdə edər! Göyü O ucaltdı, mizanı (müvazinəti, tarazlığı) O qoydu. Ona görə də mizanı pozmayın!” (ər-Rəhman 5-8)
Burada Allah-Təala yerin və göyün bəzi xüsusiyyətlərinə diqqət çəkir. Günəşin, ayın, dolayısıyla bütün kosmik cismlərin xüsusi ölçü ilə hərəkət etdiyini və bu incə, həssas ölçünün böyük qüdrət tərəfindən qoyulduğunu xatırladır. Otların, ağacların, dolayısıyla yer üzündə var olan hər şeyin xüsusi qaydada ilahi qüdrətə boyun əydiyini, Onun əmrində olduğunu vurgulayır. O, kainata bir nizam, tarazlıq qoydu. Kainatda nə varsa hər şey bir-birini tarazlayır. Elə isə siz də bu nizamı, tarazlığı pozmayın. Ayədə keçən “mizan” sözü bəzi məal və təfsirlərdə birmənalı formada tərəzidə aldatmayın şəklində şərh edilsə də, əslində bu söz geniş bir mənanı əhatə edir və kainatda qoyulmuş nizamı pozmayın olaraq başa düşülməlidir. Çünki Yaradan hər şeyi ən yaxşı biləndir və heç nəyi əbəs yerə yaratmamışdır. Qadiri-Mütləq olan Allah biz bəndələrini dayaz ağlımıza istinad edərək nəyisə əbəs görməməyə səsləyir. Yer üzündə xoşbəxt yaşamağımızın ilahi nizama boyun əyməkdən keçdiyini bildirir.
Allah insanı yer üzünün xəlifəsi olaraq yaratdı. Xəlifə demək özündən üstün mövqedə olanın bir növ vəkili, davamçısı, əmrlərinin icraçısı deməkdir. İnsanın əsas məqsədi ilahi mizanın qoyulmuş olduğu dünyada Yaradanını tanıması, Onun əmrlərini yerinə yetirmək, yer üzünü abad etməkdir. Bir çox ayələrdə də “əsla yer üzündə fəsad çıxarmayın” əmriylə qarşılaşan biz insanlarsa nə etdik? İnsan olduğumuzu, Rəbbimizin qulu olduğumuzu unutduq. İlahi nizamı pozacaq addımlar atdıq. Rəbbimizin “mizanı pozmayın” əmrini qulaqardına vurduq. Və unutduq ki, təbiətdə apardığımız və əsaslı gördüyümüz halda heç bir əsası olmayan təxribatlarımız yaşadığımız dünyanı gün keçdikcə daha yaşanmaz hala gətirir. Təbiətə vurduğumuz ziyan bəşəriyyətə tuşlanmış silaha çevrilir. Bu gün qlobal istiləşmə dediyimiz ümumi bəlamız, daşqınların artması, istiləşmə nəticəsində buzlaqların əriməsi və dünyanı təhlükə qarşısında qoyan bu kimi təbii fəlakətlərin səbəbi elə özümüzük. Allah-Təala dünyanı insanın ehtiyaclarına cavab verəcək şəkildə yaratmışdır. Lakin biz insanlar həddən artığını istəyərək meyvə-tərəvəzlərin geniylə oynadıq, qapımızdakı itlərin bəd olması üçün qulaqlarını kəsdik və bir sıra təhriflər apardıq. Çünki almada qurdun olması, xiyar-pomidorun eyni boyda, eyni parlaqlıqda olmaması bizim standartlarımıza cavab vermirdi. Buna görə də hər şeyin geninə müdaxilə etməyə çalışdıq. Nəticədə isə müxtəlif xəstəliklərin tüğyan etdiyi dünyaya məhkum olduq. Artıq qeyri-adi şəkildə müdaxilə etdiyimiz yeyinti məhsullarının bizi sonsuzluqla, xərçəng və bu kimi bəlalarla üz-üzə qoyduğu faktı ilə qarşılaşdıq. Demək olar ki, hər il qrip xəstəliyinin yeni forması ilə tanış oluruq. Gün keçdikcə dünyaya yeni gələn uşaqlara vurulan peyvəndlərin sayı da artır. Çünki biz dünyamızı yaşanmaz hala gətirdik. Onu mikrobların, virusların meydan suladığı hərb sahəsinə çevirdik. Yadıma bir vaxtlar Çində sərçələrin kütləvi şəkildə məhv edilməsi düşdü. Taxıl zəmilərinə ziyan vurduqlarıni iddia edən Çin höküməti bütün vətəndaşları sərçə ovuna səfərbər etmişdi. Ən son öldürülən sərçənin nümayiş etdirildiyi səhnəni bəlkə də çoxlarımız video materiallardan izləmişik. Sonra nə oldu? Üstündən çox keçmədi ki, Çində taxıl sahələrini çəyirtkə və ziyanverici həşəratlar basdı. Taxıl qıtlığı ilə qarşı-qarşıya gələn hökumət qonşu dövlətlərdən pul verərək sərçə almağa məcbur oldu. Nə qədər də gülməli, gülməli olduğu qədər də acınacaqlı bir hadisə... Təəssüflər olsun ki, insan oğlu bəzən heç nədən dərs almır. Keçən ilin oktyabr ayında qəzetlərdə, televiziya ekranlarında belə bir məlumat yayıldı: “Amerikanın kosmik tədqiqat mərkəzi NASA ayı bombaladı!” Səbəb? Ayda su axtarışı... Görəsən insan nəyin axtarışındadır? Axı niyə özünü həlak etməyə can atdığını dərk eləmir? Bu gün ayda suyun tapılması nəyi dəyişdirəcək axı? Halbuki neçə min illərdir ayda suyun olub-olmamasını bilmədən yaşayanlar bizdən daha xoşbəxt idilər. Əlimizdəki su ehtiyatlarını məhv edəcək addımlar atdıqdan sonra, əlimizdəkinə sahib çıxmaqdansa ayı bombalamaq hansı məntiqə sığar? Bəlkə yer üzünü, yerdəki canlıları bombalamaqdan bezdiyimiz üçün ayı bombalamaq qərarına gəlmişik? Sanki insan oğlu israrla kainatın nizamını pozmağa çalışır. Nəticədə ortaya çıxan problemlər də onu yolundan döndərmir. Halbuki o, özünün də kainatın bir parçası olduğunu qəbul etsə ilahi nizama boyun əysə daha sağlam, daha xoşbəxt həyat sürər. Bir neçə ay əvvəl bazarda alış-veriş edərkən gözümə ağ rəngli badımcan, qış olmasına baxmayaraq qoz boyda üzüm və bu kimi geni ilə oynanmış meyvə-tərəvəz sataşdı. Qeyri-ixtiyari olaraq yanımdakına “30 il bundan əvvəl bu qədər çeşid yox idi, amma insanlar daha xoşbəxt idilər”, -dedim. Həqiqətən elə deyilmi? Yaradan hər meyvəni öz fəslində, lazımi rəngində, dadında və ölçüsündə yaradıb. Niyə müdaxilə edirik axı? Burada Mərkəz Əfəndi adıyla məşhur olan bir Allah dostundan misal verərək yazımı nöqtələmək istəyirəm:
Musa Əfəndi Şeyx Sünbül Sinanın tələbəsi idi. Bir gün Sünbül Sinan tələbələrindən soruşur: “Bu dünyada hər hansı bir dəyişiklik etmək ixtiyarına malik olsaydınız nə edərdiniz?” Tələbələrdən kimisi insanlar arasında filankəsləri yox edəcəyini, kimisi təbiətrə hər hansı bir dəyişikliyi edəcəyini və s. söyləyir. Ustad Musa Əfəndinin susduğunu görüb eyni sualı ona da verir. Cavab isə belə olur: “Əfəndim, haşa, Allahın kainatı idarə etməsində nə isə bir nöqsan varmı ki, mən ona müdaxilə edim?!.” Bu cavabı alan mürşidi “İş mərkəzini tapdı” dedi və o gündən sonra Musa Əfəndi Mərkəz Muslihiddin Əfəndi ləqəbiylə məşhur oldu...
ŞƏRHLƏR