Nәdir Bizi Yıxan Bu Ümidsizlik?
Çox vaxt yaşadığımız psixoloji pozuntudur ümidsizlik. Bir işdə müvəffəqiyyətsizliyimiz, gördüyümüz işlərin bizə ağır gəlməsi, işlədiyimiz günahlar, gözəl əməllərə və ibadətlərə güc çatdıra bilməməyimiz və bu kimi səbəblərdir bizi ümidizlik girdabına aparan. Hətta insan bəzən özündən belə ümid kəsir; özünün bir işə yaramadığını, əlindən bir şey gəlmədiyini düşünür və ümidsizliyin dərin dəryasına gözübağlı girir.
Nədir düşdüyümüz bu ümidsizlik dəryası?
Ümidsizlik dəryası din əxlaqından uzaq qalan insanların müalicəyə möhtac ruhi bir xəstəliyidir. Bu, Allahın varlığını qəbul etməyən, ya da Allah-Təalanı lazımi qədər tanıya bilməyib “Ey özünüzə zülm edən qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin!” ayeyi-kəriməsindən bixəbər olan insanların psixologiyasıdır. Bunu unutmamaq lazımdır ki, bu haləti-ruhiyyədəki insanlar hər bir vəziyyəti pisə yozarlar, hər xeyir işdə bəd cəhət tapmağa çalışarlar. Çünki şeytan bu cür insanlara səmimi bir dost kimi yaxınlaşaraq ona inamsızlığı, gələcəyə doğru ümidsiz olmağı, hadisələrə həmişə pessimist yanaşmağı təlqin edər. Bunu edən insan onsuz da bəri başdan uduzmuş, ümidsizliyə düçar olub məğlubiyyəti qəbul etmişdir. Qısaca desək, kor-koranə içinə atıldığı ümidsizlik dəryası ona hər cür əziyyət və cəhənnəm əzabı daddırır.
İnkar edənlər, yaxud da Allahın rəhmətini kifayət qədər dərk edə bilməyənlər bu halda ikən, bizə nə olur ki, onlar kimi eyni halı yaşamağa davam edirik?
Halbuki Qurani baxış yönü insana, möminlərə bütün bunların ilahi qadər zənciri olduğunu xatırladır. Onsuz da öz taleyini insan özü həll edər. Məlumdur ki, hadisələri yaxşıya yozmaq insanların ümid və şövqünü ehya etmək çox böyük bir müvəffəqiyyətdir. Ancaq buna baxmayaraq, hadisənin həmişə müsbət tərəflərini bir kənara qoyub mənfi tərəfləri içərisində çabalayan insanlara belə çıxış yolu göstərə bilən əsl möminlər çoxdur. Bu insanlar, həqiqi imanları, duruş və təbəssümləri ilə ümidsizlərə ümid yolu açmışlar. Onların zəngin ruhları, iman və eşqlə dolu könülləri bir günəş kimi ümidsizlərin sönən ruhunu aydınlatmışdır.
Nə gündəlik həyatımızın axışı, nə bədbəxt hadisələr, nə çəkdiyimiz iztirablar, nə kasıblıq, nə zəiflik, nə də müvəqqiyyətsizlik, həqiqi iman sahiblərini “ümidvar” olmaqdan imtina etdirə bilməz, etməməlidir də. İnsanlardan, düşmənlərinin siyahısını çıxartmaları istənilsə, bu sıralamada ümidsizliyi bəlkə də heç qeyd etməyəcəklər. Çünki ümidsizlik bir düşmən olaraq görülmür, amma insan maddi və mənəvi yüksəlişin önündə maneə kimi duran ən böyük səddin “ümidsizlik” olduğunu hiss edə bilmir. Bugünkü tibb elmi belə optimist və ümidli bir şəxs ilə bədbin və ümidsiz bir şəxsin organizmasını müqayisə etdikdə ümidsiz insanların daha çox xəstələndiyini sübut etmişdir.
Gözəl bir söz var: “Ümidini itirənin, itirəcək başqa heç bir şeyi qalmayıb.” Ümidi itirmək bir insanın ürəyinin dayanması deməkdir. Şeytan bu kimi zəhərli oxları ilə möminlərin iman qalalarını yıxmağa çalışır. Çünki düşməni zəbt etmək üçün ilk növbədə onun sağlam divarlarını yıxmaq lazım gəlir. Xoşbəxtlik ürəkdən gələn bir duyğudur və bunun qatili də şeytanın “ümidsizlik silahı”dır. Bu silaha tuş gələn möminin əvvəlcə ümidləri qırılar, sonra da qırılan bu ümidlər bağlandığı Allahın rəhmət və təvəkkülündən qopar. Әn sonda isə şeytan ən böyük zərbəni endirərək onu “mütləq ümidsizliyə” düşürər. Mütləq ümidsizliyin sonu isə şübhəsiz ki, intihardır. Bu halda da insanın, öz-özünün qatili olmaqdan başqa çıxış yolu qalmır.
Ümidsiz insan özünə zərər verməklə qalmır. Özünə olduğu kimi, ətrafdakı insanlara da öz ümidsiz halını sirayət etdirir. Bu davranışıyla bir növ şeytanın köməkçisinə çevrilir. Çünki şeytan insanlara yerləşdirmək istədiyi bədbinlik halını onun vasitəsilə təlqin edər. Belə bir vəziyyətdə insan -bilərək və ya bilməyərək- şeytanın xidmətinə girmiş olur. Halbuki insan şeytan üçün yox, Allahın dininə xidmət etmək üçün yaradılmışdır.
Nəticə etibarilə, hər çətin vəziyyətdə çıxış yolu tapan, hər zaman ümidvar olan, gələcəyə daima ümidlə baxan hər bir mömin həm Allahın razılığını və axirət savabını qazanar, həm də Allahın bir neməti olaraq dünyada da sağlam və xoşbəxt bir həyat sürər.
ŞƏRHLƏR