Vuruşdular...
90 il bundan əvvəl bolşevik Rusiyasının Azərbaycana hərbi müdaxiləsindən sonra hakimiyyət formal olaraq Azərbaycan bolşeviklərinin əlinə keçsə də faktiki olaraq ölkəni qaniçən XI ordu idarə edirdi.
Guya qan tökmədən Azərbaycanda hakimiyyəti ələ alan rus ordusu əslində Yalamadan Bakıya qədər döyüşərək gəlmişdi. Və bu həqiqəti “tarix yazanlar” bizdən 70 il ustalıqla gizlətmişdilər.
Azərbaycanın şimal şəhərlərini qoruyan azsaylı hərbi hissələrimizin əsgərləri özlərindən sayca qat-qat çox olan bolşeviklər ilə qeyri-bərabər döyüşdə son nəfərəqədər vuruşub şəhid oldular.
Vuruşdular:
Onlardan yeddi dəfə, yetmiş qat
artıq olan
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə...
Rus bolşevikləri keçmiş Rus imperiyasının Qafqazdakı keçmiş sərhədlərini başqa bir adla bərpa etməyə başlamışdı. Və bu bərpaya da Azərbaycandan başlamışdı.
Demək olar ki, hakimiyyəti ələ keçirdikləri ilk gündən məsul vəzifələrdə çalışan azərbaycanlıların təqibinə başladılar. Rus, erməni, gürcü və azərbaycanlı olmayan qeyri millətlərin nümayəndələrinin azərbaycanlılar üzərində sözün həqiqi mənasında ağalığına rəvac verilirdi.
Namusu, mənliyi tapdanan, azadlığı əlindən alınan Azərbaycan Hamlet sualı qarşısında qalmışdı.
“Olum, ya ölüm” sualına cavab axtaranlar şərəfli ölümü tərcih edərək ayağa qalxdılar..
Azərbaycanda qiyam başladı.
Qiyamın mərkəzi çar generalı Sisyanova parça-parça olana qədər müqavimət göstərən Cavad xanın şəhəri Gəncə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə...
Rus işğalından təxminən 1 ay sonra – mayın 23-də Azərbaycan ordusunun generalları Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov, Məhəmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımovun və başqalarının iştirakı ilə sonuncu müşavirə oldu və üsyanın vaxtı müəyyənləşdirildi. Qaçaq Qənbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və digər qaçaqlar da öz dəstələri ilə birlikdə Gəncə qiyamında iştirak edirdilər.
Üsyan may ayının 25-dən 26-na keçən gecə başladı. Dəqiq planla hərəkət edən üsyançılar qısa müddətdə hərbi anbar, şəhər xəstəxanası, dəmiryolu stansiyası və fövqəladə komissarlığın binasını ələ keçirdilər.
Vuruşdular:
Son gülləyə,
son süngüyə,
son qundağa qədər...
...Üsyana rəhbərlik edən Azərbaycan ordusu generallarının üsyana mayın axırlarında başlamaq qərarına gəlməsi heç də bir təsadüf deyildi. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında Cümhuriyyət elan edilməsinin 2 illiyini qeyd etmək arzusu ilə yaşayırdılar. Şərəfli zabit andına son ana qədər sadiq qalan bu generallar Vətən, xalq qarşısında son əsgəri borclarını yerinə yetirərək Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında Cümhuriyyət elan edilməsinin 2 illiyini qeyd etmək arzusu ilə yaşayırdılar. Və bu arzunun, istəyin yolunda ölməyə dəyərdi.
Yaralılar ufuldamadı
Can verənlər inləmədi.
Susuzlar yandım demədi,
Öpdü qurumuş dodaqları
Qan hopmuş torpağı.
Yaralarına basdılar
Qan rəngli bayrağı...
Təxminən 2 ay əvvəl “Ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq” deyən Cavad bəy Şıxlinski öz qəhrəman döyüşçüləri ilə bərabər Gəncədə yenidən üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırdı.
Bir haşiyə: Cavad bəy Şıxlinski (1875-1959) Azərbaycan Xalq Cümhuriyyəti ordusunun diviziya komandiri general-mayor Cavad bəy Şıxlinski əfsanəvi general Əlağa Şıxlinskinin qardaşı oğlu idi. 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan torpaqlarını və Bakını erməni bolşevik işğalından azad edilməsində göstərdiyi igidliklərə görə Nuru paşa tərəfindən Türkiyənin hərbi medalına layiq görülmüşdür.
...1920-ci ilin Novruz bayramı günlərində erməni silahlıları eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdəki qoşun bölmələrimizin üzərinə hücum etdilər. Lakin C. Şıxlinskinin, Həbib bəy Səlimovun, Teymur bəy Novruzovun və digər zabit və əsgərlərin şücaəti nəticəsində erməni silahlı qüvvələri QarabağınAzərbaycandan qoparılmasına nail ola bilmədilər.
Yeri gəlmişkən onu dademək lazımdır ki, 1920-ci il bolşevik işğalına qədərki (1905-07, 1918-20-ci illər) dövrdə ermənilər minlərlə günahsız insanı qətlə yetirsələr, yüzlərlə kəndi yandırıb xarabalığa çevirsələr də sonda Azərbaycan oğulları ermənilərə layiqli cavabı vermiş, bir qarış da olsa Azərbaycan torpağı işğal olunmamışdı.
...Mayın 28-də Gəncə üsyanının rəhbərləri və şəhər ziyalıları dairə məhkəməsinin binasında istiqlalıyyətimizin 2-ci ildönümünü təntənə ilə qeyd etdilər. Bu təntənəli mərasim qeyri-adi bir şəraitdə keçirilirdi. Gəncə və Gəncə ətrafı ərazilərə ardı-arası kəsilmədən rus ordusunun diviziya və alayları toplanırdı. Top səsləri, pulemyot şaqqıltıları, güllə səslərinə qarışan Azərbaycan himninin “namusunun hifz etməyə cümlə gənclər müştaqdır” misraları qədim Gəncənin qan çilənmiş küçələrinə yayılır, millətin hələ ölmədiyindən, yaşadığından xəbər verirdi.
Vuruşdular:
Hər şey qırmızı geydi,
daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər...
...Mayın 29-da ağırdan-ağır döyüşlər getdi. Kifayət qədər gücləndirilmiş işğalçı Qırmızı Ordunun bir neçə hücumunu uğurla dəf edən üsyançılar əks-hücum nəticəsində düşməni çətin vəziyyətə saldılar. Bu əks-hücumda şəhərin müxtəlif yerlərində qəfil peyda olan çevik qaçaq dəstələri də düşmənə ağır zərbələr vururdu.
Üsyançıların sıraları seyrəldikcə mübarizə əzmi, gücü daha da artır, damarlarında at belində Altaylardan düşərək qılınc çala-çala Avropanı lərzəyə salan babalarının döyüşkən ruhu baş qaldırırdı. Öz hökumətini, torpağını axıra qədər qoruyan zabitlər, əsgərlər, sıravi insanlar o gün kişilik imtahanı verdilər və bu imtahandan üzüağ çıxdılar.
Söykənib qala divarlarına
Öldülər ayaq üstə;
Çiyin-çiyinə.
Ulduzlar şahid oldu
bir sırada dayanmış
ölülərin qabağından
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Çətin vəziyyətə düşən bolşevik ordu komandanlığı Gəncəyə əlavə hərbi qüvvə gətirmək qərarına gəldilər... May ayının 31-də zirehli texnikanın və topların güclü atəşi altında bütün istiqamətlərdən şəhərə hücum başladı. Şəhəri tərk edə bilməyən üsyançılar və dinc əhali bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirildilər.
Öldülər ayaqları altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları...
Üsyan yatırıldıqdan sonra Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, stabskapitan, poruçik, podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Ümumilikdə rus-bolşevik ordusu tərəfindən on minə qədər azərbaycanlı öldürüldü.
Gecə ağır keçdi
Cənazələrin üstündən:
Keçdi getdi yolu şəhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
Bolşevik işğalına qarşı xalqın kütləvi etirazı Gəncə üsyanı ilə məhdudlaşmadı. XI Ordu Gəncədə yandırılmış azadlıq tonqalını tam söndürə bilmədi. Bu tonqalın qığılcımları Azərbaycanın hər yerinə yayıldı. Tərtərdə XI Ordunun bir alayı tamamilə məhv edildi. Zaqatala, Quba, Lənkəranda kütləvi etirazlar üsyana çevrildi.
...Gəncə üsyanının əsas təşkilatçılarından biri olan Cahangir bəy Kazımbəyov üsyan yatırıldıqdan sonra ailəsini Gəncədən çıxarmağa nail olmuş, Qazax rayonu ərazisində düşmənlə üz-üzə gələrək qanlı döyüşlərdən sonra əvvəlcə Tiflisə, sonra İstanbula gedə bilmişdi. 1955-ci ildə Sovet əks-kəşfiyyatı tərəfindən Berlində xaincəsinə qətlə yetirilən C. Kazımbəyov 90 il əvvəl baş vermiş Gəncə üsyanına belə qiymət vermişdi:
“28 May yalnız Milli İstiqlalımızın elan günü kimi deyil, Vətən uğrunda şəhid verdiyimiz gün kimi də tariximizə yazılmalıdır... 28 May günündə düşmənə cavabımız ruhumuzun yüksəkliyinin, mənəvi qalibiyyətimizin simvolu olacaqdır.”
Hər il may ayında bir məşhur mahnıda deyildiyi kimi “...Gəncə çölündə çıxıbdır yenə də dizə lalələr”. Görəsən bu lalələr Gəncə qiyamına hələ də lazımi qiymət verməyən bizlərin əvəzinə utandıqlarından belə qırmızıdır, yoxsa torpağa hopan şəhid qanlarıdır ki, hər il may ayında fışqırıb üzə çıxır?!
Yazıda xalq şairi Rəsul Rzanın “Ərk Qalası” şeirindən istifadə edilmişdir.
ŞƏRHLƏR