Kriz Var Kriz!
Dünya xüsusilə son on ildə bir sözə çox alışdı. Hər kəsin, hər bir qurumun gündəminə çevrilən “kriz” qavramı eyni zamanda həyatımıza girən sosial bir hadisə olaraq varlığını davam etdirməkdədir.
Bu sözün lüğətlərdəki mənası “Böhran, sarsıntı, bir təşkilatın yüksək hədəflərini və işləmə prosedurunu təhdid edən və ya həyatını təhlükəyə atan, təcili qərar verməyi zəruriləşdirən, nizamını yetərsiz hala gətirən vəziyyət” olaraq qeyd edilir. “Böhran” sözü insana daha tanış gəlir. Krizə əvvəlkilər böhran deyirdilər. Bu da dar mənada hər hansı bir mövzuda baş verən sarsıntı halıdır. “Kriz” sözünün insana aşıladığı şey daha qorxuncdur.
Əvvəllər bu söz daha çox tibb sahəsində işlənirdi. Məsələn, “qəlb krizi” (infarkt) ifadəsi hamımızın bildiyi və nə mənaya gəldiyinə yad olmadığımız bir ifadədir. Yəni kriz deyildikdə ağlımıza ilk gələn bəlkə də qəlb krizi idi. Ancaq son illərdə “kriz” sözü o qədər fərqli mənalara gəlməyə başladı ki, artıq hər şeyin krizi var. Və kriz qavramının ifadəsi ilə normal olmayan şeylərə də bu sözlə bir don geydirilmiş olur.
Qloballaşan bir dünyada artıq hər şeyin bir-birini sürətlə təsir altında qoyduğu atmosferdə sosial hadisələr, iqtisadi problemlər və ya siyasi tarazsızlıqların hamısına birdən “kriz” sözü artırılır və hər birimiz bu sözü hər hasnsı bir hadisə üçün işlədirik.
Xüsusilə ölkələr arasında get-gedə aradan götürülən sərhəd məfhumu xəritələrdə silinməsinə baxmayaraq bir ölkədə baş verən hər hansı bir sosial hadisə başqa ölkəyə də təsir edir və “kürəsəl kriz” dediyimiz hadisə baş verir.
Daha çox son illərdə iqtisadiyyatla yanaşı işlənən kriz sözü sanki bu sahənin termininə çevrilib. Bakıda daha sonra bir vaxtlar bankda işlədiyini öyrəndiyim bir restoran administratoru bir dəfə iqtisadi böhranı (krizi) çox gözəl xülasə etmişdi. Bu işin üç mərhələsi var demişdi:
“Birinci mərhələ psixolojidir. Əvvəlcə insanları bu və bu kimi hadisələrə alışdırma mərhələsi. Əgər ölkədə iqtisadi böhran havası əsdirəcəksənsə, onun kütləvi informasiya vasitələri sayəsində yayılmasına nail ol və xalqı kriz olacağına psixoloji cəhətdən hazırla.
İkinci mərhələ iqtisadi cəhətdir. Bu ruh halında olan xalq və ya iş adamları əllərindəki maddi vəsaiti daha diqqətli xərcləyəcək, daha az alış-veriş edəcək, kapital qoymayacaq, fabrikindən işçiləri çıxaracaq. Beləliklə işsizlər çoxalacaq.
Üçüncü mərhələ isə işin sosial cəhətidir. Bu mərhələdə sosial partlayışlar baş verir. Məsələn, intiharlar olur. Borcunu ödəyə bilməyən insanlar çoxalır. Oğurluq artır. Soyğunlar olur. Kütləvi işdən çıxarmalar nəticəsində dramatik hadisələr yaşanır. Bununla da krizin üç mərhələsi tamamlanmış olur.”
Daha sonra krizdən geri dönüş başlayır. Geri dönüş də eynilə üç mərhələdən ibarətdir. Psixoloji, iqtisadi və sosioloji. Amma bu səfər müsbət mənada.”
Sözün düzü, bu dostumun işi bu qədər qısa və xülasə açıqlaması çox xoşuma gəlmişdi.
Bu, məsələnin iqtisadi aspektdən dəyərləndirilməsi. Bir də krizin iqtisadiyyatla əlaqəli olmayanları var: insan krizi, qənaətsizlik krizi, imansızlıq krizi, təkəbbür krizi, ədalətsizlik krizi, ibadət etməmə krizi… Bu krizlər arasında var olan, amma nədənsə gündəmimizdə olmayan krizlər.
İnsan krizinin olduğu hər yerdə digər krizlər də baş verir. İnsanın quruluşunda meydana gələ biləcək bir pozulmanın ardından başqa krizlər də gəlir. Əsas odur ki, insan pozulmasın! İnsanın təməl dəyərləri, onu insan edən amillər pozulduğu təqdirdə o ən zalım hala gəlir və Quranın ifadəsi ilə “alçaqdan da alçaq” ola bilir.
İnsanların arasında ədalətin təsis edilməsi birlikdə yaşamağa və fərqli dəyərlərə dözümlə bağlıdır. Ədalət krizə girmişsə orada insanların xoşbəxt olması qeyri-mümkündür. Fərqliliklərə dözə bilmək və hörmətlə yanaşmaq İslamın gülər üzünü də ortaya qoyur. İnsana göstəriləcək ədalət heç vaxt kriz mövzusu edilməyəcək bir haqdır.
İman zahirən fərdi bir məsələ kimi görünsə də, əslində cəmiyyəti başdan-ayağa abad edən bir məsələdir. Fərdin imanının əhəmiyyəti qədər cəmiyyətin də eyni şeylərə, eyni hədəflərə indekslənməsi və nailiyyətin əldə olunacağına inanması o cəmiyyəti ucaldan ünsürlərdir. İmanın yerini imansızlıq tutduğu zaman əsl kriz meydana çıxır. Ən təhlükəli də odur ki, insan inancını itirə. Bu, cəmiyyəti formalaşdıran insanın iflası, nəticə etibarilə isə cəmiyyətin iflası deməkdir.
Qürur və təkəbbür isə bir az hissi məsələdir.
Sözün qısası, krizi yalnız “iqtisadi kriz” mənasından çıxarmalı, əsl kriz nöqtələri müəyyənləşdirilməli və onların bərpası üçün lazımi səylər göstərilməlidir.
Qloballaşan dünyada bəlkə də sonugəlməz dünyəvi krizlər olacaq. Ancaq insana verilən bu qısa ömürdə onun düşə biləcəyi çuxurlara, krizlərə daha çox diqqət etməsi lazımdır.
ŞƏRHLƏR