VİCDAN MÜHASİBƏSİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “İnsanlardan və cinlərdən cəhənnəmə girəcək nə qədər kimsələr yaratdıq. Onların vicdanları var, lakin onunla anlamazlar; gözləri var, lakin onunla (Allahın möcüzələrini) görməzlər; qulaqları var, lakin onunla (öyüd-nəsihəti) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır”. (əl-Əraf, 179).
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Həbibi və Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Dünya səhnəsində daha çox “axır zaman” deyə adlandırılan yaşadığımız dövr vicdan aynalarında Allaha qul, Rəsuluna isə ümmət olma sədaqətinin amansız mübarizələrin fonunda ölüm-dirim savaşı verdiyi mürəkkəb bir zaman kəsimidir. Hadisələrin sürətli axışından dolayı artıq günlük deyil, saatlıq, bəlkə də, anlıq vicdan mühasibəsi iman və küfr mücadiləsinin gedişatını vicdan sahiblərinin xeyrinə dəyişə bilər. Xüsusi bir incəliklə səhnələnmiş dünya imtahanının hər bir sualına təmiz bir vicdan aynasında layiqli cavab verə bilmə məharəti, tək özünün deyil, bütün ümmətin dərdini o pak və müstəsna vicdan aynasında daşıyan, onu pisliklərdən təmizləyən və onu tərbiyə edərək Rəbbinə ən gözəl biçimdə təqdim edən Rəsulullaha (s.ə.s) bağlanmaqdan asılıdır. Paslanmış vicdan aynalarının Rəsulullahın rəhmət saçan vicdan çeşməsində yuyularaq təmiz hala gətirilməsinin önəminə diqqət çəkən Osman Nuri Topbaş əfəndi bunları söyləməkdədir:
“Rəsulullah əfəndimiz bizim ən böyük könül sərvətimizdir. Bütün dünya nemətlərinin bizim olmasına rəğmən Allah Rəsulunu tanımamış olsaydıq, bunun nə qiyməti olardı? Unutmayaq ki, nə qədər yaşamağımızdan asılı olmayaraq dünyadakı ömrümüz də, dünya da faniliyə məhkumdur. Fəqət Rəsulullah əfəndimizi tanıyıb ona can-könüldən itaət etmənin gətirəcəyi hüzur və səadət isə sonsuzdur...”
Rəsulullahın mərhəmət günəşi tək səadət saçan isti nəfəsinin qızdırmadığı adi vicdan hissindən məhrum qəflət aynaları olmaqdan Rəbbimizin rəhmət və mərhəmətinə sığınırıq. Rəvayət edildiyinə görə, qədim zamanlarda bir gün dövrün tanınmış alimi tələbələri ilə birgə “insan və həyat” dərsi ilə məşğul ikən zamanın məşhur münəccimi də bu toplantıya qatılır və alimi dinlədikdən sonra bunları söyləyir: “İnsan haqqında bu qədər uzunçuluq etməyə lüzum yoxdur. Mən insanın üzünə baxıb onun bütün xarakterini açıqlaya bilərəm”. Alim də dərhal: “O halda birinci məndən başla və mənim necə bir insan olduğumu anlat”,- deyir. Münəccim: “Birincisi, burun dəliklərin dodaqlarına görə çox genişdir. Yəni sən əsəbi adamsan”. Alim işarə ilə davam etməsini istəyir. Münəccim: “Alnın da genişdir. Demək ki, acgöz adamsan. Çənən dik başlayıb sivri olaraq bitir ki, bu da sənin səbirsizliyinin əlamətidir. Qolların uzundur, yəni pul-paranı çox sevirsən”. Tələbələr ustadlarına qarşı bu nalayiq münasibətə dözməyib ayağa qalxırlar. Münəccimi susdurmaq üçün üzərinə atılsalar da, alim onları zorla sakitləşdirir və münəccimə davam işarəsi verir. “Dişlərin çox sıxdır və çölə doğrudur, gözlərin də çox böyükdür. Yəni sən hər zaman hakimiyyətə qarşı duran və insanları üsyana təşviq edən yıxıcı, yırtıcı birisən”. Alim münəccimin üzünə gülümsəyib təşəkkür edir və hədiyyə də verərək yola salır. Əsəbdən özlərinə yer tapa bilməyən tələbələri isə ustadlarına yönəlirlər: “Bu adam sizin haqqınızda ləyaqətsiz şeylər söylədi. Niyyəti də pis idi. Amma siz ona çox gözəl davrandınız. Biz anlamadıq, görəsən, onun dediklərində həqiqət var idimi?” Alim də bu möhtəşəm cavabı verir: “Bəli, onun söylədiyi bütün mənasız xüsusiyyətlər məndə mövcuddur. Ona görə də mən ona hədiyyə verdim və söylədiklərinə əsəbiləşmədim. Fəqət o, bir şeyi söyləməyi unutdu. Məndə hər insanda olan pis xüsusiyyətlərin olduğunu deyərkən ürəyimə nəzər yetirmə məharətinə də sahib olsaydı, orada mənim haqqı nahaqdan ayıran vicdan sahibi olduğumu görərdi. Amma o, bunu görə bilmədi. Vicdan elə bir gücdür ki, insan təbiətində olan bütün mənfi təmayüllərə nəzarət edər, insanı pis xasiyyətin əsiri olmaqdan qoruyar və onu kamilləşdirər. Əgər münəccim bunu bilsəydi, insanın xarici görünüşünə deyil, sadəcə vicdan aynasına baxmaqla önündə duranın əsl qiymətini verə bilərdi”.
Göründüyü kimi, vicdan mühasibəsi əbədi fəlakətlərə qarşı qalxan olacaq bir qulluq ehtiyacıdır. İndi təqdim edəcəyimiz könül mühasibəsi bu istiqamətdə nə qədər məsafə qət etdiyimizi tam təfərrüatı ilə bizə anladacaqdır:
“Haqqa layiqli qul olma yoluna girdim,- dedim. Dedilər ki, sən deyil, biz səni murad etdik. -Mənə bir möcüzə göstərin,- dedim. Dedilər ki, dön və hidayətdən öncəki acınacaqlı halına bax. -Mən nə zaman kamillik mərtəbələrinə yüksələcəyəm,- deyə soruşdum. Dedilər ki, mənliyini, mən deməyi buraxınca. Rəbbimi bilmək istədiyimi rica etdim. Dedilər ki, özünü, Rəbbinin sənə ehsan etdiyi hesabsız nemətləri layiqincə bilmədikcə əsla bu haqda düşünmə”.
ŞƏRHLƏR