“HÜZUREVİ”
“Ölmədən əvvəl ölün” sözünün hədis olub-olmadığı mövzusunda mübahisələr davam edərkən dünya ölmədən əvvəl ölən və ölüm gəldiyi zaman ölənlərlə birlikdə fırlanmağa davam edir.
“Ölmədən əvvəl ölmək” sözünü həyatda hansı şəkildə prinsip halına gətirmək olar? Tövbə surəsinin 119-cu ayəsində “sadiqlərlə birlikdə olun” deyə əmr edilir. Qəbir ziyarəti ölmədən əvvəl ölmək yolunda atılan bir addımdır. Xəstə ziyarəti isə xəstələnmədən əvvəl xəstə olmaqdır. Bir insan sağlam olsa da, xəstə və xəstəxanalara vaxtaşırı baş çəkməlidir. Köçkün olmadan əvvəl necə köçkün olmaq olar? Köçkünlərin yaşadığı düşərgəyə gedərək. Vaqonlarda, çadırlarda kran və kanalizasiyaların olmadığı düşərgələrdə bir müddət yaşasan, köçkün olmadan əvvəl köçkün olarsan.
Qocalmadan əvvəl qocalar evini ziyarət etmək, bir müddət orada qalmaq, qocalar evinin şəraiti ilə tanış olmaq “qocalmadan əvvəl qocalmaq”dır. Məzarlıqda yan-yana yatan yaşlı qəbirləri arasına tək-tük gənc qəbirləri səpələnib. Qocalar evində yatmaq və yaşlanmaq Əzrayılın yaxında olduğunu daha dərindən hiss etmək deyilmi?
Qocalar evinə düşmədən əvvəl gedib orada 3-5 gün qonaq qaldım. Orada saatlar islanmış paltar kimi ağırlaşmışdı...
Qocalar evinə ehtiyac varmı, yoxmu, belə mübahisələr yersizdir; insandan insana dəyişir. Böyük danışmamaq lazımdır.
Qocalar evində insanlar nə gözləyir ki?! Həmin yerdə təlaş, həyəcan, hazırlaşıb çatdırmağa tələsmək, sevinmək və ya gülməkdən əsər-əlamət qalmayıb. Orada olduğum müddətdə heç bir yaşlının heç bir yaxını gəlmədi. Deyəsən, qocalar evinə Əzrayıldan başqası getmir.
Qocalar evi insanı xəstəxana və aptek qarışıq bir qoxu ilə qarşılayır. Qəbiristanlıqdakı torpağın nəm, toz və hüzn qarışıq qoxusu insana qocalar evindən daha çox dinclik verir.
Qocalar evindəki hüzn və tənhalığı fikirləşəndə yadıma fillərin ölümü düşdü. Öləcəyini anlayan fil acı-acı bağıraraq ətrafındakı filləri başına yığar. Xəstə fil öləcəyi mağaranı/çuxuru çoxdan seçmiş olur (Biz insanların ölmədən əvvəl qəbir yeri satın alması kimi). Xəstə fil yanına yığışan fillərlə tək-tək vidalaşar. Sonra isə arxasına baxmadan sürətlə təyin etdiyi mağaraya, yaxud gizli yerə gedər. Ailəsindən kimsə arxasınca getmək istəsə, digər fillər ona mane olar. Getdiyi yerdə fil təkbaşına ölər.
Qocalar evinə göndəriləcək olan qoca oradan ölərək çıxacağının, yaxud xəstə halda xəstəxanaya aparılacağının fərqindədir. Belə insanlar qocalar evində, yaxud xəstəxanalardakı reanimasiya şöbələrində təkbaşına ölməkdədir. Təkbaşına ölməsi gözlənən xəstənin yanına heç bir yaxını da buraxılmaz. Fillər çuxurlarda təkbaşına, insanlar da reanimasiyada təkbaşına ölməyə məhkumdur.
İnsan dəyişir. Cavanlığında daşı sıxıb suyunu çıxardan insan qocaldığı zaman çörəyin qabığını belə yeməkdə çətinlik çəkər. Aləmi bir-birinə qatan qoçular bir stəkanı belə əlində saxlamaqdan aciz qalar. Analar, atalar kiçicik evlərinə, kiçicik ürəklərinə onlarla uşaq, nəvə-nəticə sığdırarkən, artıq övladlar geniş müasir evlərinin bir küncünə yaşlı ata-analarını sığdıra bilmirlər. Necip Fazıl Kısakürek qocalara qarşı təhəmmülsüzlüyü ifadə edərkən deyir: “Öz ata-anasını qocalar evinə göndərib evdə it-pişik saxlayan insanların olduğu bir ölkədə yaşayırıq!..”
Peyğəmbərimiz (s.ə.s): “Yazıq olsun!/burnu sürtülsün! – deyir, - o kimsə ki, ata-anası və ya bunlardan biri yanında qocaldığı halda cənnətə girə bilməsin”. Ata-ananın qulluğunda dayanmamağın heç bir bəhanəsi və izahı ola bilməz. Əlbəttə, ömrü hər daim yuxuda, sərxoş və ya dəli olaraq keçən kimsələr xaric!..
“Etmə-bulma dünyasıdır” deyirlər; insan dünya tarlasına nə əkərsə, hələ dünyadan köçmədən əvvəl əkdiklərini biçməyə başlayar. Hədisi-şərifdə belə buyurulur: “Bir gənc bir qocaya yaşlı olması səbəbi ilə yaxşılıq edərsə, qocaldığı zaman özünə yaxşılıq edəcək şəxsi hazırlamış olar”. Bu hədisdən belə nəticə çıxarmaq olar: Bir övlad qoca ata-anasını yaşlılığı və onlara baxmağın çətinliyi səbəbi ilə özündən, nəvələrindən ayıraraq qocalar evinin soyuq divarları arasında ölmədən əvvəl səssizliyə və hüznə məhkum edərsə, Allah da bu işi görən şəxs qocaldığı zaman onu eyni şəkildə evindən-yurdundan, qonşusundan, nəvələrindən ayıracaq səbəbləri/şəxsləri hazırlayar.
Qonaq qaldığım qocalar evinin divarındakı tabloların əksəriyyətində payız təsviri var idi. Tablolar sarı, pərdələr sarı, kafel sarı... Qocalar evində dörd mövsüm boyu payız yaşanır. Yan tərəfində məktəb var; məktəbin basketbol sahəsi. Al-əlvan rənglər bürüyüb məktəbi. Qocalar evində isə yaşlılar üçün hər hansı idman alətləri və ya sahəsi yoxdur. Qocalıqda bunlara ehtiyac qalmır?!..
Allah axırımızı xeyir etsin. Əvvəlkilər: “Allah yatağa düşürüb qapıya qoydurmasın, övlad əlində qalmayasan!” deyə dua edərmiş.
“Hüzurevi”nin “hüzur”[1] verməyən havasını açmaq üçün bir lətifə ilə bitirim:
Qocalar evinin bağçasında iki kök, yaşlı adam bir oturacaqda əyləşib söhbət edirlər:
- Ah!.. Yaş 73 oldu... Əlim-ayağım tutmur, hər tərəfim ağrıyır. Sən də mənimlə eyni yaşda deyilsən? Özünü necə hiss edirsən?
- Yenicə dünyaya gəlmiş uşaq kimiyəm.
- Necə yəni?! O nə deməkdir?
- Başımda saç yoxdur, ağzımda diş. Deyəsən, bir az əvvəl də altımı islatdım...
[1] Anadolu türkcəsində qocalar evi “hüzurevi” adlanır, yəni yaşlı kimsələrin hüzur – rahatlıq tapacaqları yer.
ŞƏRHLƏR