ƏSL DOST

ƏSL DOST

Dostluq, yoldaşlıq insanlar arasındakı münasibətlərin nəticəsində meydana gələn ictimai həyatın ən önəmli sosial münasibət formasıdır. Sosial münasibətlərdə səhv anlaşılmağa səbəb olan elə məqamlar var ki, bunun ən əsas səbəbini dostluq, yoldaşlıq, qonşuluq, qohumluq və s. kimi sosial münasibətlərin sərhədini bilməmək təşkil edir. “Dostluq öz yerində, iş öz yerində” sözü fikrimizi daha yaxşı aydınladır. Buna görə də bu münasibətləri bir-birindən ayrı tutmaq lazımdır. Əks halda cəmiyyətdə sosial iğtişaşa zəmin hazırlayan ədalətsizlik baş verər.

            Bütün bunlar onu göstərir ki, dostluq dostunun zülmünə göz yummaq və ya hansısa ədalətsiz hərəkətini ört-basdır etmək deyil. Əksinə, dostluq dostunu bütün mənfi hallardan uzaq tutmağa çalışmaq, ona yaxşı işlərdə kömək etmək və ən önəmlisi də, heç bir zaman istər maddi, istər fiziki, istərsə də əqli cəhətdən özünü ondan üstün görməməkdir. Təvazökarlıqdan uzaq olmaq, özünübəyənmişlik duyğusu nəinki yoldaşlıq qaydalarına zidd hərəkətdir, ümumiyyətlə, bütün sosial münasibətləri parçalayıb dağılmasına səbəb olan bir dinamitdir.  Hz. Peyğəmbər (s.ə.s): “İnsanlar bir darağın dişləri kimidir”, - deyərək bütün insanların bərabər olduğu ilə bağlı ümumbəşəri bir qayda qoymuşdur.

             Dostluqlar çox vaxt uşaqlıq illərində başlayır. Daha sonra, gələcəkdə dostlardan biri fəhlə, biri həkim, digəri mühəndis və s. ola bilər. Bütün bu peşələr cəmiyyətdə fərqli təbəqələr meydana gətirir. Cəmiyyətdə baş verən belə sosial bərabərsizlikləri müəyyən edən əsas amil isə,  təbii ki, sözügedən peşə sahiblərinin əldə etdiyi maddi imkanlardır. Dostluq, qonşuluq, yoldaşlıq kimi dəyərlərin isə özülünü maddiyyat yox, mənəviyyat, əxlaq təşkil edir. Bu məqam daxili dünyası kasad olan insanlar tərəfindən düzgün qiymətləndirilmir. Xarici vəziyyətə görə şəkil alan belə insanlar təməli mənəviyyata əsaslanan dostluq ilə təməli maddiyyata bağlı olan gəlirli iş sahələrini bir-birinə qarışdırmaqdadır. Əlbəttə ki, belə dostluqların ömrü də vəzifə, məqam, ya da var-dövlətin ömrü qədərdir. Bütün bunlara görədir ki, insan maddiyyata görə quracağı dostluqlar yerinə vəzifəsindən asılı olmadan keçmişdə yoldaşlıq etdiyi, dostluq etdiyi insanları unutmamalıdır. Bu barədə Hz. Peyğəmbər belə buyurur: “Keçmiş dostluqlara riayət etmək imandandır”. Yəni maddi vəziyyət heç bir zaman mənəvi bir dəyərin sərhədini pozmağa imkan yaratmamalıdır.

Yoldaşlıqda ən önəmli əxlaqi dəyərlərdən biri də vəfalı olmaqdır. Bu barədə Hz. Peyğəmbərin başından keçən bir hadisə onun yoldaşlarına verdiyi qiyməti öyrənməmiz adına əhəmiyyətlidir. Günlərin birində Həbəşistan kralı Nəcaşi Mədinəyə bir heyət göndərir. Rəsulullah durub onlara xidmət etməyə başlayır. Əshabı: “Biz sənin yerinə xidmət edərik”, - dedikləri zaman Hz. Peyğəmbər: “Onlar bizim yoldaşlarımıza xidmət etmişdilər, onun qarşılığını vermək istəyirəm”, - buyuraraq yoldaşlığa verdiyi dəyərin böyüklüyünü nümayiş etdirmişdir.

Yoldaşlığın ən gözəl nümunəsini, əlbəttə, Hz. Peyğəmbərin timsalında müşahidə edirik. O, Allah-Təala qatında insanların ən üstünü olmasına baxmayaraq, özünü heç bir zaman yoldaşlarından fərqli görməmişdir. Məscid tikintisində Peyğəmbərimizin yoldaşlarıyla bir yerdə fəhləlik etdiyi hamıya məlumdur. Ya da ən çox yadda qalan hadisələrdən biri olan xəndək savaşında xəndək qazıntısında iştirak etdiyi, hətta yoldaşlarının parçalaya bilmədiyi qayanı parçaladığını yaxşı bilirik. Bütün bunlar yoldaşlığa ən gözəl nümunələrdir. Hz. Peyğəmbər nəinki yoldaşlarından özünü ayırmayıb, əksinə, özünün onlardan fərqli olmadığını hər fürsətdə ifadə etmiş, hətta o zamanın kasıblıq əlaməti olaraq qurudulmuş ət yediyini xatırladaraq insanların ona mümkün mərtəbə fərqli baxmasına mane olmağa çalışmışdır.

            Səfərlərin birində qoyun kəsilib bişiriləsi olur. Əshabdan biri: “Mən kəsərəm”, - deyir. Başqa biri: “Mən də dərisini soyaram”, - deyir. Digəri: “Mən bişirərəm”, - deyir. Hz. Peyğəmbər də: “Mən də odun toplayaram”, - dedikdə yoldaşları: “Ey Allahın Rəsulu, sən istirahət et, biz toplayarıq”, - deyirlər. Peyğəmbərimiz: “Bilirəm ki, mənim görəcəyim işi siz də görə bilərsiniz. Ancaq yoldaşlardan ayrılaraq oturmaq istəmirəm.  Allah-Təala yoldaşlarından ayrılıb oturanı, özünü onlardan fərqli görəni sevməz. Allah-Təala yoldaşlar arasında birini digərindən üstün tutmaz”, - deyir və qalxıb odun toplamağa gedir.

            Görüldüyü kimi, Hz. Peyğəmbər yoldaşlarıyla münasibətində heç bir vaxt özünü onlardan üstün tutmamış, hər zaman onlardan biri kimi olmağa çalışmışdır. Məhz bu münasibət nəticəsindədir ki, Peyğəmbərimiz (s.ə.s) öz övladını diri-diri torpağa basdıran o daş ürəkli kimsələri, yol kəsib quldurluq edən mərhəmətsiz insanları ətrafında toplayaraq cahiliyyə dövrünü xoşbəxtlik əsri mənasına gələn “əsri-səadətə” çevirməyi bacarmışdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz