SEÇİLMİŞ AİLƏ
Ömrünün son çağlarında Hz. Peyğəmbərin ümmətinə verdiyi tövsiyələr arasında bu nəsihəti də mühüm yer tuturdu:“Sizin üçün iki miras qoyub gedirəm.
Biri Allahın Kitabı, digəri isə Əhli-Beytimdir”. “Sizin üçün iki miras qoyub gedirəm” cümləsi ilə başlayan və bu hədisin fərqli versiyası olan digər mətndə ümmətə əmanət edilən iki mirasın birincisi Qurani-Kərim, digəri isə Peyğəmbər sünnəsi olaraq yer alır. Sənəd və mətn fərqi olsa da, əslində, hər iki hədis bizi eyni qapıya çıxarır. Başqa bir mötəbər hədislə məsələyə aydınlıq gətirməyin yerində olacağını düşünürük. Belə ki, bir gün möminlərin anası Həzrət Aişə (r.a)-dan: “Rəsulullahın əxlaqı necə idi?” - deyə soruşurlar. Aişə anamız dərin mənalar ehtiva edən bu qısa cavabı verir: “Siz Quran oxumursunuzmu? Onun əxlaqı Quran idi”. Bəli, Quranı oxuyanlar orada Hz. Peyğəmbərin həyatını görərlər. Allah Rəsulunun həyatına baxanlar da Onun canlı bir Quran olduğuna açıq-aydın qənaət gətirərlər. Eyni düstur Rəsulullahın Sünnəsi və Əhli-Beyti üçün də keçərlidir. Çünki onlar da Hz. Peyğəmbərin tərbiyəsində yetişdiklərindən, ömürləri boyu birbaşa Onu örnək aldıqlarından əxlaq və həyat tərzləri məhz Nəbəvi Sünnə ölçüləri üzrə idi. Allah Rəsulu onları bizə miras qoyaraq Sünnəsini yaşadan canlı nümunələr olduqlarına işarə etmiş, elm, irfan və əxlaq xüsusunda Əhli-Beyti örnək almamızı istəmişdir. Çünki onlar aləmlərə rəhmət olan Həzrət Peyğəmbərin dizinin dibində yetişmişdilər. İslam tərbiyəsini və əxlaq dərsini aləmləri tərbiyə edən Allahın ən seçkin tələbəsi olan və Qurani-Kərimdə “Şübhəsiz ki, sən uca bir əxlaq üzrəsən”, (əl-Qaləm, 4) deyə mədh edilən Həzrət Muhamməddən almışdılar.
Əlbəttə ki, Əhli-Beyti sevmək hər bir müsəlmanın borcudur. Həzrət Peyğəmbəri sevən, Ona ehtiram edən kəs Əhli-Beytinə də hörmət etməli, onları baş tacı bilməlidir. Çünki sevən adam sevdiyi tərəfindən sevilən hər şeyi sevər. Salavat cümlələrimizdə Hz. Peyğəmbərə salətu-salam gətirdiyimiz zaman Onun Əhli-Beytinin və əshabının da adını zikr etməyimizin hikmətlərindən biri də məhz elə budur. Lakin gəlin görək sadəcə onlara xeyir-dualar etmək, onları sevirik demək kifayət edərmi? Əlbəttə ki, yox. Çünki Hz. Peyğəmbər (s.ə.s) Əhli-Beytinin göz bəbəyi, çox sevdiyi qızı Fatimə anamıza belə deyirdi: “Qızım, Fatimə, atanın Peyğəmbər olmasına güvənmə, Rəbbinə qarşı qulluq vəzifəni yerinə yetir. Əgər Allahdan nəfsini satın ala bilməsən, vallahi, mən belə sənin üçün heç nə edə bilmərəm!” (Müslim, İman, 89) Bunu Allah Rəsulu ən çox sevdiyi qızına – təqvalı həyat tərzi ilə mömin xanımlara ən gözəl nümunə olan Fatimeyi-Zəhraya deyirdi. Peyğəmbərimiz (s.ə.s) ona ibadətdən və qulluq şüurundan uzaq qalacağı təqdirdə Əhli-Beytdən olmasının heç bir fayda verməyəcəyini bildirirdi. Bu halda Əhli-Beytdən olmaq belə insana heç bir fayda vermirsə, bizim kimi günahkar bəndələrin quru Əhli-Beyt sevgisi nə fayda verə bilər?
Əhli-Beytlə əlaqəli ayələrdə Allah-Təala Hz. Peyğəmbərin xanımlarına diqqət etməli olduqları xüsusları belə xülasə edir:
* Allaha və Rəsuluna itaət edib yaxşı işlər görün ki, mükafatınızı ikiqat verək.
* Danışdığınız zaman gözəl danışın.
* Evlərinizdə qərar tutun. İlkin Cahiliyyə dövründəki kimi açıq-saçıq olmayın.
* Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin.
* Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti xatırlayın!
Çünki Allah onlardan (Əhli-Beytdən) çirkinliyi (günahı) yox etmək və onları tərtəmiz (pak) etmək istəyir. (Bax. əl-Əhzab, 32-34)
Bu ayələr bizə açıq-aşkar göstərir ki, Əhli-Beytdən olmaq heç kimi qulluq vəzifəsindən azad etməmişdir. Onlar da Allaha və Rəsuluna hərfiyyən tabe olmalı, həyatı ilahi vəhyin işığında təqva üzrə yaşamalı idilər. Günahdan və çirkin əməllərdən həssaslıqla uzaq durmalı idilər. Təbii ki, bu ayələrdəki hökmlər birbaşa Allah Rəsulunun xanımlarına, yəni Əhli-Beytinə söylənsə də ilahi kəlamda yer alan hökmlərə hər bir müsəlmanın tabe olması şərtdir. Hz. Peyğəmbəri və Əhli-Beytini sevənlər ömürlərini onlar kimi yaşamalı, həyat yarışında yorulmadan finiş xəttinə çatmağı özləri üçün ən ali hədəf bilməlidirlər.
Digər tərəfdən, xoşbəxt ailəyə sahib olmaq üçün hər bir möminin Əhli-Beytdən alacağı bir çox ibrətlər var. Çünki Əhli-Beyt adlandırdığımız o şərəfli ailə dünyanın ən bəxtiyar, ən məsud ailəsi idi və bu xoşbəxtlik heç bir maddi sərvət hesabına əldə edilməmişdi. Günlərlə qazan qaynamayan, hətta bəzən yeməyə quru çörəyin belə tapılmadığı o ailənin yeganə sərvəti Allah və Peyğəmbər sevgisi, sərmayəsi isə təqva idi. Hz. Peyğəmbər hədisi-şəriflərində birbaşa və ya dolaylı yollarla ailə fərdləri təqvalı olacağı təqdirdə dünya və axirət səadətinə nail olacağımızı bildirmişdir. Eyni zamanda bunu şəxsən ailəsində yaşayaraq, xanımlarını və övladlarını Allahın əmrləri istiqamətində yetişdirərək bizə ən gözəl nümunəni göstərmişdir.
Allah-Təala Qurani-Kərimdə “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan (cəhənnəmdən) qoruyun!..” (ət-Təhrim, 6) buyuraraq hər bir ailə başçısına ağır bir məsuliyyət yükləyir. Bu ağır məsuliyyətin altından qalxmaq üçün Peyğəmbərimizin Əhli-Beyti ilə necə davrandığını, birlikdə sürdürdükləri həyat tərzini ən böyük hədəfimiz halına gətirməliyik. Onlar bu dünyada qarşılaşdıqları çətinlikləri, maddi problemləri necə dəf edirdilər? Ailə daxilində yaşanan anlaşılmazlıqları necə həll edirdilər? Sevindikləri zaman, sevinmələrinə vəsilə olan əlamətdar bir hadisə ilə qarşılaşdıqlarında bu sevinci hansı çərçivədə yaşayırdılar? Müsibətə uğradıqda, matəmli günlərində kədərlərinin ölçüsü nə idi, dünyanın qalmaqalları qarşısında necə bir duruş sərgiləyirdilər? Allahın rizasına vəsilə olan səbir və şükür müvazinətini necə qoruyub saxlayırdılar? Bu kimi sualların cavabını, əlbəttə ki, Əhli-Beyti oxuyub öyrənməklə tapmaq mümkündür. Lakin sadəcə oxumaqla qalmayıb, onlar kimi olmağa can atmaq da işin bir başqa tərəflərindəndir. Unutmayaq ki, sadəcə Əhli-Beyti sevmək, onları sevirəm demək kifayət etmir. Bu fani həyatı onlar kimi yaşamağa çalışmalıyıq ki, onlar da bizi sevsin.
ŞƏRHLƏR