İSTEHLAK LABİRİNTİ

İSTEHLAK LABİRİNTİ

“Zaman elm və mədəniyyət zamanıdır” deyilir. Fikrimcə, bu o qədər də doğru deyil. Bunun əvəzinə “istehlak zamanı” demək daha düzgün olardı. Çəki problemləri, qidadan doymamaq, davamlı yemək, geyinmək, almaq, almaq və yenə də almaq... Əslində, “köhnə” anlayışı istifadəyə yararlı olmayan, yaxud gözləniləni qarşılamayan: dağılmış, cırılmış, qırılan və s. şeylərə aid edilirdi. İndi belə deyil. Bir telefonun yeni modeli çıxdıqda hazırkı model artıq gözdən düşür və fikirlər yenisinə yönəlir. Bunun kimi digər məhsullar da belədir. Halbuki cari məhsul da ondan gözləniləni tamamilə qarşılamağa qadirdir.

Bu mənada ən mühüm sahələrdən biri yanlış qidalanma və zərərli vərdişlərdir. Çünki insanı formalaşdıran onun istifadə etdiyi qida məhsullarıdır. Hər bir insanın bədəni təmiz və işlənməmiş mədən kimidir. Necə ki, qəlbi günahlarla çirkləndiririk, eləcə də bədənimizi lazımsız qidalar və zərərli vərdişlərlə çirkləndiririk. Hətta çirkləndirmək bir yana, ömrümüzlə oynayırıq. Rahatca yaşaya biləcəyimiz bədənimizi orta yaşlardan sonra bir yük olaraq çəkirik deyə bilərəm. Necə deyərlər: “özümüz özümüzə ağırlıq edirik”.

Əvvəla istehlak səbətinə birgə nəzər salaq. Minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq mallarının və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Lakin istehlak səbətində yer almadığı halda bunlardan daha çox istifadə edilənlər də var. Maraqlısı budur ki, istehlak səbəti yaşamaq üçün zəruri olan məhsulların minimum həddi olsa da, qeyd etdiyim ikinci məhsullar, hansı ki, səbətdə yoxdur; bu məhsullar insan sağlamlığına tamamilə zərərli və təhlükəlidir. Bunların böyük qismini tütün məmulatları və spirtli içkilər təşkil edir.

Statistikaya nəzər salsaq, ilk öncə onu deyə bilərik ki, dünyada ən çox istehlak olunan məhsullar sırasında tütün məmulatları həmişə ilk beşlikdə, spirtli içkilər isə ilk onluqda olub. Dünya Səhiyyə Təşkilatının 31 may Tütünə Qarşı Mübarizə Gününə həsr edilmiş və “The İndependent” qəzetində dərc olunmuş interaktiv xəritəsindən Azərbaycan haqqında da məlumat almaq olar və bu məlumatlar kifayət qədər məyusedicidir. BBC-nin xəbərinə görə, Azərbaycanda adambaşına bir ildə çəkilən siqaret sayı 2114-dür. Günə 6-7 siqaret düşür. Adambaşına çəkilən siqaret sayına görə Azərbaycan 13-cü yerdədir. Bizdən əvvəlki pilləni Qazaxıstan tutur. Bu ölkədə orta hesabla bir adam ildə 2156 siqaret çəkir. Amma digər Mərkəzi Asiya respublikalarında siqaret əhəmiyyətli dərəcədə az çəkilir. Türkmənistan ildə adambaşına 895 siqaretlə 69-cu yeri tutur. Özbəkistan 565 siqaretlə 92-ci, Tacikistan 533 siqaretlə 97-ci yerdədir. Azərbaycan həm də bütün Cənubi Qafqazda ən çox siqaret çəkən ölkə sayılır. Qonşu Gürcüstanda bir ildə adambaşına düşən siqaret sayı 1378-dir. Bu, indeks cədvəlində müvafiq olaraq 30-cu yerə uyğundur. Türkiyədə (29-cu yer) bir ildə hər adama 1581 siqaret düşür. İranda (71-ci yer) bu rəqəm 853-dür.

Dünya Səhiyyə Təşkilatının (DST) məruzəsinə əsasən, dünyada spirtli içki və siqaret istehlakına görə Avropa qitəsi liderdir. Bu səbəbdən hazırkı nəsil nümayəndələrinin nənə-babaları qədər ömür sürə biləcəkləri şübhə doğurmaqdadır. DST-nin hesabatında Rusiya və Asiya qitəsinin bəzi hissələri (bura Azərbaycan da daxildir) də Avropa qitəsinə aid edilib.

Hesabatda bu ölkələrin 59 faizinin, yəni yarıdan çoxunun artıq çəkidən və piylənmədən əziyyət çəkdiyi qeyd olunub. Sağlamlıq durumuna həsr olunmuş DST-nin yeni hesabatında xərçəng, şəkər və ürək-damar xəstəliklərinə qarşı mübarizənin uğurlu aparıldığı bildirilir və həmin xəstəliklərdən, o cümlədən, infarkt və insultdan ölənlərin sayı azalmaqdadır. Lakin qeyd edildiyi kimi, müsbət effekti siqaretçəkmə heçə endirə bilər: statistikaya əsasən, Avrasiya əhalisinin təxminən üçdə biri çəkir - bu isə dünya bölgələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Əhalinin adam başına düşən spirtli içki miqdarına görə - bu isə ildə 11 litr təmiz alkoqol deməkdir - Avropa dünyada birinci yerdədir. Hesabata görə, Rusiyada alkoqol istehlakı və piylənmə indeksi göstəriciləri Avropanın orta göstəriciləri ilə uyğun gəlir. Azərbaycanın da, Rusiya qədər olmasa da, bu göstəricilərə yaxınlaşmaqda olduğu deyilə bilər.

Bu rəqəmlər olduqca üzücüdür. Dinimiz hər baxımdan insan bədəninə, yaşayışına və həyat fəaliyyətinə zərər olan şeyləri qadağan etməkdə və bunlardan çəkindirməkdədir. Rəbbimizin bizə bildirdiklərində mütləq bir hikmət vardır. Bizə əmanət olaraq verilmiş bu bədənin qayğısına qalmaq, onu Allahın rizasına uyğun istifadə edib eləcə də geri qaytarmaq bizim borcumuzdur. Əks halda bizə verilən bu əmanətə xəyanət etmiş olarıq. Öz cibimizdən pul verib özümüzü zəhərləməyək. Unutmayaq ki, insan axirətdə etdiyi hər şeyin hesabını verəcəkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz