DÜŞÜNÜRƏM, DEMƏLİ, VAR!

DÜŞÜNÜRƏM, DEMƏLİ, VAR!

İnsan; Yaradanın yer üzündəki xəlifəsi.

İnsan; Dağların, ərşi-əlanın yüklənməkdən boyun qaçırdığı "əmanətin" sahibi.

İnsan; Müsbət mənada mələklərdən üstün, mənfi mənada şeytandan daha təhlükəli varlıq.

Kainatın yaradıcısı tərəfindən insan dünyaya xəlifə təyin edildi və dünyada yalnız o müxatəb alınaraq ona müraciət edildi. Bunun altında yatan hikmət, onun daxilində var olan "yaxşı insan", "kamil insan" profili idi.

Uca Allah tərəfindən Hz. Adəmə bütün əşyaların adlarının bildirilməsi səbəbi ilə o, bütün aləmə üstün qılındı.  Belə ki, insan deyildikdə onun ən bariz nişanəsi düşünmə qabiliyyətidir.

İnsan bütün digər yaradılmışların ən üstünü, ən şərəflisi olduğu üçün onun mahiyyətinə mələklərdən fərqli dəyərli bir cövhər, bir qabiliyyət yerləşdirilmişdi. Camal və kamal sahibi Uca Allah ona öz ruhundan üfləyərək təcəllisini qulunun üzərində göstərməyi murad etdi. Kamil insan bu isimlərin təcəllilərini özündə göstərə bilən insandır. Yəni insanın vəzifəsi ömrü boyu  Yaradıcısının ona hədiyyə etdiyi bu cövhəri düşüncə daşı ilə cilalamaq, haqqını layiqiylə əda edərək onun bərq vuran parıltısını insanlara, cəmiyyətə əks etdirməkdir.

Hər insan bənzəri olmayan  nadir daşlardan, almaz, zümrüd və yaqutdan ibarət bir rəsm əsəri kimidir. Bu əsərin ən gözqamaşdırıcı ünsürü, nurani təcəllisi düşünmə qabiliyyətidir.  İnsan düşünmə qabiliyyəti sayəsində Rəbbi ilə dialoq qurur, onun isim və sifətlərini tanıyır. Həmçinin onun sayəsində kainatın sirlərindən agah olur, ondakı nizamın fərqinə varır. Üstəlik düşünmə qabiliyyəti insanı əbədi səadətə hazırlayan dəyərli bir mürşiddir.

İlk əmr olan "Oxu!" əmri də təfəkkürə, düşünməyə dəvət edirdi. Qurani-Kərimdə 75 ayədə təxminən 1000 yerdə işarə ilə düşünməyə vurğu edilməsi müsəlmanın bunu diqqətə alması üçün yetərli bir səbəb olmalıdır.

Qurani-Kərimdə düşünmə ilə əlaqəli anlayışlar: təəqqul, təfəkkür, təzəkkür, tədəbbür, təəmmül, nəzər, basar  ibrət olaraq keçir. Təəqqul müəyyən bir mövzu üzərində bir müddət  düşünmək mənasına gəlir. Ondan fərqli olaraq təfəkkür isə hər an, hər hansı bir mövzu üzərində düşünmək anlamını daşıyır. Zikr sözündən gələn təzəkkür keçmiş haqqında düşünmək, dəbər sözündən gələn tədəbbür isə etdiklərimizin nəticələri, yəni gələcək haqqında düşünməkdir. Əməl sözündən gələn təəmmül edəcəyimiz iş haqqında, nəzər gördüklərimiz haqqındadır. Basar ağıl və qəlbi sintez edərək düşünməkdir.  Məna və həqiqətə söz və düşüncə ilə çatmamıza vəsilə olan təfəkkür isə ibrət adlanır: "İbrət alın,  ey ağıl sahibləri".  (əl-Həşr, 2)  İnsanı düşünməyə təşviq edən  ayələrin hamısına nəzər saldıqda düşünmənin nə qədər mühüm olduğunu, hətta ibadət olduğunu görə bilərik.

Düşünmə haqqında tarix boyu mütəfəkkirlər, filosoflar çox əsərlər yazmış, çox söz söyləmişlər. Bunlardan ən məşhuru və yadda qalanı fransız filosof Dekartın "Düşünürəm, elə isə varam" sözüdür.  Halbuki İslam alimləri həqiqi təfəkkürün sadəcə özünün varlığını isbata yox,  insanın özünü kəşf etməsi ilə Allahı dərk etməyə və tanımağa apardığını qeyd etmişlər. Mövlana Cəlaləddin Rumi bunu belə dilə gətirir:

"Könülləri Allahı anaraq, gözəl əməllər edərək cilalanmış, parladılmış olanlar rəngdən və qoxudan qurtulmuşdur. Onlar hər an hər işdə bir xoşluq, bir gözəllik hiss edərlər. Onlar əşyanın şəklini, görünəni, qabığını tərk etmiş, mənasını və özəyini almış kəslərdir. Düşüncələrin, duyğuların ağır yükündən qurtulmuş və aydınlığa qərq olmuşlar, onlar. Mənliklərini Haqq yolunda qurban etmiş, irfan dənizini kəşf etmişlər. Hər kəsin qorxduğu, ürkdüyü, qaçdığı ölümə qarşı gülümsəyərlər. Heç kim onların könüllərinə zərər verə bilməz. Necə ki, zərər sədəfə gələr, içindəki inciyə təsir etməz".

Rəbbim bizi düşünən, təfəkkür edən qullarından etsin. Düşünürəm. Düşünürəmsə, deməli, bu düşüncəni mənə bəxş edən biri var!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz