PEYĞƏMBƏRİMİZİN UŞAQLARLA RƏFTARI

PEYĞƏMBƏRİMİZİN UŞAQLARLA RƏFTARI

İslam dininin uşaqlara qarşı münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışına əsaslanır. Çünki uşaq dünyaya tər-təmiz bir yaradılışla və günahsız olaraq gəlir. Həddi-büluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır.

 Dünyaya yeni gələn körpə hər cəhətdən böyüklərin köməyinə möhtacdır və müəyyən yaşa qədər valideynlərinə bağlıdır. Bu səbəbə görə uşaq, ona lazım olan qayğı göstərildiyi təqdirdə sağlam bir şəxsiyyət kimi formalaşa bilər. Bu nöqteyi-nəzərdən Hz. Peyğəmbərimizin (s.ə.s) uşaqlara rəftarı və onların yetişdirilməsinə aid tövsiyələri son dərəcə diqqətəlayiqdir.

Dünyaya gəldikdən sonra uşağın qulağına azan oxumaq, onun üçün əqiqə qurbanı kəsmək və anadan olduğunun 7-ci günündə saçını qırxaraq saçı ağırlığında gümüş və ya qızıl sədəqə vermək, uşağa gözəl ad qoymaq sünnədir. Oğlan uşaqlarının ən gec həddi-büluğ yaşına çatana qədər sünnət etdirilməsi də Peyğəmbərimizin həyata keçirdiyi işlərdəndir. (Buxari, Libas, 63-64)

Hz. Peyğəmbər (s.ə.s) həyatın hər sahəsində uşaqlara dərin sevgi bəsləmiş, onlarla yaxından maraqlanmış, yeri gələndə onların səviyyəsinə enmiş, problemlərini həll edərək doğru yola istiqamətləndirmişdir. Bir hədisi-şərifində: “Kimin uşağı varsa, onunla uşaq kimi davransın”, (Deyləmi, III, 513)  buyuran Rəsulullah (s.ə.s) bir dəfə nəvəsi Həsəni öpərkən yanında oturan Akra ibn Xabis adlı bir nəfər onu görmüş: “Siz uşaqları öpürsünüz? Mənim on övladım var, amma heç birini öpmürəm”, - demişdi. Peyğəmbərimiz (s.ə.s) ona: “Mərhəmət etməyənə mərhəmət olunmaz!” - deyə cavab vermişdi.  (Buxari, Ədəb, 18)

Peyğəmbərimiz (s.ə.s) “Gözümün nuru!” deyə  təsvir etdiyi və hər fürsət tapanda əhəmiyyətini dönə-dönə vurğuladığı namaz zamanı belə uşaqlara mərhəmət və sevgi göstərmiş, onların qəlbinə toxunmamışdır. Allah Rəsulu (s.ə.s) yatsı namazlarının birində  nəvəsini məscidə gətirmişdi. Camaata namaz qıldırarkən nəvəsi belinə çıxmış, o da bu səbəbə görə səcdəni uzatmışdı. Səhabələr namazı bitirən kimi Peyğəmbərimizə: “Səcdəni uzatdınız, ya Rəsulallah! Nə isə baş verdiyini və ya vəhy gəldiyini zənn etdik”, - dedilər. Bunun müqabilində Peyğəmbərimiz (s.ə.s): “Yox, belə bir şey olmadı. Amma oğlum belimə çıxmışdı. Könlü xoş olsun deyə tələsmək istəmədim”, - buyurdu.  (Nəsai, Tətbiq, 82)

Peyğəmbərimiz (s.ə.s) uşaqlara salam verər, onların əhvalını soruşar, xəstələnəndə ziyarət edər, öz nəvələri və digər uşaqlarla zarafat edər, onları həm əyləndirər, həm də tərbiyə edərdi.

Ənəs (r.a.) belə nəql edir: “Rəsulullah (s.ə.s) əxlaq baxımından insanların ən gözəli idi. Mənim Əbu Umeyr adlı süddən kəsilmiş bir qardaşım var idi. Peyğəmbərimiz (s.ə.s) bizə gələndə: “Ey Əbu Umeyr! Nə etdi Nuğeyr?” – deyə zarafatlaşdı. “Nuğeyr” qardaşımın oynadığı quşun adı idi”.

Əbu Hüreyrə (r.a) belə deyir: “Bu iki qulağımla eşitmiş və bu iki gözümlə görmüşəm ki, Rəsulullah (s.ə.s) iki əli ilə Həsənin və Hüseynin iki ovcunu tutar, sonra uşağın iki ayağını öz ayağının üstünə qoyar və “yuxarı çıx” - deyərdi. Uşaq ayaqlarını Rəsulullahın sinəsinə qoyana qədər çıxardı. Sonra Hz. Peyğəmbər (s.ə.s) uşağı öpər: “Allahım! Bunu sev, çünki mən onu sevirəm”, - buyurardı”.  (Buxari, Ədəbül-müfrəd, hədis 249)

Hz. Peyğəmbər (s.ə.s) uşaqlara hədiyyə verməyi tövsiyə edərdi. Hz. Ənəsin (r.a.) rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz belə buyurmuşdur: “Uşaqlarınıza ikram edin və onlara gözəl tərbiyə verin!”  (İbn Macə, Ədəb, 3)

Əbu Hüreyrənin rəvayətinə görə, Hz. Peyğəmbərə mövsümün nübar meyvələri gətirildikdə: “Allahım! Vətənimizə, meyvələrimizə və ölçümüzə (çəkidə) bərəkət üzərinə bərəkət ver!” - deyə dua edər, sonra da meyvəni orada olan ən kiçik uşağa verərdi.  (Müslim, Həcc, 474.)

Ənəs (r.a.) belə nəql edir: “Bir nəfər Peyğəmbərimizin (s.ə.s) yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra da onun qızı gəlib çıxdı. Həmin adam qızını (öpmədən) önünə qoydu. Bunun müqabilində aləmlərə rəhmət olan Peyğəmbərimiz (s.ə.s): “Kaş ki, ikisi ilə də eyni cür rəftar edəydin”, - dedi.  (Heysəmi VIII, 156)

İslamdan əvvəlki dövrdə xor baxılan, oğlan uşaqları yanında ikinci dərəcəli olan, hətta keçmiş zamanlarda diri-diri torpağa basdırılan qız uşaqları, İslamın gəlməsiylə öz həqiqi qiymətini almışdır. Belə ki, bu barədə bir hədisi-şərifdə belə buyurulur: “Kimin qızı olarsa, onu torpağa basdırmazsa, xor baxmazsa və oğlunu ondan üstün tutmazsa, Allah onu cənnətə qoyar”.  (Əbu Davud, Ədəb, 121.)

Peyğəmbərimiz (s.ə.s) insanlar arasında fərq qoymadığı kimi, uşaqlar arasında da fərq qoymadan hər birinə eyni sevgi və qayğının göstərilməsini buyurmuşdur. Şübhəsiz ki, Allahın rizası da Peyğəmbərinin buyruğu istiqamətindədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz