BABA PEYĞƏMBƏR (S.Ə.S)

BABA PEYĞƏMBƏR (S.Ə.S)

Şəfqət, mərhəmət və sevgi Uca Yaradanın insan oğluna bəxş etdiyi bir nemətdir. Elə bir nemət ki, onunla qırılmış könüllər düzələr, xəstələr özlərində güc tapar, insanın əhvali-ruhiyyəsi açılar, insan dəyər verildiyini anlayar və həyata olan bağları güclənər.

            Hər insan şəfqət və sevgiyə ehtiyac duyar. Empatiya hissi güclü olan insanlar bu ehtiyacı bildikləri üçün digərlərinin də bu hissə malik olmalarına çalışarlar.

            Şəfqət, mərhəmət, sevgi kimi yaxşı xislətlər zikr edildikdə ilk ağıla gələn insan aləmlərə rəhmət Həzrət Muhamməddir (s.ə.s). Biz Hz. Peyğəmbərin köməyə möhtac insanlara, xəstələrə, çarəsizlərə, kasıblara, qohuma, qonşuya, hətta heyvanlara belə şəfqət göstərdiyini örnək alaraq onun kimi şəfqətli ata, şəfqətli müəllim, ədalətli dövlət başçısı, vicdanlı tacir və s. olmağa çalışırıq.

            Aləmlərə rəhmət və əxlaq nümunəsi olan Hz. Peyğəmbərin (s.ə.s) rəhmət və sevgi xüsusiyyətlərinin təzahür etdiyi yerlərdən biri də uşaqlar olmuşdur. Elə buna görə də “ən xoşbəxt uşaqlar məhz Hz. Peyğəmbərin dövründə yaşamışdır” desək, yanılmarıq.

            Cahiliyyə dövründə insanların itirdiyi dəyərlərdən biri də qadına və uşaqlara (xüsusən də qız uşaqlarına) qarşı sevgi və mərhəmət idi. Belə bir zamanda Hz. Muhamməd (s.ə.s) peyğəmbər olaraq göndərilmiş, qadınlara və uşaqlara qarşı necə davranılacağını göstərmişdir.

            Onun bir baba kimi uşaqlara olan sevgi, şəfqət, təvazökarlıq və mərhəmətini nəvələri və digər uşaqların timsalında olan nümunələrdən görməkdəyik.

Hz. Peyğəmbərin (s.ə.s) nəvələrinə və uşaqlara olan qayğısı uşağın dünyaya gəldiyi ilk andan etibarən hiss olunurdu. O, dünyaya yeni gəlmiş uşağın qulağına azan oxuyar, ona gözəl ad qoyar, əvvəlcədən xoş olmayan  bir ad verilmişdirsə, onu yenisi ilə əvəz edər, yeni dünyaya gəlmiş nəvələri üçün qurban kəsərdi. Məsələn,  Hz. Hüseyn (r.a) dünyaya gəldiyində onun qulağına azan oxumuşdur, nəvələri Hz. Hüseyn və Hz. Həsənə (r.a) verilmiş olan Hərb adını dəyişdirərək Həsən və Hüseyn adı ilə əvəz etmişdir.

Peyğəmbərimiz evdə bəzən nəvələrini çiyninə alaraq onlarla oyun oynayardı. Hətta namaz qılarkən nəvələrinin onun çiyninə çıxdığı, buna görə də namazı bəzən uzatdığı da rəvayət olunmuşdur.

Nümunəvi bir baba olaraq Peyğəmbərimiz (s.ə.s) uşaqları reyhana bənzədərək onları öpmüş və bağrına basaraq “Uşaq ətri Cənnət ətridir” [1] buyurmuşdur. Bir gün yolda oynayan nəvəsi Hz. Hüseyni görərək ona doğru qollarını açmış, uşaq qaçmağa başlayınca onunla əylənərək arxasınca qaçmış, tutaraq  qoxlayıb öpmüşdür.

Xəstə ziyarətinə əhəmiyyət verən və insanları buna təşviq edən Peyğəmbər (s.ə.s) uşaqları da unutmaz, onlardan xəstə olanların yanına gedər və ziyarət edərdi. Səhabədən Üsamə kiçik yaşda ikən bir gün yıxılaraq burnu qanamışdı. Peyğəmbərimiz onun üz-gözünü təmizləyərək yaralarına şəxsən özü baxdı.

Peyğəmbərimiz bir baba kimi şəfqət və mərhəməti sadəcə öz nəvələrinə və ya səhabənin uşaqlarına göstərməz, hətta yəhudi uşağı belə xəstələnəndə ziyarət edərək könlünü almışdır.

Uşaqları sevindirmək üçün hədiyyələr də verər və “uşaqlara ikramlar etməyi”[2] buyurardı.

Bir gün kiçik Ənəsi (r.a) bir iş üçün bir yerə göndərmişdi. Ancaq Ənəs ona verilən tapşırığı unudaraq başı uşaqlarla oyuna qarışmışdı. Xeyli zaman keçdikdən sonra Ənəsin hələ getmədiyini görən Peyğəmbər (s.ə.s) gülümsəyərək ondan göndərdiyi yerə gedib-getmədiyini soruşmuş, ancaq heç bir acı söz söyləməmişdir.

Meyvələri daşlayan bir uşağı gördükdə ona da eyni sevgini göstərərək bunu belə etməməsini söyləmiş və uşaq tərbiyəsində böyüklərin necə davranacağını göstərmişdir.

Peyğəmbərimizin bir baba olaraq ən böyük xüsusiyyətlərindən biri də nəvələri arasında heç bir fərq qoymaması, hamısına bərabər və ədalətli davranmasıydı.

Uşaqlara olan sevgisini dil ilə də ifadə edər, onları sevgi və şəfqətlə çağırardı. Hz. Həsəni “Balaca”, Ənəsi “Ənəsim” deyə əzizləyərdi.

Peyğəmbərimizin öz nəvələrinə və digər uşaqlara olan bu cür isti və səmimi münasibəti onların yaddaşından heç vaxt çıxmamış, bu kiçik uşaqlar böyüdüklərində peyğəmbərimizlə bağlı xatirələrini danışarkən namaz, ibadət, əxlaq, iman, yalan danışmamaq, sözündə durmaq və s. kimi əxlaqi keyfiyyətləri Peyğəmbərimizdən hələ kiçik yaşlarında öyrəndiklərini qeyd etmişdirlər. Peyğəmbərimiz əxlaq, nəzakət və ədəb mövzusunda “hələ uşaqdır” deyib keçməz, onların başa düşəcəyi formada izahlar verərdi.

Peyğəmbər olaraq nümunə götürdüyümüz kimi, bir ata, baba, ağsaqqal olaraq da Həzrət Muhamməddən (s.ə.s) öyrənəcəyimiz çox şeylər var.

Hər baba Hz. Hüseyn, Hz. Həsən kimi nəvəsinin olmasını arzu etdiyi kimi, hər nəvənin də Hz. Peyğəmbər kimi bir babası olmasını arzu etdiyi mütləqdir.


[1] Təbərani

[2] Kutubi Sittə, 7091

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz