ÇARƏ AXTARIŞINDA

ÇARƏ AXTARIŞINDA

Bu yaxınlarda kitab nəşri və satışı ilə əlaqəli rəsmi olaraq təşkil olunan bir toplantıya “Milli-mənəvi dəyərlərin qorunmasında dini ədəbiyyatın rolu” mövzusunda çıxışımla dəvət olunmuşdum. Respublikamızda fəaliyyət göstərən bir sıra nəşriyyatlar, dini mağaza sahibləri və bu sahədə öz qələmləri ilə tanınan bir çox müəlliflər də ora dəvət olunmuşdu. 

Tədbirin gedişatında bu gün ölkəmizdə dini maarifləndirmə və dini ədəbiyyata olan marağın hansı səviyyədə olması sualına qonaqların fikir bildirmələri istəndi. Bu sahədə aktiv fəaliyyət göstərən biri olaraq cavabın necə olacağını özümə görə artıq əvvəlcədən təxmin etmişdim. Və düşüncələrimdə də yanılmadım.

Bütün fikirləri topladığımız zaman bu qənaətə gəlindi: birincisi, son zamanlarda dini əhkamlarla əlaqəli kitab və yazılara maraq azalıb. İkincisi, bunun tam əksinə, Hz. Peyğəmbərin (s.ə.s) əxlaq prinsiplərindən bəhs edən kitablara və iyirmi birinci əsr insanının günlük həyatda yaşadığı psixoloji problemləri həll etmək və yol göstərmək üçün islami dəyərlərdən gələn üsullardan istifadəyə böyük maraq vardır. İlk dəyərləndirməyə çox kədərləndim. Demək ki, islamofobiya öz işini görə bilmiş və günümüz insanını dini həyatı yaşamaqdan çəkinməyə və uzaqlaşmağa vadar etmişdir. Lakin bir o qədər də ikinci nəticəyə sevindim. Çünki hardasa iyirmi ildən çoxdur davam edən müəllimlik həyatımda, bütün seminar və çıxışlarımda Hz. Peyğəmbərin (s.ə.s) həyatını yaxşı, çox diqqətli və dəfələrlə oxumağın hər kəs üçün faydalı olacağını dilə gətirirəm. Elə isə Hz. Peyğəmbər əxlaqının və həyat tərzinin nə olduğunu bir daha xatırlamaq yerinə düşərdi.

Rəsulullah  (s.ə.s) Allah-Təalanın sevdiyi və seçdiyi ən ali insan və bütün bəşəriyyətə göndərdiyi ən son peyğəmbərdir. Rəbbimiz Onu İslam ilə murad etdiyi “kamil insan” modelini bütün bəşəriyyətə sərgiləmək üçün misilsiz nümunəvi şəxsiyyət olaraq lütf etmişdir. Ona görə də ibadətdəki ruhaniyyət, davranışdakı nəzakət, əxlaqdakı kamillik, hisslərdəki lətafət, nəzərlərdəki dərinlik, bir sözlə, bütün gözəlliklər ən ali məna və ifadəsini o Varlıq Nurunun nəcib həyatında tapmışdır.

Məhz o Rəhmət Peyğəmbərinin nübüvvət qanadları altında bütün aləmlər həqiqi xoşbəxtliyin nə olduğunu gördü. Qəflət və cəhalət dəhlizlərində üsyan dumanları ilə boğulan bəşəriyyət Onun açdığı elm, irfan, hikmət və həqiqət yollarından əbədi səadət üfüqlərinə qanad çalaraq həyat nəfəsləri almağa başladı. Daşlaşmış vicdanlar Onun mübarək əllərində xəmir kimi yumşalaraq yeni bir forma qazandı. Hiss-pas içində pərişan olmuş qəlblər onun şəffaf və büllur bulağında yuyulduqca yuyuldu, sonra da tərtəmiz bir eşq və məhəbbət təcəlligahına çevrildi.

Allah-Təala Onu bütün məxluqat üçün ən böyük rəhmət və bərəkət vəsiləsi qılmış, həmçinin: “Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”, –buyurmuşdur. (əl-Ənbiya, 107)

Allaha və axirət gününə iman gətirməyin ən mühüm səmərəsi mərhəmətdir. Mərhəmətdən də infaq, xidmət, comərdlik, əfv edicilik kimi gözəl xislətlər zühur edər.

Allah Rəsulu (s.ə.s) aləmlərə rəhmət olaraq göndərildiyi üçün Onun şəfqət və mərhəməti canlı və cansız hər şeyi əhatə etmişdi. Necə ki, bir gün:

“- Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, bir-birinizə mərhəmət etmədikcə cənnətə girə bilməzsiniz”, – buyurmuşdu.

Əshabi-kiram:

“- Ya Rəsulallah, hamımız mərhəmətliyik”, – dedilər.

Allah Rəsulu (s.ə.s) belə buyurdu:

“- (Mənim qəsd etdiyim) mərhəmət sizin başa düşdüyünüz kimi yalnız bir-birinizə olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil olan mərhəmətdir, (bəli) bütün məxluqata şamil mərhəmət!..” (Hakim, IV, 185/7310)

Həzrət Aişə (r. anhə) belə deyir:

“Əxlaqı Peyğəmbərimizdən daha gözəl olan başqa bir insan yoxdur. Onun nəzakətinə kiçik bir misal olaraq bunu deyə bilərəm: Əshabından və ya ailə üzvlərindən kim Onu çağırsa, dərhal “Buyur!” deyə cavab verərdi. Sahib olduğu bu ali əxlaq səbəbiylə Allah-Təala:

“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) ayeyi-kəriməsini nazil etdi.” (Vahidi, Əsbab, s. 463)

Peyğəmbərimizin (s.ə.s) əxlaqının necə olduğunu göstərən başqa bir hədis də belədir: Bir nəfər Hz. Aişə anamızdan soruşdu: “Ey möminlərin anası! Bizə Allahın elçisinin əxlaqından danışarsanmı?” Hz. Aişə buna cavab olaraq belə dedi: “Sən heç Quran oxumursan?” Həmin adam: “Əlbəttə, oxuyuram!”, – deyə cavab verdi. Aişə anamız bunun qarşılığında: “Onun əxlaqı Quran (əxlaqı) idi”, – dedi. (Müslim, Səlatul-müsafirin, 139, 746)

Yuxarıda sadaladığımız sadəcə bir neçə örnəklə də deyə bilərik ki, dərdlərimizə çarə axtarırıqsa, bunun cavabını dönüb-dolaşıb yenə də İslam dininin ana qaynağı olan Qurani-Kərim, hədisi-şəriflər və Hz. Peyğəmbərin (s.ə.s) gündəlik həyatına (siyəri-nəbi) olan marağımız və bağlılığımızda tapacağıq. Atalar demişkən: “örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz