SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: “Kiramən-Katibin” nə deməkdir?

Cavab: “Möhtərəm yazanlar” mənasına gələn “kiramən-katibin” insanların yanında olan və onların etdikləri işləri əməl dəftərinə yazmaqla məşğul olan mələklərdir. Qurani-Kərimdə belə buyurulur: “Həqiqətən, sizə nəzarət edən və əməllərinizi yazan möhtərəm mələklər vardır. Onlar sizin etdiklərinizi bilirlər”. (əl-İnfitar, 82/11-12) O cümlədən “həfəzə” və “rəqib-ətid” mələkləri də deyilən mələklərin qeyd edilən bu vəzifələrindən başqa, axirət günü haqq-hesab zamanı edilən işlərə şahidlik edəcəkləri də ayələrdə bildirilmişdir. Belə ki, bir ayədə belə buyurulur: “Sura üfürüləcəkdir. Bu, vəd olunmuş gündür. Hər kəs onu sürükləyib gətirənlə və bir şahidlə gələcəkdir”. (Qaf, 50/20-21).

Sual: Hər bir millətə peyğəmbər göndərilibmi?

Cavab: Qurani-Kərim ayələrindən aydın olur ki, peyğəmbər göndərilməyən heç bir millət yoxdur. Uca Allah ayədə belə buyurur: “Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun”.(əl-Fatir, 35/24) Başqa bir ayeyi-kərimədə isə belə buyurulur: “Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz”.(Yunis, 10/47) Vurğulamaq lazımdır ki, ayələrdə qeyd edilən peyğəmbər göndərilməyən ümmətin olmadığı ifadəsini “peyğəmbərin təbliğini eşitməyən ümmət yoxdur” kimi də anlamaq mümkündür. Ancaq peyğəmbərlər bu dünyadan köçüb getdikdən sonra onların təbliğləri unudulmuş və belə hallara “fətrət dövrü” adı verilmişdir. Bu ayə fətrət dövründə yaşayan insanların əzaba məruz qalmayacaqlarını bildirir: “Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş heç kəsə əzab verən deyilik”. (əl-İsra, 17/15)

 

Sual: “Əsmayi-hüsna” nə deməkdir?

Cavab: “Ən gözəl adlar” mənasına gələn “əsmayi-hüsna” Uca Allahın bütün adları üçün istifadə edilən ümumi bir termindir. Qurani-Kərimdə Uca Allah buyurur: “Allahdan başqa heç bir ilah yoxdur! Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur”.(Taha, 20/8) Başqa bir ayədə isə belə buyurulur: “O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir”.(əl-Həşr, 59/24) Bu ayələrdə ən gözəl adların Uca Allaha məxsus olduğu bildirilir. Çünki bütün kamilliklərin sahibi məhz Uca Allahdır.

Uca Allahın Qurani-Kərimdə və hədisi-şəriflərdə qeyd edilən çoxlu sayda adları vardır. Bəndə bu adları öyrənərək Allahı tanıyar, Onu sevər və həqiqi mənada Onun qulu olmağa çalışar. “Əraf” surəsinin 180-ci ayəsində: “Ən gözəl adlar Allaha məxsusdur. Odur ki, Allaha o gözəl adlarla dua edin!” – buyurularaq əsmayi-hüsna ilə dua etmək əmr edilmişdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində Uca Allahın 99 adından bəhs edərək bu adları sayan və əzbərləyənin cənnətə girəcəyini bildirmişdir.(Bax. Buxari, Dəavat, 68; Tövhid, 12) Qeyd edək ki, hədisi-şərifdəki “saymaq” və “əzbərləmək” ifadəsi ilə Uca Allahın adlarını bilmək və Ona iman, ibadət və itaət etmək nəzərdə tutulmuşdur. Uca Allahın adları və sifətləri, əlbəttə ki, təkcə 99 addan ibarət deyil. Uca Allahın başqa ayə və hədislərdə qeyd edilən adları da vardır. Hədisi-şərifdə 99 ədədinin qeyd edilməsi məhdudlaşdırma mənasında yox, bu adların Uca Allahın ən məşhur adları olmasına görədir.      

 

Sual: Hədəs və hədəsdən təharət nə deməkdir?

Cavab: Dini ədəbiyyatda hədəs dəstəmazsızlıq və qüslsüzlük səbəbilə insanda meydana gələn mənəvi kirliliyi ifadə edir. Hədəs böyük və kiçik olmaqla iki qisimdir. Cünubluq, aybaşı və zahılıq kimi hallar böyük hədəs, dəstəmazsızlıq isə kiçik hədəsdir. Belə olan halda böyük hədəsdən qüsl ilə, kiçik hədəsdən isə dəstəmaz almaqla təmizlənilməlidir. Bundan əlavə, qeyd edək ki, su tapılmadıqda və ya sudan istifadə etmək mümkün olmadıqda hər ikisindən də təmizlənmək yalnız təyəmmüm almaqla mümkün olur.

 

Sual: Misvakdan istifadə etməyin hökmü nədir? Dişlərin fırçalanması misvakı əvəz edirmi?

Cavab: Dəstəmaz alarkən misvak və bunun kimi dişləri təmizləyən digər vasitələrdən istifadə etmək sünnədir. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Ümmətimə çətin gəlməsindən qorxmasaydım, onlara hər namaz vaxtında dişlərini misvakla təmizləmələrini əmr edərdim”.(İbn Macə, Təharət, 7) Odur ki, Həzrət Peyğəmbərin (s.ə.s) misvaka baxışında ağız və diş təmizliyinin əsas olduğu və onun yaşadığı dövrdə təmizləyici vasitənin misvak olduğu aydın olur. Məhz bu səbəbdən günümüzdə misvak yerinə diş fırçasından istifadə edilə bilər. Belə olan halda ağız və diş təmizliyi üçün məqsədə müvafiq olan hər bir vasitədən istifadə etməklə sünnə olan təmizlik də yerinə yetirilmiş olar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz