QƏRİBLƏRİN HAMİSİ

QƏRİBLƏRİN HAMİSİ

Çətin bir dövrdən keçirik. İnsanlar İslamın bəyan etdiyi gözəlliklərin müzakirəsi bir yana, ümumiyyətlə din haqqında, İslam barəsində danışmaq, daha doğrusu eşitmək istəmirlər.

 Ümumi bir ikrah hissi var ki, bunun da süni olaraq yaradıldığı və son on-onbeş ildə müasir texnologiyanın təmin etdiyi imkanlarla vüsət tapdığı məlumdur. Böyük bir qüvvə var gücü ilə çalışır ki, insanlar dindən, imandan, milli-mənəvi dəyərlərdən uzaqlaşsın, qlobal mədəniyyət adlandırdıqları başıboş, məsuliyyətsiz və məhdudiyyətsiz bir anlayışa yönəlsinlər. İnternet aləmindəki qərəzli xəbər kirliliyi, məlumat bataqlığı və başgicəlləndirici reklam burulğanı istər-istəməz müasir insanları (texnologiya aludəçiliyini müasirlik kimi görən insanları), xüsusilə də bu sahədə ön cərgələrdə yer alan gənc nəsilləri öz ağuşuna alır. İnsanların ədəb-ərkan və əxlaqi dəyərlərdən uzaqlaşması üçün qaldırılan bu qədər səs-küy səbəbsiz və gözlənilməz deyil, əslində. Çünki bu, dünyanın zövq-səfasına, ilahi nəzarətdən yayınmağa meyilli şər qüvvələrin nə ilk, nə də son mübarizəsidir.

Hz. Muhamməd (s.ə.s) peyğəmbərlik vəzifəsinin gərəyi olaraq ilahi bəyanı açıqca elan edir, insanların daha çox yığışdığı yerlərə - bazar yerlərinə, Kəbə ətrafına gedərək onları Haqq dinə dəvət edirdi. Onun danışığındakı bəlağət, Quran ifadələrindəki ecazkarlıq istər-istəməz insanları bu ilahi dəvətə cəlb edirdi. Bunun qarşısını almaq istəyən kafirlər öz aralarında: “Bu Quranı dinləməyin! O oxunduqda eşidilməsin deyə səs-küy salın, diqqətləri yayındırmaq üçün şuluqluq salın! Bəlkə də, bu yolla dəvətinə mane olar və Muhammədə qalib gələrsiniz!” – deyirdilər. (Fussilət surəsi, 26)

Bənzər bir misal da İslam tarixində “Qaranik” böhtanı olaraq bilinən, Peyğəmbərimiz Kəbədə Nəcm surəsini oxuyarkən şeytanın bütlərin adını araya qatması və qısa bir çaşqınlığa yol açması hadisəsidir. Yəni hədəf çaşdırmaq, səs-küy salaraq məlumat kirliliyi yaratmaq,  eşidilməsinə mane olmaq və diqqətləri yayındırmaq hər zaman Haqqa dəvətin qarşısını almağın ən təsirli yolu qəbul edilmişdir.

Hz. Muhammədə (s.ə.s) mane olmaq istəyənlər onun ətrafına yığışan kasıbları, zəifləri görüb dəliyə dönürdülər. Ətrafındakıları ondan uzaqlaşdırmaq üçün var gücləri ilə təzyiq göstərir, hər cür əzab-əziyyətə məruz qoyur, lakin onun hər kəsi qucaqlayan mərhəmət və şəfqətini görə bilmirdilər.

Cəmiyyətin hər bir təbəqəsi ilə yaxından maraqlanan, kimsəsizlərə, çarəsizlərə daim hamilik edən Hz. Muhammədin (s.ə.s) həyatından bir neçə nümunə verək:

Məscidin təmizliyi ilə məşğul olan qara dərili bir qadın var idi. Qadın bir müddət gözə dəymədi. Bunu hiss edən Peyğəmbərimiz (s.ə.s) əshabından həmin qadını xəbər aldı. Onun bir neçə gün əvvəl vəfat etdiyini və dəfn edildiyini dedilər. Peyğəmbərimiz: “Bunu mənə xəbər verməli deyildinizmi?!” – deyərək bundan mütəəssir olduğunu ifadə etdi. Sonra qəbrinin yerini öyrəndi və qəbir üstünə gedərək onun üçün cənazə namazı qıldı, Allahdan əfvini diləyərək dua etdi. Bu gün hansı birimiz öz müəssisəmizdə işləyən bir süpürgəçiyə bu dərəcədə qayğı göstərə bilirik?

Yaxud küçədə ağlayan cariyəni misal verək. Bir gün Rəsulullah (s.ə.s) paltar almaq üçün dükana gedir. Qayıdanbaşı bir nəfər qarşısına çıxır və o köynəyi özünə hədiyyə verməsini istəyir. Rəsulullah yenicə aldığı köynəyi ona verir və gedib eynisindən birini də alır. Bu səfər qayıdarkən yolda ağlayan bir cariyə görür. “Niyə ağlayırsan?” – deyə soruşur. Sahibinin verdiyi pulu itirmişdi. Rəsulullah qalan pulunu da ona verir və gecikməsi səbəbi ilə sahibi onu azarlamasın, döyməsin deyə evinə qədər ötürür. Belə bir mərhəmətdən xəbərdar olan kəs onun dəvətinə laqeyd yanaşa bilərmi?!.. Hətta Rəsulullahın evinə gəlməsinə səbəb olduğu üçün sevinən ev sahibi o cariyəni azad edərək bu uca tərbiyənin təsirini dərhal göstərmiş, ilkin meyvələrini vermiş olur. Onu (s.ə.s) yaxınında hiss edən kəs heç uzaqlaşmaq istəyərmi?..

Başqa bir misal; bir bayram səhəri Rəsulullah (s.ə.s) bir küncdə ağlayan balaca bir qız uşağı görür. Niyə ağladığını soruşur. Bir döyüşdə atasını itirmişdi. Bayram günü atasından ötrü darıxmışdı. Rəsulullah onun başını oxşayaraq belə buyurur:

“Göz yaşlarını sil, qızım. İstəyirsənsə, Allahın Rəsulu atan, Fatimə bacın, Aişə də anan olsun, nə deyirsən?”

Balaca qız sevinclə başını yelləyir. Rəsulullah (s.ə.s) onu əlindən tutaraq evinə aparır, Hz. Fatimə və Hz. Aişə ona təzə paltar geyindirib saçını darayırlar, qarnını doyurub cibinə bayram xərcliyi qoyurlar... Yetim qız o evdən böyük bir sevinc və razılıqla çıxır, küçədə gördüklərinə: “Artıq mənim də atam var, həm də tayı-bərabəri olmayan bir ata!..” – deyir.

Bu qədər geniş bir ürəkdən, hər kəsi qucaqlayan rəhmət və mərhəmətdən xəbərdar olan kəs o şəfqət dəryasından nəsib almaq arzusuna düşməzmi?!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz