MƏSUD QIZ ATASI

MƏSUD QIZ ATASI

 “Bir oğlana təhsil verməklə bir insan,

bir qıza təhsil verməklə isə təhsilli bir ailə və cəmiyyət qazanarsınız”.

(H.Z.Tağıyev)

Son dövrlərdə üzülərək qarşılaşdığım mənzərələrdən biri də, qız övladı olan atalara, hərdən də analara ətrafındakı insanların təskinlik verməyə çalışmasıdır. Mahiyyətləri fərqli olsa da, bu mənə Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdəki cahiliyyə ərəblərinin qız övladlarından imtina etməsi və onları diri-diri torpağa basdırmasını xatırladır. Üzüntüm, o dövrdə torpağa basdıraraq qız övladından qurtulmağın yerini günümüzdə hələ doğulmadan qız olduğu üçün abort edərək qurtulmaq düşüncəsinin aldığını görməklə pik həddə çatır.

Yaradılana yaradana görə şəfqət və mərhəmət göstərmə anlayışının mərkəzə alındığı İslam mədəniyyətindən xəbəri olan heç bir insan nəinki qızlarını canlı-canlı torpağa basdırar və yaxud abort etdirər, əksinə, onların Allahın əmanəti olduğunu, cənnətin məhz həmin qızlardan olan anaların ayaqları altına sərildiyini bilər və onlara sahib çıxar. Axı biz əmanətə xəyanətin münafiqlik olduğunu bildirən mədəniyyətin övladlarıyıq.

İnsanlığın ən vəhşi dövrünün yaşandığı və qadınlara, qızlara mənfəət mənbəyi və yaxud üz qarası kimi baxıldığı cəmiyyətdə bu nəcib insanların imdadına Hz. Peyğəmbərin (s.ə.s) qadınlara və qızlara verdiyi dəyər çatır. O (s.ə.s)  bəşəriyyətə belə səsləndi: “Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir…” (əş-Şura 49)

Məlum olduğu kimi, Hz. Peyğəmbərin yeddi övladı dünyaya gəlmişdi. Bunlardan dördü qız idi. O heç bir vaxt buna görə xəcalət çəkməmiş, əksinə, fəxr etmişdir. Bu fəxrini belə dilə gətirmişdir: “Heç kim qız övladını xor görməsin. Çünki mən də qız atasıyam”.

İslam dininə zərbə vurmaq istəyən şər qüvvələrin istifadə etdiyi ən əsas silahlardan biri də dezinformasiyadır. Qadın və qızlara verilən dəyər məsələsi də bu silaha tuş gəlmişdir. Əfsuslar olsun ki, hələ də bəzi müsəlman ziyalılar bu tələnin qurbanına çevrilirlər. Əslində tarix boyunca yersiz mübahisə məsələsinə çevrilən belə mövzuları gündəmə gətirməkdənsə, Hz. Peyğəmbərin (s.ə.s) ümumiyyətlə övlad ayrıseçkiliyi etmədən onların tərbiyə və əxlaqına önəm verdiyini gündəmə gətirmək daha faydalı olardı. Çünki Hz. Peyğəmbər (s.ə.s) valideynlərin övladları üçün buraxacağı ən dəyərli miras kimi gözəl əxlaqı və tərbiyəni göstərmiş, kəmiyyətdən çox keyfiyyətə dəyər vermişdir.

Valideynlik vəzifəsi təkcə uşağın qarnını doyurub əynini geyindirməklə yerinə yetirilmiş sayılmaz. Bilinməlidir ki, valideyn tərbiyəsindən məhrum qalan övlad faydasız olduğu kimi, həm də cəmiyyətə zərərlidir. Övlad tərbiyəsi məsələsi həssas olduğu üçün Uca Allah tərəfindən imtahan vəsiləsi  (ər-Rad, 5) olaraq adlandırılmaqdadır. Danılmaz bir həqiqətdir ki, valideynlər üzlərini ağ edəcək övladlar yetişdirərək vəzifə borclarını yerinə yetirmiş sayılacaq və məhz bu övladlar onlar üçün cənnət açarı olacaqlar.

Hər fürsətdə qız övladlarına daha çox sevgi və qayğı göstərilməsini buyuran Hz. Peyğəmbər onları yetişdirməyin çətin bir vəzifə olduğuna diqqət çəkmişdir. Bir hədisində: “Kim iki qız övladını yetişkinlik çağına qədər böyüdüb gözəl tərbiyə verərsə, onunla mən cənnətdə belə yan-yana olacağıq”, - demiş və iki barmağını birləşdirmişdi.(Müslim, Tirmizi) Deməli, qızları tərbiyələndirmək həm çətin, həm də vacib məsələdir. Onları yetişdirib həyata hazırlamaq Allah və Rəsulunu məmnun edən davranışdır. Rəvayətə görə, qızlarını İslam əxlaqı və əsasları çərçivəsində yetişdirən ata-analar axirətdə Hz. Peyğəmbərin qonşusu olacaqlar.  Həmçinin qız övladlarının himayəsi onları dürüst biri ilə evləndirənə qədər davam etməlidir. Qız övladlarının nəvazişə daha çox ehtiyacı vardır. Bir rəvayətdə: “Qızlarınızı qızıl və gümüşlə bəzədin! Paltarları gözəl olsun. Etibar qazanmaları üçün ən gözəl hədiyyələri onlara verin”, - buyurulur. Qurani-Kərimin ifadəsinə görə, övladlarına yetərli dərəcədə əmək sərf etməyən, ona laqeyd davranan və Allahın rizasına uyğun şəkildə böyütməyənlər qiyamət günü həm özlərini, həm də övladlarını zərərə uğradacaqlar.(əz-Zümər, 15)

Qız övladlarının çoxluğundan və tərbiyəsindən gileylənən hər bir valideyn Hz. Peyğəmbərin bu hədisini oxumalı və giley-güzardan əl çəkməlidir: “Kim qız övladları ucbatından sıxıntıya düçar olduğu halda onlara yaxşı rəftar edərsə, bu uşaqlar onun üçün cəhənnəm atəşindən qoruyan zireh olar”.(Buxari, Müslim)

Xülasə, Hz. Peyğəmbər qız övladlarına çox dəyər verməyi, onları elmi və tərbiyəvi yöndə yetişdirməyi tövsiyə etmişdir. Onun qızı Fatiməyə olan sevgisi və məhəbbəti bu mənada hamıya nümunə olmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz