Müsahibə Əli CAN – İDEAL GƏNCLİK ÜÇÜN İDEAL AİLƏ ŞƏRTDİR
İrfan: Zəhmət olmasa, oxucularımıza özünüzü təqdim edərdiniz.
Əli Can: Türkiyənin Kayseri şəhərində 1976-cı ildə anadan olmuşam. Orta məktəb təhsilimə Kayseridə başladım, İstanbulda tamamladım. 1999-cu ildə Mərmərə Universitetinin İlahiyyat fakültəsindən məzun oldum. Əziz Mahmud Hüdayi vəqfinin bir çox təhsil müəssisəsində idarəçi, məsləhətçi və təlimçi kimi iyirmi ildir müxtəlif vəzifələrdə işlədim. Hal-hazırda da bu vəqfdə müdir müavini vəzifəsindəyəm. Eyni zamanda “Gənc şəxsiyyətin formalaşmasında İslami qeyri-hökumət təşkilatlarının rolu” adlı doktorantura dissertasiyasını müdafiəyə hazırlayıram.
- İşinizlə əlaqədar daim gənclərlə iç-içəsiniz. Bir toplumun gələcəyi üçün gənclərin düzgün yetişdirilməsinin nə kimi əhəmiyyəti var?
- Gənclik çağı həm zehni, həm də fiziki baxımdan insanın ən dinamik, enerji dolu və hərəkətli olduğu dövrdür. Bu enerji etibarı ilə əgər insan doğru yönləndirilər və yetişdirilərsə, bir çox məsələni həll edə biləcək məlumat və qabiliyyətə malik olar. Gənclər, onlara fürsət verildiyi zaman çox mühüm müvəffəqiyyətlərə imza ata biləcək qabiliyyətə və cövhərə malikdir. Əsas məsələ gənclərdəki bu qabiliyyətləri kəşf edib onu inkişaf etdirmək, müxtəlif işləri həvalə edərək məsuliyyət şüuru qazandıra bilməkdir. Şübhəsiz ki, hər bir millətin mədəniyyət quruculuğunda və bunun həyata keçirilməsində həmin dövrdə yaşayan və o millətin ən azı yarısını təşkil edən gənc təbəqənin həyati əhəmiyyəti vardır. Allahın Rəsulu (s.ə.s): “Gənc yaşda elm öyrənən kəs qaya üzərinə oyma edən, qocalığında elm öyrənməyə çalışan isə su üstünə yazı yazan kimidir”, - buyuraraq bir millətin elmi və mədəni inkişafında gənclərin nə qədər mühüm rol oynadığını ifadə etmişdir.
- Hz. Peyğəmbərin insan yetişdirməkdə, xüsusilə də gəncləri yetişdirməkdə metodu nə idi?
- Allah Rəsulunun hədəfi inanclı, əxlaqlı və iffətli bir gənclik meydana gətirmək idi, bütün səyləri bu məqsədə yönəlmişdi. Buna görə də hər fürsətdən istifadə edir; bəzən bazarda, bəzən evlərdə, yaxud məsciddə, bəzən yolda gedərkən, qısacası, münasib bildiyi hər mühitdə və hər vaxt İslamın aydınlığında addımlamaları üçün yol göstərirdi. Bir səfər əsnasında eyni minik üstündə yol getməkdə olduğu, arxasında oturan qardaşı oğlu gənc Abdullah ibn Abbasa belə nəsihət etmişdi:
“Cavan oğlan! Sənə bəzi şeylər öyrədəcəyəm. Allahı daim nəzərdə saxla ki, Allah da səni nəzərə alsın. Allahı unutma ki, o daim yanında olsun. Nəsə istədiyin zaman Allahdan istə! Köməyə möhtac olduğun zaman Allahdan kömək istə! Bunu bil ki, bütün insanlar sənə fayda vermək üçün yığışsa, Allahın təqdiri xaricində bir fayda verə bilməzlər. Bundan əlavə, bütün insanlar sənə zərər vermək üçün yığışsa, Allahın təqdiri xaricində sənə heç bir zərər verə bilməzlər. Bu mövzuda qələmlər qaldırılmış, səhifələrdəki yazılar qurumuşdur (hökm qətiləşmişdir)”.
Peyğəmbərimizin gənclərlə ünsiyyət qurması sevgi, sayğı və səmimiyyət əsasına söykənirdi və bu üsulla onların öz şəxsiyyətlərini ortaya qoymasına nail olmuşdu. O (s.ə.s) təkcə yeni bir din gətirməmişdir, eyni zamanda gətirdiyi dinin təməlləri əsasında yeni bir mədəniyyətin də meydana çıxarılmasını qarşısına məqsəd qoymuşdu.
Hz. Peyğəmbər hələ iyirmi yaşında gənc ikən dəvət edildiyi “hilful-fudul” birliyinə böyük bir məmnuniyyətlə iştirak etmişdi. Özünə peyğəmbərlik verildikdən illər sonra bu birliyə çağırılmağını və orada iştirak etməyini böyük bir fəxrlə, ətrafındakı insanları da təşviq edərək bu sözlərlə danışmışdı: “Əmilərimlə birlikdə Abdullah ibn Cüdanın evində elə bir anlaşmada iştirak etdim ki, onu qırmızı tüklü dəvə sürüsü ilə də dəyişmərəm. İslam gəldikdən sonra, bu gün də əgər belə bir anlaşmaya çağırılsam, mütləq bu dəvəti qəbul edərəm”. Şübhəsiz ki, Hz. Muhamməd (s.ə.s) gənc ikən iştirak etdiyi və zalımlara qarşı məzlumların yanında səf tutduğu o insani birliyi illər sonra dilə gətirərkən o dövrdə yaşayan gənc ruhlara bir mesaj vermək istəmişdir. Beləliklə o, ətrafındakı gənclərin daxilində var olan üsyan ruhunu vurub-yıxmaq, qırıb-dağıtmaq üçün deyil, məzlumların və insani dəyərlərin lehinə hərəkətə keçirmələrini istəmişdir.
Hz. Peyğəmbər (s.ə.s) İslamın ilk illərində olduğu qədər, sonrakı illərdə də, yəni Mədinə dövründə də gənclərə xüsusi dəyər vermişdir. Onun verdiyi bu dəyərin səbəbini: “Mənə gəncliyin yardımı bəxş edildi” sözündə axtarmaq lazımdır. Hz. Peyğəmbər daim gəncləri şərəfləndirmiş, onların qürurlarını oxşayaraq müstəqil bir fərd olduqlarını özlərinə hiss etdirmişdir. O (s.ə.s), uşaqları da ehmal etməmiş, yetkin şəxslər kimi onlara da salam vermiş, bəzən şəfqətlə başlarını oxşamış, bəzən hal-əhval tutmuş, hətta onlara tapşırıqlar vermişdir.
Bir çox hallarda gənclərin İslam dini üçün göstərdikləri xidmətlərdən ötrü Hz. Peyğəmbər tərəfindən təltif edildiklərini də görürük. Allahın Rəsulu: “Hər kim yer üzündə yeriyən bir şəhid görmək istəyirsə, Talha bin Übeydullaha baxsın”, - buyuraraq, müsəlman olduğu zaman hələ on yeddi yaşında, bir rəvayətə görə isə iyirmi yaşında olan Talhanı cənnətlə müjdələnənlər arasına daxil etmişdir.
Gənclik çağı insanın duyğusal yönünün ön plana çıxdığı bir dövrdür. Bu səbəblə gənc insan daha çox qayğı və nəvaziş istəyir. Hz. Peyğəmbərin gənclərin duyğu dünyalarına xitab edərək onların könüllərini qazandığını görürük. O (s.ə.s), Hz. Əliyə: “Sən məndənsən, mən də səndən”, - deyərək onu özündən bir parça saymışdır. Zübeyr bin Avvam haqqında da: “Hər peyğəmbərin bir köməkçisi var, mənim köməkçim də Zübeyrdir”, - buyuraraq onu öz köməkçisi elan etmişdi. Hələ on iki yaşında ikən müsəlman olan bu yeniyetmə, əlbəttə, Hz. Peyğəmbər tərəfindən köməkçi seçilməyin qürurunu yaşamışdır.
Allahın Elçisi gənclərin mənəvi dəyəri ilə əlaqədar olaraq onların Allah qatındakı yerlərinin müstəsna olduğunu ifadə etmişdir: “Yeddi sinif insan var ki, Allah, özünün kölgəsindən başqa heç bir kölgənin olmayacağı gün bu kəsləri öz rəhmət kölgəsində kölgələndirəcək. Bunlardan biri də Rəbbinə ibadət və itaətlə həyatını keçirən gəncdir”, - deyərək, təkcə öz nəzərində deyil, Allah qatında da gənclərin dəyərinə diqqət çəkmişdir.
- Bu gün gənclərin ən çox dilə gətirdiyi məsələlərdən biri də “azadlıq”dır. Həzrət Peyğəmbərin tərbiyəsində azadlığın hüdudları nələrdir?
- Bəli, hamımızı, bütün dünyanı təsiri altına alan liberal bir azadlıq anlayışının pəncəsindəyik. Bu elə bir azadlıq düşüncəsidir ki, heç bir şərtdən asılı olmağı qəbul etmir. Yəni din, adət-ənənə, milli-mənəvi dəyərlər, hərəkətlərimizə yön verən nə varsa, hamısından uzaqlaşaraq insanın azad olacağını təlqin edir. Digər yandan, gəncliyi əsir alan bu “azadlıq” insanı ülvi hədəflərə və məqsədlərə çatmaq qayəsi güdmür; daha çox bədənə xidmət edən zövq və həzlər üçün sərbəst olmağı hədəf götürür. Hz. Peyğəmbər insanın axirət yolçuluğunda “gəncliyini nəyə sərf etdin?” sualı ilə sorğuya çəkilmədən hərəkət edə bilməyəcəyini bildirmişdir. Digər tərəfdən, Allah Rəsulunun hesab günündə ərşin kölgəsinə yığışacaq olan yeddi qrup insandan birinin “xoşbəxtlik və rahatlığı Rəbbinə ibadətdə axtaran, Ona qulluq edərək tərtəmiz bir həyat içində böyüyən gənc” olduğunu xəbər verməsi dinimiz İslamın gənclik dövrünə hansı baxış bucağı ilə baxdığını bildirən mühüm bir məlumatdır. Hz. Peyğəmbər gənclərə müraciət etmiş, gənclər də onun müraciətinə cavab vermişdir. Bu gün müdafiə edilən mənada həzz naminə başıboş bir sərbəstliyin Hz. Peyğəmbərin dünyasında yeri yoxdur.
Digər yandan, əgər azadlığı hər kəsin öz fikrini heç bir məhdudiyyət güdmədən dilə gətirmək olaraq görsək, bu mövzuda Uhud döyüşündən əvvəl Hz. Peyğəmbərin gənclərlə ünsiyyətini nümunə göstərə bilərik. Hz. Peyğəmbər Mədinədə qalaraq müdafiə döyüşü aparmaq istəyirdi. Amma Bədir döyüşündə iştirak etməmiş olan gənclərin təkidli tələbləri və istəkləri şəhərdən kənara çıxıb düşməni qarşılamaq və onlarla meydan müharibəsi aparmaq yönündə idi. Allah Rəsulu bu dərəcə kritik bir mövzuda gənclərin fikrinə hörmətlə yanaşmış və onların istəkləri istiqamətində qərar qəbul edərək şəhər xaricində döyüşməyi qəbul etmişdir.
Ümumiyyətlə, Hz. Peyğəmbər qərar alma prosesində gənclərə yer vermiş, çox mühüm xüsuslarda onlarla məsləhətləşmiş, onların təqdim etdiyi həll yollarını ciddi bir şəkildə təhlil etmiş, bəzən onların düşüncələrinə əsasən strategiya müəyyənləşdirmişdir. Bu tərz davranışın ondan sonra gələn xəlifələr dövründə də davam etdiyini görürük. Necə ki, mənbələrimiz bizə Hz. Ömərin məşvərət və qərar mərhələsində iştirak edən böyüklərlə yanaşı, gənclərdən ibarət bir məsləhət şurasının da olduğunu xəbər verməkdədir. Hz. Ömər bəzən bu gənclərlə də məsləhətləşmiş və onlara: “Yaşınızın gənc olması sizi öz fikrinizi ifadə etməkdən çəkindirməsin. Çünki elm yaşın böyüklük və ya kiçikliyinə bağlı deyildir. Allah onu dilədiyinə verər”, - demişdir.
- Ailələr uşaqlarını gələcəyə hazırlamaq üçün uşaqlıqdan etibarən nəyə fikir verməli, uşaq tərbiyəsində ümumiyyətlə nələrə diqqət yetirilməlidir?
- İdeal bir ailə həyatı olmadan ideal gənclikdən söz açmaq mümkün deyil. Buna görə də fərdin gənclik dövrünə qədər ailə içində cəmiyyətin dini və mədəni kodları ilə rahatlıqla tanış olmasına şərait yaradan bir təhsil ilə təmin edilməsi, onun sonrakı həyatını ideal ölçülərdə şəkilləndirə bilməsi baxımından həyati əhəmiyyət daşıyır. Ailədə qazandığı dəyərlər bir gəncin bütün həyatına yön verə bilər. Ailələr uşaq yaşdan etibarən verəcəkləri tərbiyədə Quranın yol göstərici xüsusiyyətindən faydalanmalıdır. Quranın təlqin etdiyi gözəl əxlaq, müntəzəm çalışma, vaxtın düzgün qiymətləndirilməsi, doğru bilik mənbələrinə yiyələnmək, söz və hərəkətlərdə həddi aşmaqdan çəkinmək kimi vərdişlər bir mömin üçün yoldakı işarələr kimidir.
Ailədə ata-ana bütün İslami dəyərlərə vaqif olmalı və bunu müasir tədris metodologiyası çərçivəsində uşaqlarına nəql etmək üçün səy göstərməlidir. Tərbiyə verməyin ilk və ən təsirli yolu nümunə olmaqdır. Bir müsəlmanın dünya və axirət səadəti hər növ həddi aşmaqdan uzaq, dini tamamilə Allahın rizasını əldə etməyə həsr edən bir həyat tərzində yatmaqdadır. Həddi aşmaq dünyəvi həvəs və nəfsani həzlərdən qaynaqlanır. İradəsini nəfsinin arzularına təslim edən bir şəxsin xoşbəxtlik sahilinə çatması çox çətindir. Hal belə ikən, ərdəmli, vicdanlı, ideal, məsuliyyət sahibi, haqsızlığa razı olmayan, məzlumdan yana davranış sahibi gəncliyin inşa edilməsi üçün ailəsi ona Hz. Peyğəmbərin əhəmiyyət verdiyi iman, ibadət və əxlaqla yoğrulmuş bir həyat təqdim etməlidir. Bu mənada gəncliyin mövcudiyyət sahəsinə hörmətlə yanaşaraq, dialoq mərkəzli dil və üslubla, yıxmadan, incitmədən, alçaltmadan ünsiyyət quraraq onlara həyat rəhbəri olmaq, nümunə olmaq lazımdır. “Necə?” və “nə üçün?” suallarına cavab verərək onları şüurlandıran, cəsarət verib ürəkləndirən ata-analara ehtiyac var. Keçmişin yaddaşını mühafizə edərək bu günə və gələcəyə dair ideal bir perspektiv aşılayıb onlara bu dünyanın ümidi olduqlarını idrak etdirən bir yanaşma tərzi ən yaxşı şəkildə ata ocağında verilə bilər. Rəbbimizin bizə əmanəti olan uşaqlarımız və gənclərimizə veriləcək tərbiyə nəbəvi miras olaraq bizim çiyinlərimizə yüklənmiş və səhlənkarlığa əsla yol verilməyəcək mühüm bir şüur və məsuliyyət öhdəliyidir.
- Bizə vaxt ayırdığınız və qiymətli məsləhətlərinizi əsirgəmədiyiniz üçün təşəkkür edirik.
- Bu fürsəti verdiyiniz üçün mən də təşəkkür edirəm.
ŞƏRHLƏR