Uğurlu təlim-tərbiyədə valideyin dəstəyi

Uğurlu təlim-tərbiyədə valideyin dəstəyi

   Təlim-tərbiyədə və təhsildə ailənin rolu və funksiyası son dərəcə əhəmiyyətli yer tutur və əvəzedilməzdir. Məktəbdəki təlim prosesinin qazandırdıqları ailənin dəstəyi və nəzarəti ilə birləşdikdə istənilən müsbət nəticənin əldə edilməsi böyük ölçüdə asanlaşar və hədəfə doğru böyük addımların atılmasına nail olunar. Ailə daxilində hər bir fərdin yaşı nisbətində məsuliyyətləri olmalıdır. Valideynlər olaraq necə ki, onların həyata dair ehtiyaclarını qarşılayır, qayğı və şəfqəti əsirgəmiriksə uşaqların da ailə içərisində məsuliyyətlərinin olduğunun onlara kiçik yaşlardan etibarən öyrədilməsi lazımdır.

* Uşaqların aid olduğu yaş qrupu içərisində fərqli bir fərd olduğu bilinməli və unudulmamalıdır. Bu yaş qrupu daxilində digər fərdlərlə müştərək xüsusiyyətlərin olduğu bilinsə də bir çox faktor səbəbi ilə birini digərindən fərqləndirən kəskin xüsusiyyətlərin də varlığı unudulmamalıdır. Mühit amili, ailə daxilindəki münasibətlərin səviyyəsi və xüsusiyyətləri, genetik amillər, iqtisadi və ictimai amillər və s. bunlardan bir neçəsidir.

Bu faktorların fonunda övladlarımızın təlim və tərbiyəsi, həmçinin onlara gözəl və faydalı bir təhsil həyatının təmin edilməsi prosesində diqqət edilməsi vacib olan bir çox incəliklər vardır ki, bunlar göz ardı edilməməlidir. Uşaqlar arasında müqayisə aparılmamalı, qüruruna toxunulmamalı - əks halda irəli mərhələlərdə ciddi fəsadlar özünü göstərəcək, - nailiyyətlərinə görə alqışlanaraq daha da həvəsləndirilməli, xətaları düzəldilməli, ən əsası isə hər zaman valideynin onun yanında var olduğu hiss etdirilməlidir.

         * Uşaqlar dünyaya gəldikləri andan etibarən həyatımızın mərkəzi nöqtəsində yerləşməyə başlayar. Həyatımızın hər anını onları diqqət mərkəzinə alaraq planlamağa məcbur hiss edərik özümüzü. Mükəmməl bir təhsil ocağında gözəl təhsil almalarını, prestijli ali məktəbə qəbul olaraq tələbəlik həyatı keçirmələrini, yaxşı bir işlə təmin olunaraq uğur qazanmalarını, nəhayət gözəl və məsud bir ailə qurmalarını xəyal edər və həyata keçməsi üçün var gücümüzlə çalışarıq...Hətta bəzən öz həyatımızda hədəf seçdiyimiz halda əldə edə bilmədiyimiz bir şeyi övladlarımızın qazanması üçün səy göstərərik.

* Uşaqların gələcəyinə olan inancınızdakı əskiklik siz fərqində olmasanız da ona yansıyar. Bəzi hallarda bu əskiklik sizin maddi sıxıntılar içərisindəki gərgin iş həyatınızdan, gələcəyə yönəlik pessimist düşüncənizdən, həmçinin “uşaq yaxşı oxusa da onu oxutdurmağa gücüm çatmayacaq” düşüncəsi ilə hərəkət etməyinizdən irəli gələr. Belə olan halda  övladınızın uğur qazanma ehtimalı ciddi ölçüdə zəyifləyəcək və həmçinin stresli bir dönəm yaşamağa məcbur qalacaq. İmtahan həyəcanı və stresi yaşayan uşaqların bir çoxunda ailənin yaşadığı həyata dair qayğıların uşaqlar üzərində ciddi bir təzyiq yaratdığı və onların da buna bağlı olaraq kəskin stress yaşadığına dair müşahidələr aparılmışdır.

* Davranışlarımızla verilən mesajlara diqqət edilməsi şərtdir. Danışılan sözlər və ifadələr hərəkətlərimizlə paralellik təşkil etməlidir. Bir-birini tutmayan sözlərin uşağın sizə qarşı olan etimadının zədələnməsinə yol açacağı qaçınılmazdır. “Bizim üçün sən daha çox lazımsan”, dedikdən sonra yaşanan ilk uğursuzluqda: “Sənin görəcəyin iş budur da, təmbəlsən, bacarıqsızsan”, kimi ifadələrin işlədilməsi inandırıcılığımızın itirilməsi mənasına gələr.

 * Mənfi motivasiyadan uzaq durun. Təlim-tərbiyə işinin uzun mərhələli bir proses olduğunu unutmayın. Müəyyən mərhələlərdə övladlarınız eniş və çıxışlı bir qrafik göstərə bilər. Buna görə də monoton bir təhsil həyatı gözləmək yanlış ola bilər. Əsas olan odur ki, övladınızı bir işin öhdəsindən gələ biləcəyinə inandıra biləsiniz. “Səndən bir şey olmaz, belə gedərsə bir baltaya sap olmayacaqsan”, deyildikdə adam bəlkə hirsə qapılıb özünə hədəf qoyaraq gecəsini gündüzə qatmaqla nəyəsə nail ola bilər, ancaq unutmamaq lazımdır ki, çox vaxt bu ifadələrin mənfi təsiri özünü göstərər və uğursuzluq qaçınılmaz olar.

         * Lazım olandan daha  çox fədakarlıq göstərməyin və bunu davamlı olaraq təkrarlamayın. “Sənə xərclədiyimiz bu qədər pul ilə neçə uşaq oxuyardı”, “sən dərs çalışasan deyə nə bir yerə gedirəm, nə də qonaq qəbul edirəm”...Əslində bilməliyik ki, nə bu qədər fədakarlıq göstərməliyik, nə də ki, bunu uşağa qarşı silah kimi istifadə etməliyik.

         * Övladlarınızı başqa uşaqlarla müqayisə etməyin. Müqayisə etmək həm sizi, həm də uşağınızı ruhdan salacaq və onun önünə sədd kimi çəkiləcəkdir. Çünki bu vəziyyət uşağınızın özünün bacarıqsız, qabiliyyətsiz və lazımsız olduğu hissinə qapılmasına səbəb ola bilər.

* Müsbət motivasiya şərtdir. Daim tənqid və mühakimə etmək əvəzinə onun xüsusilə bacarıqlı olduğu nöqtələri vurğulayın. Uşağın davamlı tənqid edildiyi bir mühitdə özünü xoşbəxt hiss etməsi, daha da vacibi uğur əldə etməsi mümkün deyildir. Bunun ona bir şey qazandırmayacağı bilinməklə yanaşı, tam əksinə onun sizdən uzaqlaşmasına və sizinlə vaxt keçirmək istəməməsinə səbəb ola bilər. İnsan psixologiyasında müsbət motivasiya daha təsirli gücə malikdir. Yəni müsbət düşüncə, müsbət təlqinlər və təriflər insanların motivasiyasını daha tez artırar.

* Evdə hüzurlu bir ailə mühiti təmin edin. Ailə daxili münaqişələr, ata-ana arasındakı ünsiyyət pozuqluğu uşaqlar üzərində mənfi təsirini gec-tez göstərəcəkdir. Gərgin münasibətlərin olduğu bir ev şəraitində uşaqların faydalı dərs çalışmalarını və uğur əldə etmələrini gözləmək əbəsdir. Əks halda bu, özümüzü aldatmaqdan başqa bir şey deyildir.

Bir sözlə hər bir işdə nailiyyət qazanmağın açarı səbir və nizam- intizamdır. Bu prinsip təlim və tərbiyədə daha da geniş mahiyyət daşıyır....

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz