AVROPANIN MÜSƏLMAN ELM OCAQLARI
Tarixin axışına baxanda zamanla müsəlman fatehlər, demək olar ki, hər elmin və sənət sahəsinin qoruyucu hamisi və inkişaf etdiricisi olublar. Beləliklə döyüş ordularını, elm orduları əvəz etdi. Bu möhtəşəm mənəvi və siyasi irəliləyiş, əski mədəniyyətlərlə təmas nəticəsində fəth edilən məmləkətlərdə yeni bir mədəniyyət olaraq “İslam mədəniyyəti”ni inkişaf etdirdi. Onu da qeyd edək ki, müsəlmanların yaratdığı hər şey daha əvvəlki mədəniyyətlərdən fərqli bir orijinallıq nümayiş etdirirdi.
VIII əsrdən XIII əsrə kimi davam edən beş əsrlik dünya mədəniyyəti tarixi, demək olar ki, İslam mədəniyyətindən ibarətdir. İslam alimlərinin, müxtəlif irq və millətlərə mənsub olmalarına baxmayaraq istisnasız bütün əsərləri ərəb dilində yazıldığı üçün ərəb ünsürü bu mədəniyyətdə hakim olmuş və beləliklə də bu mədəniyyətə İslam mədəniyyəti əvəzinə Ərəb mədəniyyəti deyilmişdir.
Bir nöqtəyi-nəzərdən mədəniyyət, torpaq və ruhun birləşməsi, torpaq qaynaqlarının insanın istək və sisteminə uyğun olaraq dəyişməsidir, - şəklində tərif edilə bilər. Sarayların, məbədlərin, təhsil qurumlarının (məktəb, universitet), sənətin, ədəbiyyatın və sənayenin təməlində ancaq insan vardır.
Bu insana ruh və məna verən, onu müəyyən bəzi davranışlara məcbur edən xüsusiyyət, mənsubu olduğu dinin əmrləridir. Meşədən ov gətirən ovçu, ağac kəsən odunçu, sürüsünü güdən çoban, tarlanı sürən, əkən, biçən, beləliklə məhsul əldə edən əkinçi, heyvan yetişdirən kəndli, ev işlərini görən qadın, torpağı qazan mədənçi, ev, gəmi, maşın düzəldən emalçı... bunların hamısı, zəif kürəklərində mədəniyyətimizi daşıyan səbirli, fəqət hərəkətli ünsürlərdir. İslam dünyasında fəal olan bütün bu insanlar[1] Qərb mədəniyyətinin rəhbərlik işini aparmışdılar.
İslam mədəniyyəti Avropaya ilk dəfə İspaniya (Əndəlüs) yolu ilə ilk addımını atdı. İqtisadi və mədəni inkişaf qısa müddətdə Avropanın bu bölgəsində həyat tərzinə də təsir etdi.
711-ci ildə İspaniyanın müsəlmanlar tərəfindən fəthindən sonra, 755-ci ilə qədər Suriyadakı xəlifəlik mərkəzi tərəfindən idarə edildi. 715-ci ildə Xəlifə Əbdürrəhman, Kordovada istiqlaliyyət elan etdi. Kordova III. Əbdürrəhman dövrünün sonuna qədər (912-961) İslami təlim və sənət elmləri ilə Avropanı bəslədi. Hətta o dövrdə Avropa professorlarının Kordovada imtahan edilmələri adəti var idi.[2]
İspaniya, şərq ilə qərb arasında bir körpü kimi yerləşdiyi üçün, Avropanın ən çox istifadə etdiyi bölgə olmuşdur. Əndəlüsdəki İslam mədəniyyəti IX əsrin ortalarından etibarən bütün İspaniyaya hakim olmuşdu. Əndəlüs ispanları, ərəb dilini, elm və ədəbiyyat dili olaraq yeganə dil kimi qəbul edirdilər. Ərəb dili, İspaniyada o qədər inkişaf etmişdi ki, xristian kilsə məqamları, İspaniya kilsələrindəki dini mətnləri, ərəbcəyə tərcümə etdirməyə məcbur olmuşdular. Hətta Sevil’li Jean, İncilin ərəbcə təfsirini də yazmışdı.
İspan tarixçilərinin yazdığına görə Avstriya krallarından Alphonse vəliəhdi olan öz oğlunu yetişdirmək üçün Kordovadan iki müsəlman alimi sarayına gətirtmişdi.
Burada İslam alimlərinin məşğul olduqları elm sahələrindən, astronomiya, kimya, riyaziyyat, fəlsəfə, tibb, hüquq, ilahiyyat başda olmaqla müxtəlif əsərlər latın dilinə tərcümə edilib Avropa ziyalılarının istifadəsinə verilirdi.
Müsəlmanların bu elmi şöhrəti İspaniya sərhədlərini çox aşmış və qərbin diqqətini özünə cəlb etmişdi. Əndəlüs, təhsil almaq üçün xaricdən gələn tələbələrin axınına məruz qalmışdı.[3]
İslam mədəniyyətinin qərbə ikinci təsir qapısı da Sicilya idi. Müsəlmanlar, açdıqları mədrəsələrdə xristian ziyalıların yetişdirilməsinə kömək etdilər. Burada xristianlar müsəlmanlardan qalma saray tədbirləri və mərasimlərlə yanaşı adət və ənənələri də davam etdirirdilər. Rəsmi dil olaraq ərəb dilini işlədirdilər. Hətta diplomlarının bir hissəsi belə, ərəbcə yazılırdı. Qısaca olaraq, X əsrdə Sicilyada, Norman hakimiyyəti İslami bir xarakter daşıyırdı.[4]
Müsəlmanlar Sicilyanı IX əsrdən XI əsrin sonlarına qədər idarə etmişdilər. Xristian əhaliyə geniş muxtariyyət haqqı tanınmışdı. Vergilər adanın Yunan idarəsində olduğu dövrlərdəkindən çox az idi.
Yeni kənd təsərrüfatı üsulları tətbiq edilərək düzəldilən mükəmməl sulama kanalları, zeytun, pambıq, şəkər qamışı kimi o zamana qədər bilinməyən bitkilərin gətirilərək adada yetişdirilməsi, qısa zamanda Sicilyanı mütərəqqi bir məmləkət halına gətirdi. Gümüş, mis, kükürd mədənləriylə mərmər və qranit ocaqlarının işlədilməsi sistemli bir nizama gətirilmişdi. İpək sənayesi inkişaf etmişdi.
Sicilyada Müsəlmanların yerini alan Norman xanədanı, XIII əsrə kimi, tamamilə islamlaşmış bir məmləkət üzərində hökm sürdü. Norman xanədanının, ən parlaq dövrünü təşkil edən II Roqerin (1101-1154) səltənət illərində Müsəlmanlar və Xristianlar birgə yaşayırdılar. Saray adamlarının bildikləri dillər arasında başda gələni Ərəb və Yunan dilləri idi.
Tarixin müxtəlif səhifələrindən bəhs etdiyimiz bu bir neçə həqiqət İslam dininin və onu təmsil edən müsəlmanların, dövlətlərin və millətlərin taleyinə nə qədər müsbət təsir etdiyini bir daha göstərməktədir. Bu təsirlər o qədər dərin və doğru olmuşdur ki, bu həqiqəti danmayan dürüst və vicdanlı insanlar yaşadıqları intibah dövrü üçün İslam dininə və müsəlmanlara minnətdar olduqlarını hər zaman dilə gətirmişdir. Biz müsəlmanların üzərinə düşən əsas vəzifə də keçmişimizlə fəxr eləmək, amma heç bir vaxt kibirlənməməkdir.
[1] Vill Durant, “İslam Mədəniyyəti” səh. 95.
[2]Otto Spies, “Şərq Kültürünün Avropa Uzərindəki Təsirləri” (trc.N. Ərsoy Ate Jurnalı,) Ankara-1974. Məqalə 7-8.
[3]Ə. Gürkan, “İslam Kültürünün Qərbi Mədəniləşdirməsi” səh. 277-278.
[4]Otto Spies, “Şərq Kültürünün Avropa Uzərindəki Təsirləri” (trc.N. Ərsoy Ate Jurnalı, əlavə nəşriyyat) Ankara-1974. Məqalə 8
ŞƏRHLƏR