BİR HƏDİS

BİR HƏDİS

عَنِ ابْنِ عَبَّاسٍ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: {مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ}

İbn Abbas (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah kimin üçün xeyir istəyərsə, onu dərin elm sahibi edər.” (Buxari, Elm, 13; Müslim, Zəkat, 33; Tirmizi, Elm, 1)

      Bu hədisi-şərif, yuxarıda qeyd olunan qaynaqlardan başqa bir çox səhih mənbədə də keçməkdədir. Bəzi qaynaqlarda fərqli ləfzlərlə və daha geniş olaraq yer almışdır. Buxarinin Səhih`ində hədisin davamı belədir: "Verən mən deyiləm. Mən sadəcə bölüşdürənəm. Verən Allahdır. Bu ümmət qiyamət günü gələnə qədər Allahın buyurduğu kimi yaşayacaqdır. Onlara müxalifət edənlər hər hansı bir zərər toxundura bilməyəcəklər".

      Hədisdə keçən iki kəlmə xüsusilə diqqət çəkməkdədir. Bunlardan birincisi "xeyir" kəlməsidir ki, bu kəlmə bütün xeyirləri içinə alır. Allah-Təala qulları üçün hər zaman xeyirli olanı istəyər, onlar haqqında şəri və pis olan şeyləri əsla istəməz, fəqət yaradar. Şər və pis olanı insan öz ağlı və iradəsi ilə seçər. İkinci kəlmə də "fiqh"dir. Eyni kökdən törəyən "fəqih" kəlməsinin mənası dərin anlayış sahibi deməkdir. Çünki fiqh, bir şeyi yaxşıca bilmək, dərin bir anlayış sahibi olmaq mənasını daşımaqdadır. Fiqh elminə bu adın verilmə səbəbi də, bu elmin belə bir anlayış və qavrama tələb etməsinə görədir. Bu elmdə məharətli olan kimsələrə fəqih deyilir. Elm əhlində olması lazım olan qavrama və anlayış sadəcə fiqh elmi ilə məhdud deyildir. Bütün elmlərdə buna ehtiyac vardır. Ona görə də Rəsulullah (s.ə.s)-in bu hədislərini müəyyən bir elm sahəsinə həsr etmək doğru deyildir.

      Dini elmlər başda olmaqla, bütün elm sahələrində anlayış sahibi olanlar müvəffəq olan kimsələrdir. İnsana bu anlayışı bəxş edən Allahdır. Hədisin davamında açıq bir şəkildə görüldüyü kimi Rəsulullah (s.ə.s) ona vəhy olunan Quranı insanlar arasında heç bir fərqlilik görmədən təbliğ etmişdir. Bəzilərinə öyrədib, bəzilərinə öyrətməməzlik etmədi. Hər kəs eyni təbliğə müxatəb olduğu halda onların içlərindən bəziləri daha yüksək səviyyədə anlayış sahibi oldu və cəmiyyətdə yüksək bir məqamda yer almağa haqq qazandılar. Səhabələrin hamısı elm və anlayış baxımından eyni səviyyədə deyildilər. Onlardan bəziləri ayə və hədislərin sadəcə görünən zahiri mənalarını anladıqları halda, bəziləri də onların incəlik və dərinliklərinə nüfuz etdilər. İnsanlara haqqı və həqiqəti göstərən və onlara təlim və tədris verən alimlər, cəmiyyətdə Allahın onlar haqqında xeyir istədiyi ən üstün və örnək insanlardır. Çünki alimlər Allahın dünyadakı elçiləri olan peyğəmbərlərin Allahdan gətirdikləri ilahi həqiqətləri insanlara öyrətməyə davam edən peyğəmbər varisləridirlər. (Riyazus-salihin Tərcümə və Şərhi,  1379 )

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz