SUAL? - CAVAB!
Düzəltmə: Əvvəlki sayımızdakı “yatmaq orucu pozarmı?” sualının daha geniş cavabı.
Cavab: Keçən dəfə verilən “Yatmaq orucu pozarmu?” sualına belə cavab verilmişdi: “Xeyr, yatmaq orucu pozan əməllərdən deyil, namazı pozan əməllərdəndir.
Ancaq yuxuda orucluya bir kimsə su içirərsə, orucu pozular və bir gün qəza vacib olar”. Burada nəzərdə tutulan yuxuda deyil, real həyatda su içirilməsidir. Yəni, o yatarkən bir nəfərin gəlib ağzına su tökməsi və onun yuxudan ayılmadan içməsidir. Çünki istəyərək və ya istəmədən (təbii ki, bir kəsin oruclu olmasını ayıq ikən tamamilə unutması bundan istisna edilir, çünki bu halda orucun pozulmaması ilə bağlı Hz. Peyğəmbərin (s.ə.s) hədisi-şərifi var) orucu pozan əməllərə yol verməsi nəticəsində oruc batil olur. Çünki orucun rüknü olan “imsak”a boğazdan mədəyə su getməklə xələl gəlmiş olur. Ona görə də, oruc pozulur.
Namazın ikinci rükətində “Fatihə”ni oxuduğu halda zəmmi surə oxumadan rükuya gedən kimsə, bu əskiyini rukuda ikən fərq elədikdən sonra nə etməlidir?
Cavab: Namazda “Fatihə” surəsindən sonra zəmmi surə, yəni əlavə bir surə və ya bir uzun, yaxud da bir neçə qısa ayə oxumaq vacibdir. Vacibin tərki namazı batil etmir. Vacib tərk edildikdə namazın axırında səhv səcdəsi etmək vacib hala gəlir və səhv səcdəsi edilməklə namaz tamamlanmış olur. Vacib tərk olunar və heç fərqinə varılmadan namaz tamamlanar və namaz qılanın daha sonra yadına düşərsə, namaz qılınmış sayılır və təzədən qılmağa ehtiyac qalmır. Xülasə, rükuya getdikdən sonra yadına düşərsə, namazına davam etməli və namazın axırında səhv səcdəsi edərək namazını tamamlamalıdır.
Günorta namazını qılan adam səhvən başqa namaza niyyət edib əllərini bağlasa və yadına düşsə ki, niyyəti səhv edib, nə etməlidir?
Cavab: “Niyyət” namazın fərzlərindəndir, əgər başqa namaza niyyət edibsə, dərhal namazı pozmalı və yenidən vaxtın fərz namazına niyyət edib (bu niyyətin qəlblə edilməsi kifayətdir) başlamalıdır. Əks təqdirdə, həmin vaxtın fərz namazı yerinə yetirilməmiş olar. Ancaq, məsələn, günorta namazı vaxtı qəlbən də günorta namazını qıldığını bilirsə, lakin ağızla ilkindi namazına niyyət edərsə, onun niyyəti səhihdir. Çünki əsas olan qəlbən niyyət etməkdir. Daha doğrusu bir şəxsin hansı namazı qıldığını bilməsi, onun fərqində olması əsasdır.
Nəzir edilən (adak) qurban kəsiləndə kimlər onun ətindən yeyə bilməz?
Cavab: Nəzir edilən qurban sırf Allah adına nəzir edildiyi üçün tamamilə paylanmalıdır. Yəni, həmin qurban bütövlüklə sırf Allaha əhd olunduğu üçün onu əhd edən şəxs və onun “üsul və fürusu” bundan isitfadə edə bilməz. Üsul – bir şəxsin ana-atası, nənə-babasıdir…; füru isə - bir şəxsin övladları, nəvələri və nəticələridir… Əgər bunlardan hər hansı biri həmin qurbanın ətindən və ya başqa bir yerindən istifadə edərlərsə, istifadə etdiyinin məbləği hesablanaraq həmin miqdarı sədəqə olaraq verməlidirlər.
Manatla borc alan kimsə, ödəmə vaxtında manatın dəyəri düşübsə nə etməlidir?
Cavab: İlk əvvəl qeyd etmək lazımdır ki, əgər borc verilən şəxsə əvvəlcədən inflyasiyanı nəzərə alaraq zərəri də veriləcək deyə şərt qoşulubsa, inflyasiya nəticəsində əmələ gələn həmin məbləği almaq caizdir. Baxmayaraq ki, zahirən verilən borcdan daha çox alınmış kimi görsənir, əslində çox alınmış sayılmır. Çünki borc verilən günkü dəyəri alınmış olur. Ancaq əvvəlcədən belə bir şərt qoşulmayıbsa, Əbu Hənifəyə görə, yalnız borc verilən məbləğ alınmalıdır. Yenə də vurğulamaq lazımdır ki, yuxarıdakı qərarın əksinə bu məsələ ilə bağlı Hənəfi alimlərindən olan Əbu Yusifin zəmanəmizdə mühüm problemə çevrilən inflyasiya kimi reallığı işıqlandıran bir sıra rəyləri vardır. Belə ki, onun fikrincə qıtlıq və bahalı vaxtda borc alınan bir kilo buğda, bolluq və ucuzluqda alınan bir kilo buğda olaraq qaytarılarsa, bu haqsızlıq olar. Ona görə də, bunun qarşısının alınması üçün başqa növlə həmin buğdanın qiyməti ödənməlidir. Belə olan təqdirdə, Əbu Yusifin qəbul etdiyi prinsipi belə izah etmək olar: “Borc götürülmüş misli (standart) malların dəyəri qalxar və ya aşağı düşərsə, borc götürülən günkü alıcılıq qabiliyyətinə görə ödənməlidir”. Yəni, Əbu Yusifə görə, qızıl və gümüş olmayan pullarla alış-veriş edilər və ya borc götürülərsə, əgər pulun dəyərində alıcılıq qabiliyyəti baxımından azalma və ya çoxalma olarsa, borclu alış-veriş edilən zaman və ya borcun alındığı günkü alıcılıq qabiliyyətini əsas alaraq borcunu ödəməlidir. Əks tədqirdə, haqsızlıq meydana gələr. Qızıl və gümüş olmayan pullarla götürülən borclarda qızıla indekslənərək ortaya çıxan “dəyər fərqi” faizin əhatəsinə daxil deyil.
Odur ki, borclar geri qaytarılarkən inflyasiya nəzərə alınaraq meydana gələn itki də üstünə qoyularaq qaytarılmalıdır. Əks təqdirdə, götürülən borc tam verilməmiş olur və haqsızlıq meydana gələr. Lakin inflyasiyanın hesablanmasında bəzi çətinliklər olduğuna görə, borcluya qarşı haqsızlıq etməmək və aldığı borcdan daha çox ödəməsin deyə bir az aşağı hesablamaq məqsədəuyğun davranışdır.
Onu da qeyd edək ki, bu kimi hallarda borclunun vəziyyəti də nəzərə alınmalıdır. Belə ki, əgər borclu borcunu asanlıqla qaytarmaq iqtidarında olarsa, inflyasiya nəzərə alınaraq itki alına bilər. Əks təqdirdə, Əbu Hənifənin rəyinə tabe olaraq fədakarlıq edilməsi fəzilət baxımından daha üstündür.
Suallarınızı internet adresimizə və ya poçt adresimizə göndərə bilərsiniz.
ŞƏRHLƏR