Allah və din

Allah və din

      Azərbaycanda (əslində, tək Azərbaycanda yox, elə dünyada da) inanc məsələsiylə bağlı belə bir tendensiyanı müşahidə etmək olar: “Mən Allaha inanıram, ancaq dinin mənimlə Allah arasında vasitəçi olmasını istəmirəm və razı olmaram”. Və ya başqa bir geniş yayılmış tezis: “Din əfsanələr toplusundan başqa bir şey deyil”. Bu cür yanaşma sekulyarizmin hökm sürdüyü Qərb cəmiyyətində geniş yayılıb və öncə qeyd etdiyim kimi, Azərbaycanda da analoji fikirlərə rast gəlirik.

Fərdin Allaha bir fövqəltəbii qüvvə kimi yanaşması təbiidir, çünki din özü də deyir ki, insanın fitrətində iman var. Sadəcə, rasionalizmin inkişaf etdiyi bir dövrdə insan Allahı din vasitəsi ilə deyil, öz ağlıyla dərk etmək arzusundadır.

Dinsiz Allah (din göndərməyən Allah) haqqında fikirləşəndə, məntiq insanı “ədalətsiz” və “qəddar” Allah haqda düşüncələrə aparıb çıxarır. Çünki məhz “dinsiz Allah” məşhur - “Bütün dünya bir əzab çəkmiş uşağın göz yaşına dəyməz” bəşəri tezisinin az qala düzgünlüyünü sübut etmiş olur. Çünki ortaya suallar meydana çıxır. Ey dini inkar edən rasional insan, bəs Allah necə qüdrətlidir ki, müharibələrin, qırğınların qarşısını ala bilmir? – deyə düşünən fərd din olmayanda yönünü itirir və bu suallarına cavab tapa bilmir.

Dində olmayan Allah, din göndərməyən Allah bir növ abstrakt Allahdır. Yəni Allah varsa, o, öz mövcudluğunu onu axtaran insana sübut etməli idi. Məhz din deyir ki, Yer kürəsi, bəşəriyyət yaranandan bəri Böyük Yaradan öz mövcudluğunu din vasitəsilə insana bildirmiş oldu. Bir sözlə, dində olmayan Allah müəyyən mənada inancla bağlı düşüncələrdə bir növ anarxiyanın hökm sürdüyü dünyaya səbəb olardı.

“Dinsiz Allah” deyənlər, təəssüf ki, fərdi istək və düşüncələrindən asılı olaraq, Allaha insani keyfiyyətlər verməyə başlayır: Allah kimisə “unudur”, dünyadakı ədalətsizliyə “göz yumur” və axırda “Allah heç özü də bu dünyadan baş aça bilmir”, kimi səhv fikirlərə düşür.

Öz peyğəmbəri vasitəsilə özünü agah edən Allaha olan inam insan düşüncələrində nisbətən sabitlik yaratmaq iqtidarındadır. Yalnız dində olan Allah bizlərə ağlımızın sərhəddi olduğunu göstərir. Hüdudsuz ağıl inam məsələsində insanı obrazlı şəkildə desək, aparıb axırda divara çırpır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz