Dünya bir məktəbdir
Bu dünya bir məktəbdir. Bu məktəbin sahibi hər şeyin xaliqi olan Uca Allahdır. Məktəbin təməl kitabı da Qurani-Kərimdir. Müəllmi isə bütün kainatın fəxri Həzrət Peyğəmbərimiz (s.ə.s)-dir.
Dünyaya gələn hər insan bu məktəbin tələbəsidir. Bu məktəbdən məzun olma tarixi isə ruhun bədəndən çıxma zamanıdır.
Bu məktəbdən əla qiymətlərlə məzun olmağın yolu, müəllimimizin sözünə yaxşı qulaq asmaq, kitabımızı yaxşı oxuyub bu yolda çalışmaqdır. Bu məktəbdə tənbəl olub lazımınca çalışmamaq dünyanı və axirəti itirmək deməkdir. Hər bir nailiyyəti əldə etməyin yolu və şərtləri vardır. Dünya məktəbində də yüksək nailiyyət əldə etməyin yolu və şərtləri vardır. Bu şərtlərin birincisi, Allaha iman edib ona təslim olmaqdır. Uca Allah bizdən tam bir iman və təslimiyyət istəməkdədir. Allaha tam təslim olmaq üçün də güclü bir imana sahib olmaq şərtdir. Allaha təslim olmaq demək, ondan başqasına ibadət etməmək və yalnız ondan yardım diləməkdir. Necə ki, namazlarımızın hər rükətində oxuduğumuz Fatiha surəsində: “(Allahım!) Biz ancaq sənə ibadət edir və yalnız səndən yardım istəyirik” deyə dua etməkdəyik.
Çünki, Allahdan başqa heç kimsəyə qulluq edilməz. Allahın yardım etmədiyinə heç kim yardım edə bilməz. Allahın yardımını da heç kimsə əngəlləyə bilməz. İbadət ediləcək yalnız odur. Yardım istəniləcək odur. Verən odur. Alan odur. Zəngin edən odur. Fəqir edən odur. Bizə düşən vəzifə yalnız və yalnız ona təslim olmaqdır.
Qurani-Kərimdə belə buyurulur:
“Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və hikmət sahibidir”. [1]
Dünya məktəbində müvəffəqiyyət qazanmağın ikinci yolu isə Rəsulullahın (s.ə.s) sözlərinə qulaq asmaq və ona tabe olmaqdır. Çünki nümunə götürüləcək örnək odur. Rəhbər odur. Allahı sevmək, yalnız ona tabe olmaqla mümkündür. Ona itaət etmək Allaha itaət etmək deməkdir. Necəki Qurani-Kərimdə belə buyurulur:
“Kim Peyğəmbərə itaət edərsə Allaha itaət etmiş olar. Kim də ondan üz çevirərsə, səni onların başının üstündə gözətçi göndərmədik”.[2]
Elə isə Rəsulullahı (s.ə.s) özümüzə örnək almadan, ona itaət etmədən, onun izindən getmədən dünya məktəbindən müvəffəqiyyət diplomu almaq mümkün deyildir.
Uca Allah dünya məktəbinin təməl kitabı olan Qurani-Kərimi, Rəsulullaha (s.ə.s) nazil etmiş, öyrətmiş və bütün tələbələrə öyrətməsini belə istəmişdir:
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Qur’anı) təbliğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq”.[3]
Biz də şəhadət edirik ki, Allah Rəsulu (s.ə.s) Qurani-Kərimi təbliğ etmiş və vəzifəsini layiqincə yerinə yetirmişdir. Bizə düşən vəzifə isə həyatımızı Qurana görə şəkilləndirməkdir.
Dünya məktəbində uğur qazanmağın digər bir şərti isə gözəl əxlaq sahibi olmaqdır. Bu məktəbin ən sevimli tələbəsi əxlaqı gözəl olandır.
Necə ki, Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurur: “Tam bir təslimiyyətlə iman edən, qəlbini hər cür mənfi xüsusiyyətlərdən təmizləyən, düz danışan, könlünü xoş tutub vəziyyətinə razı olan, əxlaqını gözəlləşdirən və gözəl sözləri eşidib ibrət alan kimsə qurtulmuşdur”.[4]
Elə isə dünya məktəbindən cənnət diplomu almaq istəyən hər kəs, əxlaqını gözəlləşdirməli, insanlarla mülayim davranmalı, heç kimə pislik etməməli və ancaq gözəl söz söyləməlidir.
Dünya məktəbində müvəffəqiyyət əldə etmənin dördüncü şərti isə çox çalışmaqdıır. Çalışmaq bütün qazancların sərmayəsidir. Çalışmadan, alın təri tökmədən heç bir müsbət nəticə hasil olmaz. Hər kəs ancaq çalışmasının qarşılığını görəcəkdir. Allah qatında işlənən heç bir əməl hədər olmaz. Yaxşı və ya pis, faydalı və ya faydasız bütün işlərimizin açılıb töküləcəyi gündə üzümüzü ağardacaq olan yalnız bizdən Allahın və rəsulunun tələb etdiyi xeyirli, saleh əməllərdir.
Yazımı qısa, ancaq çox məna ifadə edən bir hədisi-şərifin mənasıyla bitirirəm:
“Dünya axirətin tarlasıdır.”[5]
ŞƏRHLƏR