CƏNNƏTLİK MÜSƏLMAN

CƏNNƏTLİK MÜSƏLMAN

Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: “Rəbbinizin məğfirətinə və təqva sahibləri üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin!”(Ali İmran, 133)

Cənnət, Rəbbimiz tərəfindən inanmış və inandığı əsasları tam olaraq yerinəyetirən möminə bir lütfü və mükafatıdır.İnsan üçün Allahın ondan razı qalmasından və cənnətlərlə mükafatlandırmasından daha əzəmətli hədiyyə və qazanc ola bilməz. 

Söz yoxdur ki, mömin hər bir əməlini sırf Allahın razılığını qazanmaq üçün edər, Uca Allah da hər kəsdən daha kərim və comərd olduğuna görə heç bir əməli qarşılıqsız qoymaz. Cənnəti heç kim əməllərinə və ibadətinə görə qazana bilməz, ancaq Allahın rəhmi və mərhəməti ilə bu mükafata nail ola bilər. Gəlin görək belə bir lütfə və mükafata nail olanlar kimlərdir:

Onlar iman edər və imanlarında sadiq olarlar. Lə iləhə illəllah deyər, bu yolda yaşayar və lazım gələrsə bu yolda da can verərələr.

Allahı Rəbb, İslamı din, Muhammədi (s.ə.s) peyğəmbər olaraq bilər və hər bir şəraitdə onlara təslim olarlar.

İmanlarının əllərindən getməsindən oda atılmaqdan daha çox qorxar, daima bu qorxu ilə yaşayarlar.

Uca Rəblərinin onları ibadət üçün yaratdığını bilər və ibadətsiz keçən ömürləri və saatları üçün göz yaşı tökərlər.İbadət etdikləri vaxt isə özlərini sudakı balıq kimi hiss edərlər.

Allahın əmrlərinə itaət edər, qadağalarından şiddətlə çəkinərlər.

Allahı sevər, Allahı sevəni sevər və Allah üçün sevərlər. Peyğəmbəri (s.ə.s) sevər və sevdiklərini sübut edərlər.

Hər hal və vəziyyətdə şükür edə bilən bəndə olarlar.

Allaha hər zaman təvəkkül edər və Ona bel bağlayarlar.

Namazı dinin dirəyi görər, onu vaxtında, xüşu ilə (qəlb qorxusu) və məscidlərdə camaatla qılmağa can atarlar. Namazı imanın əlaməti görər, vaxtını keçirmədən, səfərdə, ticarətlə məşğul olarkən, səyahətə və ya istirahətə gedərkən tərk etməz, bir sözlə hər bir halda həyatlarını ibadətə görə nizama salarlar.

Dillərində daima Allah zikri olar, dualar edərlər.

Qurani-Kərimi Rəblərinin əmanəti görər, davamlı mütaliə edərlər. Anlamağa çalışar, şəhər-şəhər, ölkə-ölkə, hər bir insana çatdırmağa çalışarlar. Həyatları Quran müstəvisində keçər. Quranın əzəmətinə heyran olar, onunla doyar, onunla hüzur və rahatlıq taparlar.

İxlaslı və səmimi olar, etdikləri hər bir əməli Allah rizası üçün edərlər. Kimin nə deyəcəyinə deyil,Allahın nə deyəcəyinə baxarlar. Sünnəyə uyğun olan hansıdır onu axtarar, ən çox ona əhəmiyyət verərlər.

Ata-analarına itaət edər əsla sözlərindən çıxmazlar. Allahın razılığını ata-ananın razılığında görər, onlara itaət etməkdən əsla bezməzlər. Onların dualarına möhtac olduqlarını daima hiss edərlər. Özləri yeməz onları yedirər, özləri yatmaz onları yatdırmağa və istirahət etdirməyə çalışarlar. Onlar yaşlandıqca səbirləri artar və beləliklə onların xeyir dualarına nail olarlar.

Əxlaqlıdırlar. Heç kimə kin bəsləməz, insanları yaradandan ötrü sevməyə çalışarlar. Peyğəmbərin (s.ə.s) sünnəsinə uyğun yaşayar, salam verər salam alar, qonaq qəbul edər, qonşuluğu imtahan kimi görüb ona əziyyət etməz, əsla qiybət və söz daşıyıcılıq etməzlər.İnsanların problemlərini həll etmək üçün yuxusuz, ac və susuz qalmağa razı olarlar.

Kənardan baxıldığında da təmiz və səliqəli görünərlər.İsraf və özünü göstərməkdən çəkinərlər. Geyimində və yerişində israf və təkəbbürdən uzaq olarlar.

Vaxtlarının qədrini bilər, hər dəqiqəsinin cənnəti qazanmağa bir vəsilə olduğunu dərk edərlər. Hər şeydə olduğu kimi vaxtı israf etməkdən də çəkinərlər.

Cəhaləti çirkin görər, elmə sarılarlar. Oxuyar, dinləyər və mütaliə edərlər. Kor-koranə deyil, şüurlu bir şəkildə Quran oxuyar və anlamağa çalışarlar. Elmi və bədii kitabları da ehmal etməzlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz