Savabı Günahla Qazananlar

Savabı Günahla Qazananlar

   Bir sahədə uğur qazanmağın yolu görəcəyin işin mahiyyətini tam şəkildə anlamaqdır. Kortəbii görülən bütün işlərin sonunun olmadığı şübhəsizdir. Demək olar ki, insanlar uşaqlıqda öyrəndiklərinin mahiyyətini anlamadığı üçün orta və ahıl  yaşlarında peşman olmağa məhkum olurlar.

 Uşaqlıqda nəyin nə üçün edilməsi doğru izah edildiyi zaman isə həmin şəxslər kifayət qədər uğur sahibinə çevrilirlər. Mənim çox yaxşı yadımdadır. Orta məktəbdə oxuyarkən bizim sinifdə oxuyan şagirdlərin heç biri cəbr-həndəsə müəlliməmizlə kimya müəlliməmizi sevmirdi. Hamı onların dərslərinə qorxu ilə girib qorxu ilə çıxırdılar. Bir həftə əvvəldən həmin müəllimələr üçün bəddua edib başlarına bir müsibətin gəlməsini niyaz edirdik. Amma bizimlə paralel olan sinfin uşaqları isə öz müəllimlərindən ağız dolusu təriflə danışırdılar. Biz də maraq edirdik. Bunun səbəbini soruşurduq. Sən demə onların müəllimləri onlardan heç nəyi əzbər soruşmurdu. Bir şeyi bilmədikləri zaman saçlarından tutub başlarını yazı lövhəsinə vurmurdu. Və ən əsası da onları sinif yoldaşlarının qarşısında təhqir etmirdi. Bir də onlara öyrətdiyi bilgilərin gələcəkdə onların hansı işinə yarayacağı haqqında geniş məlumat verirdi. Bütün bunlardan sonra nəticə də əlaalınırdı. Tələbələr müəllimi sevirdilər və onun dərsinə də hörmətlə yanaşırdılar. Buna görə də dərsi bizdən daha yaxşı bilirdilər. Mən indi düşünürəm ki, bəlkə də bizim müəllimələrimiz də bizə dərsləri robot kimi əzbərlətməsəydilər daha da uğurlu nəticələr əldə etmək olardı. Təəssüf ki, bunu bizə etmədilər. Nə özlərini sevdirdilər, nə də keçdikləri dərslərini. Bizə keçdikləri dərsin mahiyyətini öyrətmədilər. Qarşılarında oturan bütün şagirdləri eyni səviyyədə zənn etdilər. Onların fərqli hafizələrə sahib olduğunu heç diqqətə belə almadılar. Öyrətdiklərinin bizim gələcək həyatımızın hansı hissəsində bizə kömək olacağını izah etmədilər. Hər şeyi əzbər soruşdular. Əzbərlədiyimiz üçün qiymət yazdılar gündəliklərimizə. Ona görə də Edisonlar, Eynşteynlər çıxmadı bizim aramızdan. Əzbərlədiklərimiz bir müddət sonra silindi hafizələrimizdən. Və biz o bilgilər haqqında heç nə bilmədik. Bir şeyi bilmədiyimizə görə də  o şeyə nifrət etməyə başladıq. Bu günə qədər nifrət etməyə davam edik.

Bəli əziz oxucular! Mən burada əslində sizlərə təhsil sistemindəki boşluqlardan və ya yeni ortaya qoyacağım strategiyadan uzun-uzadı bəhs etmək istəmirəm. Bu qədər bir girişdən sonra əsas məsələyə keçmək istəyirəm.

Bura qədər yazdıqlarım bundan sonra yazacaqlarımı daha yaxşı anlamada kömək olacaq deyə düşünürəm. Hər birimizin bildiyi kimi dövlətimizin müstəqilliyindən sonra müsəlman olaraq ən böyük sevinc və uğurlarımızdan biri də dinimiz haqqında daha çox şey öyrənməyə başlamağımız oldu. Baba və nənələrimizin bizlərə din haqqında öyrətdikləri ilə yetinməyib, daha çox öyrənmək üçün haqlı olaraq fərqli qaynaqlara, müxtəlif din alimlərinə üz tutduq. Ancaq onların da tədris sistemində bir fərqliliklə qarşılaşmadıq. Onların da metodlarında bütün öyrədilən dərslər əzbərəəsaslandırıldı. Müəllim, şeyx və ya əllamənin dediklərini eynilə əzbərləyib tətbiq etmək oldu işimiz. Onlarla mənasını bilmədiyimiz dualar, ayələr və surələr əzbərlədik. Hətta bir çoxumuz Qurani-Kərimi əvvəlindən sonuna qədər əzbərləyib “hafiz” adını qazandıq. Amma yenə də əzbərlədiklərimizin mənası bizi maraqlandırmadı. Bəlkə də maraqlandırdı. Amma ondan o tərəfini edə bilmədik. Bizə o qədərini öyrətdilər. Nəticədə Allahın əslində bizdən nə istədiyini anlamadan yolumuza davam etdik. Dini həyatımızda da mahiyyətsizlik baş qaldırdı. Gün ərzində necə dəfə namaz qılmağı öyrənib bilsək də namazın bizə qazandırdıqlarını və ya Allahın namazla bizə nə qazandırmaq istədiyini öyrənə bilmədik. Camaat namazlarına getsək də camaatdan hər zaman uzaq gəzdik. Öz etdiklərimizi doğru bilib insanların etdiklərinə qara yaxdıq. Camaat namazının şüuruna varmayıb heç kimin dərdi ilə maraqlanmadıq. Namazda eyni səfdə durduğumuz insanları özümüzlə eyni görə bilmədik... Sahib olduğumuz var-dövlət üzərində kasıbların haqqının olduğunu dərk etmədiyimiz üçün zəkatdan minbir bəhanə ilə uzaq qaçmağa çalışdıq. Tutduğumuz oruclar acların və susuzların halından bizə xəbər vermədi.Çünki sahurlarda və iftarlarda o qədər kəhkəşanlı süfrələr açdıq ki, biçarələri düşünəcək halımız qalmadı. Açdığımız iftar süfrələrini oruclular və ehtiyac sahibləri deyil orucdan xəbəri belə olmayan vəzifə və mövqe sahibləri doldurdu. Həcc ziyarətinə ətrafımızdakı insanlar bizə “Hacı” desinlər deyə gedib, haşr meydanındakı acizliyimizi dərk etməyəmacal tapmadıq...Bütün bunlardan sonra hər şeyi doğru bildiyimizi və etdiklərimizi düzgün etdiyimizi zənn edirik. Və nəticədə savab qazanmaq üçün günah işləməyə davam edirik. Bu da o deməkdir ki, qabağa getmək üçün iki addım atsaq da daha sonra iki ya da üç addım geriyə atırıq.Bunun da nəticəsində ya əvvəlki yerimizdə qalırıq, ya da bir addım geriyə düşürük. Savablarımızın hər zaman bir addım öndə olması ümidi ilə... əHH

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz