TƏVƏKKÜL və RUZİ

TƏVƏKKÜL və RUZİ

Təvəkkül

Təvəkkül Allaha güvənmək, Onun hökmünün mütləq meydana gələcəyinə qəti olaraq inanmaq və alınması lazım olan tədbirləri də almaq deməkdir. 

Bir məqsədə çata bilmək üçün lazım olan bütün tədbirləri aldıqdan sonra Allaha güvənməyə və işin sonrasını Ona buraxmağa təvəkkül deyilir. Məsələn, bir əkinçi əvvəlcə tarlasını vaxtında şumlayar, toxumu əkər və lazımlı bütün işlərini görər, sonra da Allaha təvəkkül edər.

Təvəkkül müsəlmanın edəcəyi işlərdə bütün zahiri səbəbləri nəzərə alması, alınması lazım olan tədbirləri görməsi, işləyib-çalışması və bundan sonra son nəticəni yalnız Allahdan gözləməsidir. Təvəkkül heç bir zaman işi tərk edib bir kənara çəkilmək deyildir. Hz. Peyğəmbər (s.ə.s) dəvəsini açıq buraxaraq Allaha təvəkkül etdiyini söyləyən bir bədəviyə: “Onu bağla, sonra təvəkkül et” (Tirmizi, Sifatul-Qiyamə: 60) buyurmuşdur.

İslam alınması lazım olan tədbirləri aldıqdan sonra insanlara və vasitəçilərə yox, yalnız Allaha söykənmək mənasındakı bir təvəkkülü əmr edir. Bir ayədə Allah-Təala belə buyurur: “Müsəlmanlar yalnız Allaha güvənsinlər.” (Ali-İmran 3/122)  Hz. Peyğəmbər də bu sözləri ilə müsəlmanlara təvəkkülü tövsiyə etmişdir: “Əgər siz Allaha lazımi şəkildə təvəkkül etsəniz, o, quşlara ruzi verdiyi kimi sizə də verər”. (İbn Macə, Zühd: 14)

Hz. Ömər Mədinədə boş-boş gəzən bir qrup insan gördü və onlardan: “Siz kimsiniz?” - deyə soruşdu. Onlar da: “Biz mütəvəkkillərik” (təvəkkül edənlərik), - dedilər. Bunu eşidən xəlifə: “Xeyr, siz mütəvəkkil deyilsiniz, siz mütəəkkillərsiniz (havayı, müftə yeyənlərsiniz). Siz yalançısınız, toxumu yerə atıb sonra təvəkkül edənə mütəvəkkil deyilir”, - dedi.

Həqiqi təvəkkül gözəl bir davranış, əxlaqi bir fəzilətdir. Allah-Təala müsəlmanlara təvəkkül etməyi əmr etmiş və mütəvəkkil olanları sevdiyini xəbər vermişdir:

“Bir də, daim diri olub heç bir zaman ölməyən Allaha təvəkkül et”. (əl-Furqan 25/58)

“Kim Allaha təvəkkül etsə, O, ona yetər.” (ət-Talaq 65/31)

Təvəkkül müsəlmanların qədərə olan inamlarının bir nəticəsidir. Təvəkkül edən kimsə, Allaha qeydsiz-şərtsiz təslim olmuş, qədərinə razı kimsədir. Lakin necə ki, qədərə inanmaq tənbəl-tənbəl oturmağı, hər şeydən əl-ətək çəkməyi tələb etmirsə, təvəkkül də tənbəllik və miskinliyi tələb etməz. Həqiqi mütəvəkkil işləmədən qazanmayacağını, əkmədən biçməyəcəyini, əməlsiz Cənnətə girilməyəcəyini, ixlasla ibadət və itaət etmədən Allahın razılığına qovuşulmayacağını biləndir.

 

Ruzi (rizq)

Ərəb dilində “rizq” (farsca ruzi) “azuqə”, “yeyilib-içilən və faydalanılan şey” mənasını verir.  Uca Allahın canlılara  yeyib-içmək və faydalanmaq üçün verdiyi hər şey ruzi sayılır. Buna görə ruzi  halal olan şeyləri əhatə etdiyi kimi, haram olanları da əhatə edir. Alimlərin ruzi barəsindəki  görüşləri :

Yeganə ruzi verən (Rəzzaqı-aləm) Allah-Təaladır. Qurani-Kərimdə:

 “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin....” (Hud 11/6) buyrularaq bütün canlıların ruzisini verənin Allah olduğu bildirilmişdir. Başqa bir ayədə də Allahın dilədiyinə bol ruzi verib, dilədiyinin ruzisini isə azaltdığı ifadə edilmişdir. Rəzzaq sifəti Allahın gözəl adlarındandır.

Ruzini yaradan və verən Allah-Təaladır. Bəndə Allahın kainatda qoyduğu təbii qanunlara uyğun olaraq çalışar və ruzisini qazanmaq üçün zəhmət çəkər. Allah da onun bu səyinə görə ruzisini yaradar. Allahın yeganə ruzi verən olması bəndəyə tənbəllik etmək, çalışmamaq, səhv bir təvəkkül anlayışına sahib olmaq üçün əsas vermir. Qazanmaq üçün tələb olunan cəhdləri göstərmək quldan, ruzini yaratmaq isə Allahdandır.

Haram olan bir şey belə onu qazanan qul üçün ruzi sayılır. Lakin  Allah ruzinin haram yoldan qazanılmasına razı deyildir. Yenə də əgər bəndə belə bir yola müraciət etsə, Allah nəticə və vasitələri yaradar, qulun istəyi ilə ona bu haram yoldan ruzi verilər. Bir ayədə: “Artıq Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını  yeyin” (ən-Nəhl 16/114) buyrularaq halal qazanmaq əmr edilmiş, haram isə qadağan edilmişdir

Hər kəs öz ruzisini yeyər. Bir kimsə başqasının ruzisini yeyə bilməyəcəyi kimi, başqa biri də onun ruzisini yeyə bilməz.

Mötəzilə məzhəbi isə haram bir şeyi ruzi saymamışdır. Çünki onlar ruzini adamın mülkiyyəti altında olub qanuni və halal yoldan yediyi şey və ya özündən faydalanılması qadağan edilməmiş olan şey kimi izah edirlər. Mötəzilənin bu barədəki görüşünün səbəbi budur: “Ruzi mütləq Allaha nisbət edilir. Çünki Ondan başqa ruzi verən yoxdur. Bəndə haram yeməkdən ötəri pislənilməyə və cəzaya haqq qazandığına görə haram olan şeylərin də ruzi sayılması Allaha haram olan bir şeyi aid etmək sayılar”. Halbuki pisi yaratmaq pis deyil, onu qazanmaq, onu əldə edə bilmək üçün səy göstərmək pisdir. Qulun haram ruzi yediyi üçün cəzaya haqq qazanmasının səbəbi haramı seçməsi, cüzi iradəsini harama yönəltməsi və haramı qazanmasıdır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz