BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

إِنَّ اللهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ

“...Şübhəsiz ki, bir qövm (cəmiyyət) özündə olanı (pis xüsusiyyətləri) dəyişmədikcə Allah da onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz....” (ər-Rad, 11)

Ərəb dilindəki “qövm” sözü insanlardan meydana gəlmiş bir qrup, yaxud bir cəmiyyət mənasına gəlir. Cəmiyyət insanlardan ibarətdir və buna görə də cəmiyyəti təşkil edən insanlar hansı düşüncəyə sahibdirlərsə, cəmiyyət də həmin düşüncədə olacaqdır.  Allah-Təala bir cəmiyyəti mənfi mənada dəyişdirirsə, bunun səbəbi həmin cəmiyyətin fərdlərinin öz daxili aləmlərini dəyişdirmələridir. Öz nəfslərindəkini, yəni şəxsiyyətlərini, düşüncələrini və niyyətlərini mənfiyə doğru dəyişdirmələri, Uca Allahın onları dəyişdirməsinə səbəb olur. Deməli, insanlardakı psixoloji dəyişiklik sosial və ictimai dəyişikliyə səbəb olur. Bununla bağlı olaraq başqa bir ayədə Uca Rəbbimiz buyurur: “Bu ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir” (əl-Ənfal 53). Nəticə etibarilə deyə bilərik ki, bir cəmiyyət mənfiyə doğru dəyişikliyə məruz qalırsa, bunun səbəbini onların şəxsiyyətlərindəki dəyişiklikdə axtarmalıyıq.

Kainatı sarsacaq dərəcədə güclü olan insan nəfsi dəyişikliyə məruz qalınca cəmiyyət də dəyişir. Əgər insan öz saf düşüncə və inancına saxta və zərərli fikirləri qatarsa, onun daxili aləmi saflığını itirər və pozular. Bu pozulma sadəcə ora ilə kifayətlənməz və cəmiyyətə sirayət edib onu çürütməyə başlayar. Demək ki, sosial dəyişikliyin əsas dinamikasını xalqın şəxsiyyəti və kimliyi təşkil edir. Uca Allahın insanlar haqqındakı iradəsi həmin insanların davranışları istiqamətində gerçəkləşir. Əlbəttə, bu da insana böyük bir məsuliyyət yükləyir. Eyni zamanda bu ayə Allahın insana nə qədər dəyər verdiyini də göstərir. Çünki Uca Allah öz iradəsini gerçəkləşdirməyi insanların davranışlarına bağlayır və onlara bunu müəyyən etmə fürsəti verir.

Günümüzdə bununla bağlı belə bir misal vardır: “Bütün dünyanı dəyişdirməyinə ehtiyac yoxdur. Sən sadəcə olaraq özünü dəyişdir və beləcə, bütün dünyanı dəyişdirməyə başlamış olacaqsan. Bir tək insan belə dəyişsə, bu dəyişiklik minlərlə insana çatacaqdır”. Buna görə də Allah-Təalanın bizdən istəyi öz cəmiyyətimizdəki mənfilikləri gördüyümüz zaman sadəcə şikayətlənmək yerinə özümüzdən başlayaraq cəmiyyətimizi islah etməyə çalışmağımızdır. Əgər biz özümüzü dəyişdirsək, ailəmiz də dəyişəcəkdir. Ailəmiz dəyişsə, qonşularımız da dəyişəcəkdir. Onlar dəyişsə, məhəlləmiz də dəyişəcək və bu proses genişləyən halqa şəklində bütün cəmiyyətə sirayət edəcəkdir. Uca Allah bizi və cəmiyyətimizi müsbətə doğru dəyişənlərdən eləsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz