İÇİ QURAN ÇÖLÜ SANTA
Market işçiləri müştərilərini yola salarkən yuyucu toz, sabun kimi vasitələrlə qida maddələrini bir-birindən ayrı sellofanlara qoyarlar.
Bənzər şəkildə anbarlarda da atəşlə barıt, təmizlik vasitələri ilə qida maddələri yan-yana qoyulmaz. Çünki atəşlə barıtın, benzin ilə qığılcımın mehribanca yaşamaları imkansızdır. Zidlər yalnız insanın içərisində eyni məkanı bölüşə bilərlər.
Səfər zamanı diqqətinizi hər hansı bir ekrana cəmləşdirməmişsinizsə, təfəkkür dünyasına, yəni içinizdəki dərinliklərə tərəf “online” olarsınız. Ekran bataqlığına düşmüş şəxslərin könül dünyaları məcburi olaraq “offline” olar. Bu, gündüzdən sonra gecənin gəlməsi kimi danılmaz bir məcburiyyətdir. Ekranlarda günah işlənməsə belə vaxtı sellər kimi bitirməsi, hər nəfəsdə oyanıq olma şüurunu sıfırlaması, insanlarla ünsiyyəti azaltması və özünü əlaqədar etməyən bir məşğuliyyəti artırmış olması səbəbilə zərərlidir. Soruşmaq lazımdır, insan ekranlara baxaraq müdrikləşər, yoxsa ekranlardan üz çevirərək?
Sübh tezdən evdən çıxıram. Sellofan siyirməsindən aldığım kiçik bir sellofana qoyduğum Qurani-Kərimi də götürüb yola düşürəm. Şəhər daxilində çölü seyr etmək könlü əhya deyil, məhv edər. Nə vaxt başımı qaldırıb çölə baxsam, mənzərə heç dəyişmir: Həddən artıq bəzənmiş dekolte geyimli qadınlar, cib telefonu ilə danışa-danışa yeriyənlər, sifətini turşudub musiqiyə qulaq asanlar, səhərin erkən saatlarında mədəsini əlindəki litrlik kola-pepsi ilə dolduranlar, bir küncə qısılıb dünyasını durduranlar, whatsappdan cavab yazanlar və oxuyanlar, ana-ataları ilə məktəb yoluna düşmüş balaca uşaqlar, hər zamankı kimi qaydaları pozan sürücülər... Yolun kənarına atılmış, gecədən qalma içki şüşələri hər zamankı kimi yanı üstə yox, dik dayanıb. Bu yerlərin maraqlı tərəfidir, içki şüşələri boş olanda həmişə dik dayanır. Belə başa düşürəm ki, sərxoş adamların nəzərində şüşələrin dik dayanması bir nizam-intizam mənası daşıyır. Bundansa, ən yaxşısı başımı önümə əyməkdir.
Birdən, dizimin üstündə, içində Qurani-Kərim olan sellofanın üzündəki Santa Claus şəkli diqqətimi çəkir. Santa baba günlüyunə və ya xatirə dəftərinə nəsə yazır. Yanında da hədiyyə torbası var. Sellofan da insanlar kimi ikiüzlüdür. Sellofanın bir üzündə qırğızca “Janı Jılınızdar menen”, digər üzündə də rusca “novıy qod” yazılıb. Səhərin gözü açılmamış üzünə diqqət etmədən aldığım sellofandakı Santa Claus ilə içərisindəki Qurani-Kərim çox maraqlı deyilmi? Santa Claus evimə qədər gəlib girib, siyirmənin içində aylardır pusquda yatıb gözləyirmiş. Xəbərim olmayıb. Bacadan girən Santa kimin əlini tutaraq evimə gəlib, mən də bilmirəm. Bəlkə də sellofanı mən özüm gətirmişəm, bilmirəm. Bazardan, dükandan, ekranlardan evlərimizə başqa hansı Santaları gətiririk, xəbərimiz olmur. Mən Santa Clausa özümü dərk edəndən bəri mənfi baxıram. Santa məni görsə, inanıram ki, baxışlarımdan narahat olub yolunu dəyişər. Uşaqlarımız, qonşularımız, nəvələrimiz, sinifdəki tələbələrimiz Santa babaya necə baxırlar? Santanı yaxşı tanıyırlar, yoxsa Molla Nəsrəddini?
Əbu Cəhl, Əbu Ləhəb, Ümeyyə bin Xələf, Firon və Nəmrudlar Santa Claus qədər təhlükəli deyildilər. Adı sayılan bu din düşmənləri qaba güc tətbiq etmiş və təsirləri ancaq öz bölgələrinə aid olmuşdu. Dünyanın o biri ucunda olan bir nəfərin Əbu Cəhldən, Firondan xəbəri olmamışdır. Santa baba isə mədəniyyət imperializminin bir vasitəsinə çevrilmişdir. Ekranla tanış olan hər kəs artıq Santanı tanıyır deməkdir. Əbu Cəhl, Nəmrud və Firon şiddət yolunu seçmişdi. Santa Claus isə güldürərək, sevindirərək, narkoz verərək məhv etmə yolunu seçir. Çin haqqında “insanı narkoz vermədən diri-diri kəsirlər” deyilir. Amerika da kəsir, amma əvvəlcə narkoz verir. Santa Claus bir narkozdur. Film, kino, ekranlar və populyar mədəniyyət Santa Clausla eyni funksiyanı yerinə yetirir. Hollywood işçiləri anesteziya mütəxəssislərindən fərqlənmirlər. Ekranlar xəbər verər, amma irfan verməz. Manipulyasiya edilmiş olsa da məlumat verər, amma müdriklik qazandırmaz. Türkiyədə televizorun ilk çıxdığı dövrlərdə ekranlarda xarici bir kişini görən nənələrin “məhrəm adamdır” deyərək baş örtüklərini qaydaya saldıqları və ya üzlərini çevirdikləri deyilir. Çox da elm, bilik sahibi olmayan bu könül sahiblərinin nəvələrində harama qarşı neçə milliqram həssasiyyət qalır?
Santa Claus sellofanın üzərində, qələmlə nəsə yazır. Santadan günümüzə gəlmiş bir dənə də olsun gözəl söz varmı? Ey Santa Claus, içindəki Qurani-Kərimin sənə bir xeyri yoxdur, xəbərin olsun. Cümə surəsində “kitab yüklü eşşək” təşbehi var. Qurani-Kərimin tələblərini yerinə yetirmədikdən sonra əzbərləməyin, öyrənməyin, hətta içində daşımağın nə xeyri olacaq ki?! Ətrafımıza baxaq, içi Quran, çölü Santa olan nə qədər də çox ikiüzlü şəxsiyyətə sahib insan var?!
İslam dini aləmdə hər şeyin ziddi ilə mövcud olduğunu açıqca ifadə etməkdədir: “Hər şeydən cüt yaratdıq ki, düşünüb anlaya biləsiniz”. (əz-Zariyat, 49) Bəli, hər şey ziddi ilə tanınır. Əbu Bəkrin olduğu yerdə, əlbəttə, Əbu Cəhllər də olmuşdur və olacaqdır. Səhər-səhər götürdüyüm Santa Claus sellofanı ilə içərisindəki Qurani-Kərimdə özümü gördüm. İki zidd qütb ancaq bu şiddətdə bir yerdə cəm ola bilərdi. Bizim də çölümüz başqa, içimiz başqa, inancımız başqa, əməlimiz başqa deyilmi?
ŞƏRHLƏR