KÖNÜL DÜNYAMIZA EDİLƏN HÜCUMLAR
İnsan sözlərlə düşünür, dil ilə təfəkkür üfüqünü genişləndirir.
Bu səbəblə söz dağarcığı daraldılmış və ya məfhum mənaları dəyişdirilmiş bir dil ilə islami təfəkkürün dərinliklərinə yol tapmaq mümkün deyil.
Mütəfəkkirlərdən biri belə deyir:
“Bir milləti dəyişmək istəyirsinizsə, əvvəlcə kəlmələrini dəyişin”.
Bu gün əziz millətimizə yönləndirilən ən böyük hücumlardan biri də islami kimliyə sahib kəlmələrin mənaları ilə oynamaq, müsbət məna daşıyan söz və məfhumlara mənfi mənalar yükləyərək onların etibarını yox etməyə çalışmaqdır.
Bununla əslində könüllərdəki islami həssaslığı zəiflətməyi hədəfləyirlər.
Yaxın tariximizdə “sadələşdirmə” adı altında min ildən bəri türk dilimizə qazanılmış kəlmələr – sırf Qurana yaxınlığı səbəbilə – kənarlaşdırılıb, yerinə uydurma kəlmələr qoymaq istəndiyi kimi, bu gün də islami kəlmə və məfhumların mənalarına don geydirərək eyni cinayətin bir bənzəri işlənməkdədir.
Bir vaxtlar ölkəmizdə “şəriət, təriqət, təkyə, mürşid, mürid, zikr, cihad” kimi dinin özündən yaranmış kəlmələrə mənfi mənalar yükləyərək zehinlərə məhkum edilmişdi. Bu sayədə neçə-neçə məsum müsəlmanın məhkumiyyət və ya məhrumiyyətinə zəmin hazırlanmışdı.
Bu gün də xalqın dini duyğularını istismar edənlər ucbatından “təsəvvüf, təriqət, camaat, imam, xidmət, himmət, təslimiyyət, itaət, sədaqət” kimi bir çox müsbət məfhum ciddi etibar itkisi ilə qarşı-qarşıyadır. Halbuki bu məfhumlar deyil, onların könüllərdəki paklığını kirlədənlər günahkardırlar.
Nadir tapılan bir cəvahirə sıçrayan palçıq onun qiymət və paklığını zədələyə bilmədiyi kimi mənəviyyatı dünyəvi arzularına alət edənlər səbəbindən islami təfəkkürün təməl daşları sayılan kəlmə və məfhumların etibarına da xələl gətirmək imkansızdır.
Bu gün bir çox məfhum sırf onları istismar edənlər ucbatından ləkələnməkdədir. Halbuki cəmiyyətimizdə həmin kəlmələrin möhtəvasına sədaqət göstərən, düzgün istiqamət sahibi olanların mövcudluğu bilinən bir gerçəkdir.
Xülasə, bu gün fitnə-fəsad əhli müsbət məfhumlarımıza mənfi etiket yapışdırmaqdadır. Dini istismar edənlər səbəbindən bütün müsəlmanları töhmət altında qoymağa çalışmaqdadır. Beləliklə, hiss və fikir dünyamız üzərində hiyləgərcəsinə oyun oynanmaqdadır.
TƏSƏVVÜF
Məsələn, könül dünyamızda “təsəvvüf” məfhumunun müstəsna bir yeri var. Amma günümüzdə bir çox dini məfhum kimi “təsəvvüf” də ağır ittihamlara məruz qalmaqdadır.
Təsəvvüfə yönəldilən etirazların təməlində isə, ümumiyyətlə, bu iki səbəb diqqət çəkir:
Birincisi, təsəvvüfün həqiqətindən uzaq və bixəbər olmaq.
İkincisi, təsəvvüfün bəzi cahillər və ya ləyaqəti olmayan kəslər tərəfindən yanlış tətbiqini əsas gətirərək bunu bütün təsəvvüf əhlinə şamil etmək.
Halbuki təsəvvüf əsla pis niyyətli insanların istismar etdiyi və ya göstərmək istədiyi kimi mənfi bir quruluş deyildir.
Əksinə, təsəvvüf bizim mənəvi kimliyimizi inşa edən əsas dəyərlərimizdəndir. Anadolu torpağı min ildir ki, təsəvvüfi tərbiyə ilə yoğrulmuşdur. Onun üçün təsəvvüf millətimizin mayasında, fitrətində mövcuddur.
Əsl təsəvvüf bir tərbiyə məktəbidir. Qulu Allahdan uzaqlaşdıran bütün mənfiliklərdən qorunaraq “təqva”ya çatma təlimidir.
Təsəvvüf Haqqa təslimiyyət bulağından doya-doya içməyin və “iman”ı “ehsan” kimi ucsuz-bucaqsız üfüqə daşımağın başqa adıdır.
Təsəvvüf nəfsə qarşı sülhü olmayan cəngdir.
Təsəvvüf nəfsi ruhaniyyətin əmrinə boyun əydirməyin təlim, tərbiyə və təzkiyəsidir.
Təsəvvüf daxili aləmini təkamül cəhdindəki bir möminin qayğıkeş könüllə məxluqata yönələrək onların ehtiyac və əskikliyini şəfqət və mərhəmətlə tamamlamaq məsuliyyətidir.
Təsəvvüf insanların quyusunu qazmaq deyil, quyuya düşənləri də qurtarmaq üçün könlünü bütün insanlığın səadət tapacağı bir rəhmət dərgahına çevirməkdir.
Təsəvvüf lazım gəldikdə axirət üçün dünyəvi arzulardan vaz keçməkdir. Lakin nəyin bahasına olursa-olsun əsla dünya üçün axirətdən vaz keçməməkdir. Çünki damlanı dəryaya dəyişmək ən böyük axmaqlıqdır.
Təsəvvüf məqam-mövqe və status arayışı deyil, heçlik və yoxluq qapısıdır. Dünyəvi ehtirasları qəlbdən çıxarmadan girməyin mümkünsüz olduğu bir könül dərgahıdır. Faniliyin idrakı Haqqa ram olmaqdır. Allah rizasını qazanmaq üçün Allahın qullarına qarşı ədalət, dürüstlük, səmimiyyət, şəfqət və mərhəmət kimi xislətlərlə rəftar etməyi həyat düsturu etməkdir.
Təsəvvüf insanın daxili dünyasındakı duyğuları tərbiyə edərək qulluq həyatında şəriəti təkamül etdirmə cəhdidir. Qul sadəcə sətirlərdən oxumaqla kamilləşməz. Halını və könül dünyasını mənfiliklərdən təmizləyərək təkamül edər. Onun üçün təsəvvüf pak və saf bir şəriət yaşamaqdır.
Təsəvvüf Allah rəsulunu eşq ilə yaxından tanıya bilmək, Onun möhtəşəm xarakter, şəxsiyyət və əxlaqından nəsib alaraq dini ruhuna uyğun şəkildə, vəcd ilə yaşaya bilmək cəhdidir.
Bu kimi düsturlarla təzadlı, əsasını və ölçüsünü Quran və Sünnədən almayan nə varsa, - hər nə qədər təsəvvüfə izafə edilsə də - batildir.
Həmçinin təsəvvüf hansı məqam və mövqedə olmamızdan asılı olmayaraq, “abdi-aciz”, yəni “aciz bir qul” olduğumuzun idrakına varmaqdır. Öz mövqeyimizi daima “qapı kandarı”nda görə bilməkdir. Qürur, təkəbbür, mənəmmənəmlik və eqoizm iddiasını könüldən çıxardıb heçliyə bürünmək və Haqda fani olmaq yoludur. Heç bir nemət və müvəffəqiyyəti nəfsinə şamil etməyib bütün bunlara “Sənin lütfündür, ya Rəbb!” deyə bilməkdir.
Təsəvvüf “beynəl-xavfi vər-rəca”, yəni Haqq-Təalanın qəzəbinə düçar olma qorxusu və ilahi rəhmətə nailiyyət ümidi arasında qəlbi səviyyə əldə etməkdir.
Təsəvvüf mənlik iddiası ilə “ərzi-əndam”, yəni “göstəriş” içində yaşamaq deyil. Əksinə, son nəfəs və axirət təlaşı içində Haqq-Təalanın rəhmət və yardımına sığınaraq bir “ərzi-hal” hissiyyatı ilə yaşamaqdır. Daima təvazö və heçlik üzrə olmaqdır.
Hal belə ikən -təəssüf ki, zəmanəmizdə- təsəvvüf və onun tərbiyə məktəbləri olan “təriqət”lərin dünyəvi arzuları üçün ilahi əmr və qadağaları heçə sayan firqələrlə eyni sayılması qərəzli niyyətin açıq-aydın göstəricisidir.
Tarix boyu gerçək mütəsəvviflər daima toplumu aydınladan irşad məşəli olmuşlar. Abdulqadir Gilani, Bəhaəddin Nəqşbənd, Mövlana, Yunus Əmrə, Hüdayi və onlar kimi Haqq dostları yaşadıqları cəmiyyət üçün rəhmət dərgahı olmuşlar. Din, iman, vətən, millət və ümmətin zərərinə olan heç bir mənfi quruluşa göz yummadıqları kimi, bu kimi şər mərkəzlərinə qarşı ən böyük mücadilələri də onlar aparmışlar. İmam Rəbbani, Xalid Bağdadi həzrətləri bunun ən məşhur misallarındandır.
CAMAAT
Yenə zehin və könül dünyamızda “camaat” kəlməsi də Allah rizası üçün bir yerə toplaşan seçkin bir topluluğu ifadə edir. Müsəlman əsla fərdiyyətçi və eqoist ola bilməz. Mömin mütləq İslam camaatının bir mənsubu, müdavimi və tamamlayıcısı olmalıdır.
Camaatla qılınan namaza təkbaşına qılınandan iyirmi yeddi dəfə artıq savab vəd edilməkdədir. Cümə və bayram namazları fərdi surətdə qılına bilməz, ancaq camaatla əda olunar. Yenə həcc möminlərin ictimai bir konqresi kimidir.
Hədisi-şərifdə də belə buyurulur:
“Camaatda rəhmət, ayrılıqda əzab vardır”. (Münavi, III, 470)
Bütün bunlar müsəlmana daima bir “camaat şüuru” təlqin etməkdədir.
Digər tərəfdən bir möminin başqalarından da məsul olması və bu məsuliyyət duyğusu ilə vəqflərin və xeyriyyə müəssisələrinin qurulması camaat şüurunun cəmiyyətdəki əks-sədasıdır. Bu cəhəti ilə də camaatlar cəmiyyət üçün bir rəhmət vəsiləsidir.
Lakin bunun əksinə, fəsad çıxarmaq məqsədi ilə bir yerə toplaşanlar özlərinə islami bir camaat görüntüsü verirlərsə, təbii ki, bu mərduddur və Allahın qəzəbini cəlb edəcək hadisədir.
Ayeyi-kərimədə buyurulur:
وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوٰى وَلَا تَعَاوَنُوا عَلَى الْاِثْمِ وَالْعُدْوَانِ
“…Yaxşılıq etməkdə və təqvada əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin…” (əl-Maidə, 2)
Deməli, yaxşı əməl və təqvada birləşib yardımlaşmaq, xeyir əməlləri şaxələndirən bir camaat ola bilmək məqbuldur. Lakin pis əməl və düşmənçilikdə birləşib şərin qol-budaq atmasına çalışan təşkilat / firqə olmaq mərduddur.
Bir sözlə, könül dünyamızda son dərəcə mühüm yerə sahib olan “camaat” məfhumunu sırf onu istismar edənlər var deyə gözdən salmaq və bütün camaatlara eyni gözlə baxmaq onun əsl həqiqətinə qarşı işlənmiş mənəvi cinayətdir.
Tarixən din pərdəsi altında, dinin qəbul etməyəcəyi məqsədlə hərəkət edən müxtəlif firqələr / təşkilatlar ortaya çıxmışdır. Bu gün də belə təşkilatlar üzərindən bütün camaat və təriqətləri “təhlükəli” elan etmək bu milləti dik tutan mənəvi təməllərə dinamit qoymaqdan fərqlənmir.
Xalqın inancını istismar edənləri bəhanə gətirərək bu millətin min ildir ana damarını təşkil edən “Əhli-Sünnə vəl-Camaat” kimliyinə qarşı oynanan hiyləgər oyunlara fürsət verməmək lazımdır. İman fərasəti ilə hərəkət edib İslam düşmənlərinin bu planını da boşa çıxarmaq lazımdır.
Camaat və təriqətləri xətasını tənqid edib islah etmək yerinə, tamamilə rədd etməyə qalxmaq bu millətin mənəvi can damarlarından birini qoparmağa çalışmaqdır. Qafilanə və ya bədniyyətli bu hərəkət millət və mədəniyyətimizin əsrlərdən bəri üstündə dayandığı budağı kəsməkdən fərqlənmir. Bu da ancaq nəcib millətimizin düşmənlərini sevindirəcək haldır.
Xülasə, bir şeyin pis nümunələrini bəhanə gətirərək -yaxşılarını istisna etmə həssaslığı göstərmədən- tamamını rədd etmək həmin yanlışı işləyənlərin günahına ortaq olmaqdır.
Bu nöqtədə ediləcək iş sapla samanı ayırd etmək, doğru ilə yanlışı bir-birinə qarışdırmamaqdır. Məsələn, bəzi həkimlər peşələrindən sui-istifadə etdiyi üçün tibb elmi rədd edilməz. Bəzi hüquqçular peşələrini istismar etdikləri üçün hüquqdan vaz keçilməz. Həmçinin orduda özünə yer etmiş terrorçular olduğu üçün bütün ordunu ittiham etmək olmaz.
İslam tarixindən bir misal verməli olsaq, Həzrət Peyğəmbər r -ə ixlas və təqva ilə tikilən Quba Məscidində namaz qılması, bunun müqabilində münafiqlərin nifaq və fitnə təməlləri üzərinə inşa etdiyi Məscidi-Dirarı yıxması əmr edilmişdir.[1]
Zahirən baxanda bunların hər ikisi də məsciddir. Ancaq məsələnin iç üzünə baxanda aralarında məşriqlə məğrib, cənnətlə cəhənnəm qədər fərq var. Quba Məscidi mömin könülləri ilahi hüzurda birləşdirən mübarək bir məscid olduğu halda Dirar Məscidi münafiqlərin İslam ümməti arasında nifaq salmaq məqsədi ilə inşa etdiyi şər yuvasıdır.
Günümüzün mənzərəsini xülasə edən bu misaldan yola çıxaraq hadisələrə iman perspektivindən baxa bilən bir möminin vəzifəsi məscidlərə, camaatlara, təriqətlərə qarşı çıxmaq deyil, əksinə, bunlarla maskalanan fəsad yuvalarını fərasətlə ayırd edib onlarla mücadilə etməkdir. Əsli qoruyub saxta olanı kənarlaşdırmaqdır. Mənəvi dəyərləri bədniyyətlilərə yem etməməkdir. Əks təqdirdə “birəyə hirslənib yorğanı yandırmaq” deyə ifadə edilən yanlış qərarlarla “zərəri bir ikən min etmək” kimi həzin nəticələrə düçar olmaq qaçınılmazdır.
İMAM
Yenə əsli mənası ilə “imam” kəlməsi də başda peyğəmbərlərin, sonra da onların izindən gedərək toplumlara halı, sözü, davranışı ilə daima haqqı, xeyri və hidayət yolunu göstərən, onlara istiqamət verən öndərlərin vəsfini ifadə edir.
Bu mənada möminlərin ən böyük imamı Həzrət Peyğəmbər r -dir. Çünki O, bütün insanlıq üçün misilsiz bir örnək şəxsiyyətdir. Ona “İmamul-Hərameyn, İmamul-Ənbiya” deyilir.
Allah-Təala da:
وَاجْعَلْنَا لِلْمُتَّقِينَ اِمَامًا
“…Bizi təqva sahiblərinə imam/öndər qıl” (əl-Furqan, 74) ayeyi-kəriməsi ilə bizə həm təqva əhli olmağımızı, həm də təqvada imam olacaq / öndərlik edəcək bir İslam şəxsiyyəti sərgiləməmizi təlqin buyurur.
Əziz Mahmud Hüdayi həzrətləri də vəqf etdiyi məscidində imamlıq edəcək olanların اَصْلَحْ (çox saleh) və اَرْشَدْ (insanları irşad edəcək) olmasını vəsiyyət etmişdir.
Bu gün “imam” kəlməsinin də istismar olunması onun əsl mənasına kölgə düşürməməlidir.
CİHAD
Zəmanəmizdə ən çox təhrif edilən məfhumlardan biri olan “cihad” Allahın verdiyi hər bir imkanı Onun rizası yolunda sərf edərək İslamı könüllərdə ucaltmanın adıdır. Məsələn, təbliğ xidməti “böyük bir cihad”dır. Necə ki, Haqq-Təala belə buyurur:
“Əsla kafirlərə boyun əymə və bu (Quran) ilə onlara qarşı bütün gücünlə böyük bir cihad et!” (əl-Furqan, 52)
Ayeyi-kərimədəki bu “böyük cihad” əmrinin möminlərin müşriklərlə mücadilə edəcək maddi güclərinin olmadığı Məkkə dövründə gəlmiş olması cihadın ən mühüm mənalarından birini ortaya qoyur. O da Qurani-Kərimin yaşanaraq təbliğ edilməsidir.
Demək, cihad məfhumunu sadəcə silahlı mücadiləyə həsr etmək bu məfhumun mənasını təhrif etməkdir.
İslamda cihaddan məqsəd torpağı qanla sulamaq deyil, könüllərin fəthidir. Dinin yaşanacağı bir vətənin müdafiəsi, namusun qorunması, müqəddəsatın mühafizəsi üçün lazım gəldikdə candan fədakarlıq etmək də cihaddır. Lakin bunu Allah yolunda hər cür imkanla xidmət etmək demək olan “cihad”ın yeganə qarşılığı kimi təqdim etmək bu məfhumun möhtəvasını daraltmaqdır. Bu isə İslamı bir “müharibə dini” kimi göstərərək insanları ondan uzaqlaşdırmaq istəyənlərin arzusudur. Necə ki, zamanımızın ən böyük fitnələrindən biri olan “İslamofobiya” da belə bir zehni təxribatın əsəridir.
XİDMƏT
Əsli mahiyyəti ilə “xidmət” kəlməsi Allah rizası üçün işlənən hər bir əməli, ifa edilən hər bir müsbət fəaliyyəti ifadə edir. Çünki imanın ilk meyvəsi mərhəmət, onun ilk təzahürü də Yaradandan ötrü yaradılanlara şəfqətlə “xidmət”dir. Əlimizdəki hər bir neməti möhtaclarla paylaşaraq onların məhrumiyyətlərini təmin etməyə çalışmaqdır.
İslami bir xidmət görüntüsü altında nəfsin, şeytanın və batilin xidmətkarı olmaq isə əsla “xidmət” adlandırıla bilməz. Çünki ayeyi-kərimədə buyurulur:
“De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər”. (əl-Kəhf, 103-104)
Bir sözlə, Haqq-Təalanın razı qalmadığı bir yolda verilən əməklərə “xidmət” demək olmaz. Gerçək xidmət haqq bir yolda və Allah rizası üçün həyata keçirilən hər bir fəaliyyətdir.
HİMMƏT
Yenə əsli etibarı ilə “himmət” kəlməsi də “mənəvi yardım” deməkdir.
Himmət istəmək mənəvi dərəcəsi üstün olduğuna inanılan saleh kimsələrdən müşküllərin həlli və ya hər hansı bir muradın hasil olması üçün vəsilə olmalarını istəməkdir. Bu isə onların daha müstəcəb, yəni qəbula yaxın olan duaları ilə baş tutur.
Lakin unutmamaq lazımdır ki, hər xüsusda “tövfiq Allahdandır”. Bütün nemət və müvəffəqiyyətləri ehsan edən Allah-Təaladır. Saleh zatların himmətləri / duaları isə sadəcə bir vəsilədir. Onların duaları da Allah-Təalanın qəbuluna möhtacdır. Allah istəyərsə qəbul edər, istəməzsə etməz. Faili-Mütləq yalnız Haqq-Təaladır.
Saleh kimsələrin dualarından istifadə ilə mənəvi yardımlarını ifadə edən “himmət” məfhumu da günümüzdə -təəssüf ki- “maddi yardım” mənasına həsr edilmişdir. Üstəlik bu maddi yardımın bir növ “xərac” kimi zorla alınması isə “himmət” məfhumunun könüllərdəki müsbət mənasını ciddi mənada ləkələmişdir. İnsanları bu cür haqsız fədakarlıqlara məcbur etmək nə qədər yanlışdırsa, bunu “himmət” adı altında etmək daha ağır günahdır. Çünki haqsızlıqlara dini libas geydirmək könüllərin dinə-imana olan məhəbbət və bağlılığının zəifləməsinə səbəb olur.
İTAƏT, TƏSLİMİYYƏT, SƏDAQƏT
Bunu da əsla unutmamaq lazımdır ki, heç bir məşru qayəyə qeyri-məşru yolla gedilməz. Bu səbəblə ülvi bir qayəyə xidmət etmək iddiası ilə Allahın qadağalarını mübah sayanlara əsla itaət və təslimiyyət göstərilməməlidir. Çünki bu bir itaət deyil, üsyandır. İnsanların hərc-mərcliyinə, cəmiyyətin fitnə-fəsada düşməsinə səbəbdir.
Həzrət Peyğəmbər r belə buyurmuşdur:
“Müsəlman olan kəsin xoşuna gələn və gəlməyən hər xüsusda (idarəçisinə) qulaq asıb itaət etməsi lazımdır. Ancaq Allaha üsyana aparan bir şey əmr edilərsə, o başqa. Əgər ona Allaha üsyana sövq edəcək bir əmr verilərsə, ona qulaq asmaq və itaət etmək yoxdur”. (Müslim, İmarə 38)
Bunun üçün mömin hər xüsusda Quran və Sünnəni yeganə həqiqət ölçüsü bilməlidir. Tabe olduğu insanlardan gələn əmr, təlimat və təlqinləri də bu həqiqət işığında dəyərləndirməlidir. Nə olursa-olsun, daima haqqa uymalı, batildən uzaqlaşmalıdır. Bilməlidir ki, batilə itaət haqqa üsyandır. Quran və Sünnəyə müxalif bir əmrə itaət -əmr verən kim olur-olsun- İslama müxalif davranışdır. Əsas olan insanlar deyil, İslamın hüdudlarıdır.
Buna görə də peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olan Həzrət Əbu Bəkr t də xəlifə seçildiyi zaman verdiyi xütbədə belə buyurmuşdur:
“Ey insanlar! Aranızda ən saleh insan olmadığım halda başınıza xəlifə seçildim. Əgər vəzifəmi layiqincə yerinə yetirsəm, mənə yardım edin! Yanlış hərəkət etsəm, xəbərdarlıq edin!..
Allaha və Rəsuluna itaət etdiyim müddətdə mənə itaət edin! Əgər Allaha və Rəsulunun əmrlərinə riayətdə naqis hərəkət etsəm, mənə itaət etməyin…”[2]
Eyni həssaslığın bir bənzərini də Həzrət Ömər t da görürük. Hüzeyfə t belə nəql edir:
Bir gün Həzrət Ömərin yanına getmişdim. Evindəki bir kötüyün üstündə oturub qəmgin halda öz-özünə söylənirdi. Yaxınlaşıb dedim:
- Sizi kədərləndirən şey nədir, ey möminlərin əmiri!
Cavabında idarəçi olarkən yanlış bir iş görməkdən qorxduğunu ifadə etdi.
- Budur sizi kədərləndirən? Vallahi yanlış bir iş gördüyünüz zaman biz sizi düzəldərik, - dedim.
- Özündən başqa ilah olmayan Allah haqqı üçün söylə, yanlış bir hərəkətimi gördükdə həqiqətən məni düzəldərsinizmi? – deyə soruşdu.
- Özündən başqa ilah olmayan Allah haqqı üçün, sizdən yanlış bir hərəkət gördükdə mütləq düzəldərik, - cavabını verdim. Buna çox sevindi və:
- “Allaha həmd olsun ki, aranızda Muhamməd r–in əshabından səhvimi gördükdə məni düzəldəcək insanlar var etdi”, - dedi. (İbn Əbi Şeybə, Musannəf, VIII, 154)
Yenə Həzrət Ömər t eyni həssaslıqla belə demişdir:
“Ən çox sevdiyim insan, mənə ayıb və qüsurlarımı xəbər verən kəsdir”.
Deməli, peyğəmbərlərdən başqa heç kim hansı məqam və mövqedə olmasına baxmayaraq xəta və qüsurdan uzaq deyil. Nəticə etibarı ilə Allahın əmrinə uyğun olmayan bir xüsusda heç kimə itaət və təslimiyyət yoxdur.
Uca Rəbbimiz vətənimiz, millətimiz və ümməti-Muhamməd üzərində tələ qurmaq istəyənlərə fürsət verməsin. Maddi-mənəvi dəyərlərimizə sahib çıxma xüsusunda bizə və nəsillərimizə yüksək şüur, idrak, fərasət və bəsirət ehsan eyləsin.
Amin!..
ŞƏRHLƏR