BİR HƏDİS

BİR HƏDİS

عَنْ ابْنِ مَسْعُودٍ رَضِيَ اللهُ عَنْهُ قَالَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَنْ أَحْسَنَ فِي الْإِسْلَامِ لَمْ يُؤَاخَذْ بِمَا عَمِلَ فِي الْجَاهِلِيَّةِ ، وَمَنْ أَسَاءَ فِي الْإِسْلَامِ يُأْخَذُ بِالْأَوَّلِ وَالْآخِرِ

            Abdullah ibn Məsuddan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim İslamı qəbul etdikdən sonra gözəl əməllər işləyərsə, müsəlmanlıqdan öncə (cahiliyyə dövründə) etdiyi günahlardan dolayı hesaba çəkilməz. Hər kim də İslamı qəbul etdikdən sonra pis əməllər işləyərsə, o şəxs həm müsəlman olmadan öncə (cahiliyyə dövründə), həm də müsəlman olduqdan sonra etdiyi günahlardan dolayı hesaba çəkilər”. (Buxari, İstitabə, 1)

            Hədisi-şərif bir şəxsin Rəsulullahın (s.ə.s) yanına gələrək verdiyi: Ya Rəsulallah! Biz, cahiliyyə dövründə etdiyimiz günahlarımızdan dolayı hesaba çəkiləcəyikmi? – sualına cavab olaraq söylənmişdir. Rəsulullahın (s.ə.s) bu sualı soruşan o şəxsə verdiyi cavab diqqətəşayandır. Allah Rəsulu (s.ə.s) səmimiyyətlə qəbul edilən İslamın cahiliyyə dövründə edilən bütün günahların silinməsinə vəsilə olacağını buyurmuşdur. Yəni kafir biri müsəlman olsa və müsəlmanlıqda səbat etsə, kafir olduğu zaman etdiyi bütün günahları bağışlanar. Lakin İslamda səbat etməz və yenidən küfrə dönərək irtidad edərsə, o şəxs həm kafir olduğu zaman, həm də müsəlman olduqdan sonra etdiyi günahlar səbəbilə hesaba çəkilər. Qurani-Kərimdə bu hədisin mənasını təsdiqləyən bir ayədə Allah-Təala belə buyurur: “(Ey Muhamməd!) Kafir olanlara de ki, küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti onlar da gözləsinlər”. (əl-Ənfal 8/38)

            Hədis hər nə qədər əsri-səadətdə soruşulan bir suala cavab olaraq söylənmiş isə də, heç şübhə yoxdur ki, bu günümüzə də xitab edən yönləri vardır. Belə ki, bu gün yeni müsəlman olan şəxslər olduğu kimi, öz dinindən xəbərsiz müsəlmanlar da var. Müsəlman bir cəmiyyətdə doğulub yaşayan bir insan hər nə qədər müsəlman olduğunu iddia etsə də, İslamın bir çox əsaslarından uzaq olaraq, yəni bir mənada Cahiliyyə dövrünün yaşantısı kimi yaşayar və müəyyən bir müddət sonra İslamın hidayət nuru qəlbini aydınladaraq bu dinin gözəlliklərini hiss edib yaşamağa başlayarsa, bu hədis belə bir kimsəyə də yol göstərəcək mahiyyətdədir.

            Cahiliyyə dövründə edilən gözəl əməllər haqqında isə Allah Rəsulu (s.ə.s) belə bir sual soruşan kimsəyə bu cavabı vermişdir: “Sən keçmişdə etdiyin yaxşılıqlarla müsəlman oldun”. (Buxari, İtq, 12) Yəni, Cahiliyyə dövründə etdiyin yaxşılıqlar artıq sənin üçün savab olaraq yazılmışdır. Bu və bənzər hədislər İslamın bəşəriyyət üçün nə qədər ali bir din olduğunu göstərən ən gözəl örnəklərdəndir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz